Gülçöhrə Hüseyn qızı Məmmədova () — Azərbaycan memarı, memarlıq doktoru (1999), professor, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru (1999-cu ildən), Azərbaycan Respublikasının əməkdar memarı (2006). Azərbaycan Respublikası Milli Məclisinin deputatı (2000–2005)

Həyatı Gülçöhrə Məmmədova 23 aprel 1953-cü ildə Qərbi Azərbaycanın Vedi rayonunda anadan olmuşdur. 1971-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Politexnik İnstitutunun memarlıq fakültəsinə daxil olmuş və 1976-cı ildə yeni yaranmış Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun memarlıq fakültəsini bitirmişdir. 1975-ci ilin sentyabr ayında Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun komsomol komitəsinin katibi seçilmiş və 1979-cu ilə qədər həmin vəzifədə işləmişdir. 1979-cu ildə həmin institutun memarlıq konstitusiyaları və abidələrin bərpası kafedrasında assistent vəzifəsində işə başlamışdır. 1987-ci ildən həmin kafedranın baş müəllimi, 1991-ci ildə dosenti, 2000-ci ildə isə professoru vəzifəsinə seçilmişdir.

1999-cu ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru təyin edilmişdir.

Elmi fəaliyyəti əsasən Qafqaz Albaniyasının memarlığı və Azərbaycan ərazisində xristian dini memarlığının tədqiqi ilə bağlıdır. Bir çox abidələrin bərpa və elmi rekonstruksiya layihələrini işləmişdir.

1985-ci ildə "Qafqaz Albaniyasının erkən orta əsrlər xristian memarlığı" mövzusunda namizədlik dissertasiyasını, 1999-cu ildə "Qafqaz Albaniyasının dini memarlığı" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.

Bir çox beynəlxalq elmi konfransların təşkil olunmasının iştirakçısı olmuş və məruzələrlə çıxış etmiş, memarlıq abidələrinin bərpası ilə bağlı bir sıra beynəlxalq layihələrə rəhbərlik etmişdir.

2000–2005-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı olmuşdur.

1985-ci ildən Azərbaycan Memarlar İttifaqının üzvüdür. Beynəlxalq Elmlər Akademiyası Şərqi Avropa Bölməsinin və Şərq ölkələri Beynəlxalq Memarlıq Akademiyasının həqiqi üzvüdür. 21 aprel 2006-cı ildə ona "Azərbaycan Respublikasının əməkdar memarı" fəxri adı verilmiş, 11 aprel 2013-cü ildə "Şöhrət" ordeni, 14 iyun 2016-cı ildə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu", 12 dekabr 2025-ci ildə isə "Şərəf" ordeni ilə təltif edilmişdir.

Ailəlidir, iki övladı vardır.

İstinadlar

Xarici keçidlər Gülçöhrə Məmmədova "Akademik Palma" aldı Kateqoriya:Azərbaycanın qadın memarları Kateqoriya:Azərbaycanlı memarlar Kateqoriya:Azərbaycan memarlıq tarixçiləri Kateqoriya:Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvləri Kateqoriya:Azərbaycan Milli Məclisinin II çağırış deputatları Kateqoriya:Azərbaycan Respublikasının əməkdar memarları Kateqoriya:Azərbaycan Memarlıq və İnşaat Universitetinin professorları Kateqoriya:Azərbaycan Memarlıq və İnşaat Universitetinin müəllimləri Kateqoriya:Azərbaycan Milli Məclisinin IV çağırış deputatları Kateqoriya:Azərbaycanın qadın siyasətçiləri Kateqoriya:SSRİ memarları Kateqoriya:Texnika elmləri doktorları Kateqoriya:Memarlıq doktorları