"Elm" nəşriyyatı — Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti aparatının nəzdində fəaliyyət göstərən ixtisaslaşmış elmi nəşriyyatdır. Nəşriyyat əsasən elmin müxtəlif sahələrinə dair monoqrafiyalar, elmi məcmuələr, terminoloji, ikidilli və çoxdilli lüğətlər, klassiklərin çoxcildlik əsərləri, elmi-kütləvi nəşrlər, elmi jurnallar və biblioqrafik ədəbiyyatın nəşri ilə məşğuldur.
Tarixi Yaranması “Elm” nəşriyyatının əsası 1925-ci ildə qoyulmuşdur. Nəşriyyatın təşkili Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin (ATTC) fəaliyyəti ilə sıx bağlıdır. ATTC-nin 5 aprel 1924-cü il tarixli nizamnaməsində cəmiyyətin əsas məqsədlərindən biri elmi tədqiqat nəticələrinin nəşri və elmi mətbuat orqanlarının yaradılması kimi müəyyənləşdirilmişdi.
Bakıda keçiriləcək Birinci Türkoloji Qurultay ərəfəsində Azərbaycanşünaslığa dair çoxsaylı əsərlərin çapının planlaşdırılması redaksiya-nəşriyyat işlərinin vahid mərkəzdə cəmlənməsini zəruri etmişdir. Bu məqsədlə ATTC Mərkəzi Şurası Rəyasət Heyətinin 23 sentyabr 1925-ci il tarixli iclasında nəşriyyatın fəaliyyəti müzakirə edilmiş, rəhbərlik Redaksiya və Nəşr Şurasının sədri İosif Feodoroviç Blinov və elmi katib Bəkir Çobanzadəyə həvalə olunmuşdur.
4 noyabr 1925-ci il tarixli iclasda Nəşriyyat komissiyasının tərkibi təsdiqlənmiş və əlyazmaların “Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin xəbərləri” jurnalında dərc olunması qərara alınmışdır. Jurnalın ilk nömrəsi 1925-ci ildə rus dilində, 1928-ci ildən isə Azərbaycan dilində nəşr edilmişdir. Jurnalın fəaliyyətində Yusif Vəzir Çəmənzəminli, Hənəfi Zeynallı, Rəşid bəy Əfəndiyev, Əhməd Abid və digər tanınmış ziyalılar iştirak etmişlər.
Sovet dövrü 1929-cu il 29 oktyabr tarixli qərarla ATTC Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutuna (AzDETİ) çevrilmiş, nəşriyyat institutun balansına verilmişdir. 1932-ci ildə AzDETİ-nin bazasında SSRİ Elmlər Akademiyası Zaqafqaziya filialının Azərbaycan şöbəsi yaradılmış, 1935-ci ildə isə bu qurum SSRİ EA Azərbaycan Filialına çevrilmişdir.
1945-ci il 23 yanvar tarixli qərarla Azərbaycan Filialı Azərbaycan SSR Elmlər Akademiyasına çevrilmişdir. Akademiyanın yaradılması nəşriyyatın fəaliyyətinin genişlənməsinə mühüm təkan vermişdir. Müxtəlif illərdə nəşriyyata A.Q.Vəliyev, M.M.Məmmədli, L.N.Xasin, Ziya Bünyadov, Ə.R.Xanbabayev, F.M.Məlikov, Ə.N.Novruzova rəhbərlik etmişdir.
Müstəqillik dövrü Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən sonra nəşriyyat fəaliyyətini yeni ictimai-siyasi şəraitdə davam etdirmişdir. 1991-1997-ci illərdə nəşriyyata filologiya üzrə fəlsəfə doktoru Fikrət Süleymanoğlu, 1997–2013-cü illərdə filologiya elmləri doktoru Şirindil Alışanlı rəhbərlik etmişdir. Bu dövrdə müasir ofset sexi və kompüter mərkəzi yaradılmış, “Elm və həyat” jurnalı, “Elm” qəzeti və AMEA-nın elmi jurnallarının nəşri sistemli şəkildə həyata keçirilmişdir.
2000-ci ildə “Nəşriyyat işi haqqında Azərbaycan Respublikasının qanunu”nun qəbul edilməsi akademik nəşriyyat fəaliyyətinə müsbət təsir göstərmişdir. 2004-cü ildə Prezident İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncamına uyğun olaraq bir çox klassik əsərlərin latın qrafikası ilə yenidən nəşrində “Elm” nəşriyyatı fəal iştirak etmişdir.
Müasir dövr 2019-cu ildən nəşriyyatın direktoru filologiya üzrə fəlsəfə doktoru Səbuhi Qəhrəmanovdur. Həmin ildən etibarən nəşriyyat rebrendinq etmiş, yeni loqo və “Elm – tərəqqiyə aparan yol” şüarı müəyyənləşdirilmişdir.
2025-ci ilin sentyabrında nəşriyyatın yaradılmasının 100 illiyi qeyd olunacaqdır.
Həmin ildə “Elm” nəşriyyatının bazasında “İnformasiya, sənədləşdirmə, nəşriyyat və kitabxana işi” üzrə standartlaşdırma Texniki Komitəsi (AZSTAND/TK 52) yaradılmışdır.
Elmi jurnallar AMEA-nın “Elm” nəşriyyatında çap olunan elmi jurnallar
Jurnalın adı ISSN Təsis / nəşr ili Sahə Dövrilik Baş redaktor Dil(lər) Rəsmi saytSosial elmlər2710-08202019Sosial elmlərİldə 2 dəfəAkad. Nərgiz AxundovaAZANAS Transactions, Earth Sciences2218-87541958Yer elmləriİldə 2 dəfəAkad. Akif ƏlizadəENAzerbaijan Journal of Mathematics2218-68162011Riyaziyyatİldə 2 dəfəProf. Bilal BilalovENAMEA-nın Məruzələri0002-30781945Fundamental elmlərİldə 2–4 dəfəAkad. İsa HəbibbəyliAZ, RU, ENAMEA Naxçıvan Bölməsinin Elmi əsərləri2218-47832005Multidissiplinarİldə 4 dəfəAkad. İsmayıl HacıyevAZameanb.azAzerbaijan Chemical Journal0005-25311959Kimyaİldə 4 dəfəAkad. Dilqəm TağıyevENInformatics and Control Problems2664-20851997İnformatika, idarəetməİldə 2 dəfəM.ü. Ağası MəlikovENAMEA-nın xəbərləri. İqtisadiyyat seriyası2519-81301966İqtisadiyyatİldə 4 dəfəM.ü. Şahbaz MuradovAZ, RUAMEA Xəbərləri (FTR seriyası, fizika-astronomiya)2304-74531934Fizika, astronomiyaİldə 4 dəfəAkad. Arif HəşimovAZ, RU, ENSeismoprognosis observations in the territory of Azerbaijan2219-6641Seysmologiyaİldə 2 dəfəM.ü. Qurban YetirmişliENJournal of Life Sciences and Biomedicine2710-49151945Biologiya və tibbİldə 2–3 dəfəAkad. Əhliman ƏmiraslanovENFilologiya və sənətşünaslıq2663-43682019Humanitar elmlərİldə 2 dəfəProf. Sərxan XavəriAZTerminologiya məsələləri2663-89672007Terminologiyaİldə 2 dəfəAkad. İsa HəbibbəyliAZGənc tədqiqatçı2409-48382017Multidissiplinarİldə 2 dəfəElmir BabayevAZElm və Həyat2710-09441961Elmi-publisistikİldə 4 dəfəAkad. İsa HəbibbəyliAZ
Qeyd Cədvəldə yer alan jurnalların hamısı Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının tövsiyə etdiyi elmi nəşrlər siyahısına daxildir. Bir sıra jurnallar Scopus, ESCI, EBSCO kimi beynəlxalq bazalarda indeksləşdirilir.
Mühüm nəşrlər 2016–2018-ci illərdə nəşr olunan əsərlərin ümumi bölgüsü
Nəşr növü NümunələrElmi monoqrafiyalarAzərbaycan musiqi tarixi (III c.), Kimyada informasiya texnologiyaları, Dayaq-hərəkət orqanları şişləriSeçilmiş əsərlərA. X. Mirzəcanzadə, Tofiq Hacıyev, Möhsün NağısoyluLüğətlərİzahlı terminlər lüğəti, Dilçilik terminləri lüğətiBiblioqrafiyalarAkif Musayev, Muxtar İmanov, Əhliman ƏmiraslanovElmi-populyar əsərlərAstronomiyanın tarixi, Biologiyanın tarixi, Ləyaqətlə yaşanan ömür
“İnformasiya, sənədləşdirmə, nəşriyyat və kitabxana işi” standartlaşdırma üzrə Texniki Komitə “İnformasiya, sənədləşdirmə, nəşriyyat və kitabxana işi” standartlaşdırma üzrə Texniki Komitə (qısaca AZSTAND/TK 52) Azərbaycan Respublikasında informasiya, sənədləşdirmə, nəşriyyat, kitabxana və əlaqəli sahələr üzrə milli standartların hazırlanması və tətbiqi məqsədilə yaradılmış texniki komitədir.
Texniki komitə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən Azərbaycan Milli Elmlər Akademiyasının “Elm” nəşriyyatının bazasında təsis edilmişdir.
Rəhbərlik AZSTAND/TK 52-nin sədri “Elm” nəşriyyatının direktoru, filologiya üzrə fəlsəfə doktoru Səbuhi Qəhrəmanovdur. Komitə sədrinin müavini AMEA Rəyasət Heyəti Aparatının Elm və təhsil şöbəsinin müdiri, filologiya elmləri doktoru, AMEA-nın Redaksiya-Nəşriyyat Şurasının sədr müavini Sərxan Xavəri, məsul katibi isə sənətşünaslıq üzrə fəlsəfə doktoru Nəzmin Cəfərovadır.
Tərkibi Texniki komitənin tərkibinə respublikanın ali təhsil müəssisələrinin, elmi-tədqiqat institutlarının, nəşriyyatların, kitabxanaların, mətbuat orqanlarının nümayəndələri, eləcə də Azərbaycan Milli Elmlər Akademiyasının alim və mütəxəssisləri daxil edilmişdir. Komitənin fəaliyyəti dövlət, elmi və peşəkar qurumlar arasında koordinasiyanın gücləndirilməsinə xidmət edir.
İşçi qrupları AZSTAND/TK 52 çərçivəsində sahə üzrə ixtisaslaşmış işçi qrupları fəaliyyət göstərir. Bu qruplar beynəlxalq standartların öyrənilməsi, milli standart layihələrinin hazırlanması və metodoloji yanaşmaların formalaşdırılması ilə məşğul olur. Komitənin fəaliyyət planına uyğun olaraq aşağıdakı işçi qrupları yaradılmışdır:
Terminologiya üzrə İşçi Qrupu Kitabxana statistikası və fəaliyyət göstəriciləri üzrə İşçi Qrupu Muzeylərin fəaliyyət göstəriciləri və idarəetmə prinsipləri üzrə İşçi Qrupu
Fəaliyyət istiqamətləri Texniki komitənin əsas fəaliyyət istiqamətlərinə informasiya resurslarının idarə olunması, sənədləşdirmə proseslərinin standartlaşdırılması, nəşriyyat və kitabxana fəaliyyətinin normativ-metodoloji əsaslarının hazırlanması, eləcə də beynəlxalq standartların milli standartlaşdırma sisteminə uyğunlaşdırılması daxildir.
Beynəlxalq əməkdaşlıq “Elm” nəşriyyatı Istanbul Publishing Fellowship Program, European Association of Science Editors (EASE), COPE kimi beynəlxalq platformalarla əməkdaşlıq edir və beynəlxalq kitab sərgilərində AMEA-nı təmsil edir.
Sərgilər və mükafatlar Nəşriyyat müxtəlif illərdə Bakı Beynəlxalq Kitab Sərgisi, Türk Dünyası Ədəbiyyat və Kitab Festivallarında iştirak etmişdir. “Azərbaycan beynəlxalq münasibətlər sistemində 1648–1991” adlı nəşr MDB məkanında keçirilən “Kitab sənəti” müsabiqəsində I yerə layiq görülmüşdür.
Həmçinin bax Azərbaycan Milli Elmlər Akademiyası Elmi nəşriyyat Elmi jurnal
İstinadlar
Kateqoriya:Azərbaycan nəşriyyatları Kateqoriya:Azərbaycan kitab nəşriyyatları Kateqoriya:Azərbaycan Milli Elmlər Akademiyası