Enstatit – Mg2 [Si2O6] — rombik sinqoniya. Rast gəlmə tezliyi şkalası: hər yerdə rast gələn.
Növ müxtəliflikləri Bronzit – tərkibində 5–14 % FeO olan tuncu çalarlı enstatit; viktorit – meteorit enstatiti.
Xassələri Rəng – müxtəlif çalarlı yaşıl, bozumtul-ağ, boz, sarı, qonur; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – təzə kəsikdə şüşədən sədəfiyədək; Şəffaflıq – yarımşəffaf; Sıxlıq – 3,2–3,5; Sərtlik – 5–6; Kövrəkdir; Ayrılma – {210} üzrə ~ 88° bucaq altında orta; Sınıqlar – pilləli; Morfologiya – kristallar: prizmatik, bəzən lövhəvari; İkiləşmə: nadir hallarda {101} üzrə; Mineral aqreqatları: sıx, dənəvər.
Mənşəyi və yayılması Mg ilə zəngin olan ultraəsası süxurlar – peridotit, piroksenit, harsburqit və lertsolitlər üçün səciyyəvi olan tipik maqmatik mineraldır. Əsasi süxürların – qabbro və qabbro-noritin mühüm süxurəmələgətirən mineralıdır. Effuziv əmələgəlmələrin – bazaltların və andezitlərin adi mineralıdır. Peqmatitlərdə də tapılmışdır. Enstatitin kontakt-metasomatik əmələgəlmələri məlumdur. Meteoritlərdə də aşkar edilmişdir: daş meteoritlərin əsas minerallarından biridir. Birlikdə rast gəldiyi minerallar: olivin, diopsid, serpentin, apatit, xromit, qranat, spinel və b. Mineralın tapıldığı yerlər: dünyanın bir çox regionlarında geniş yayıl-mışdır: Telemarken (Norveç); Tili-Foster (ABŞ) və b. Azərbaycanda Kiçik Qafqazın serpentinitlərində, Konqur-Alangöz intruzivinin cənub-qərb hissəsinin kontakt oreolunda və b. məntəqələrdə qeyd edilir.
İstinadlar
Mənbə Azərbaycan mineralları. Bakı: Nafta-Press, 2004.
Xarici keçidlər
THE MINERAL ENSTATITE
Kateqoriya:İnosilikatlar Kateqoriya:Piroksenlər Kateqoriya:Maqneziumun mineralları Kateqoriya:Dəmirin (II) mineralları Kateqoriya:Süxurtörədən minerallar Kateqoriya:Rombik sinqoniya mineralları Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri