I Mariya və ya Mariya Tüdor () — İngiltərə və İrlandiya kraliçası. Atası VIII Henri dövründə başlayan dini reformasiya hərəkatının qarşısını almaq məqsədilə aldığı sərt tədbirlər və verdiyi ölüm hökmləri səbəbilə protestant düşmənləri tərəfindən "Qanlı Mariya" olaraq adlandırılmışdır.

Mariya Tüdor VIII Henrinin ilk xanımı Araqonlu Ketrindən doğulan yeganə övladı idi. 1547-ci ildə atasının ölümünün ardından ögey qardaşı VI Eduard (VIII Henri və Ceyn Seymurun oğlu) 9 yaşında taxta çıxdı. Ancaq çox keçmədən ölümcül xəstəliyə yaxalanan VI Eduard isə qatı katolik olan ögey bacısı Mariyanı vəliəhdlikdən çıxarmaq niyyətində idi. Səbəb isə bacısının və onun dini baxışlarının atası VIII Henri və özünün səltənəti dövründə baş tutan dini reformasiyaya qarşı olması idi. Hətta kralın vəfatının ardından saray əyanları gizli olaraq kralın uzaq qohumu olan (bibisi Fransa kraliçası Mariya Tüdorun nəvəsi) və saraya yaxınlığı ilə seçilən güclü protestant Ceyn Qreyi kraliça elan etdi. Ancaq 9 gün keçmədən Mariya ölkənin şərqində güclü bir ordu toplayaraq Londona hərəkət etdi və hakimiyyəti ələ aldı. Beləliklə, o, Ceyn Qrey və Kraliça Matildanın mübahisəli səltənətləri istisna olmaqla, İngiltərə tarixinin taxta çıxan ilk kraliçası oldu. 1554-cü ildə Mariya İspaniya vəliəhdi Filiplə evləndi və 2 il sonra ərinin İspaniya taxtına çıxmasıyla Habsburq İspaniyasının kraliçası elan edildi.

5 illik səltənəti boyunca 280-dən çox dini müxalifi çarmıxa çəkilərək yandırıldı. Onun 1558-ci ildə vəfatının ardından, İngiltərədə canlandırdığı katolik inancının, ögey bacısı və xələfi I Elizabet tərəfindən önü kəsildi.

Dünyaya gəlişi və ailəsi Mariya 18 fevral 1516-cı ildə Londonda Plasentiya sarayında dünyaya gəldi. İngiltərə kralı VIII Henrinin və onun ilk xanımı Araqonlu Ketrinin həyatda qalan yeganə övladı idi. Belə ki, anası Mariyanın dünyaya gəlişindən öncə dəfələrlə hamilə qalmış, ancaq bu uşaqlar ya ölü olaraq dünyaya gəlmiş, ya da bir neçə gün sonra vəfat etmişdi.Waller, p. 16; Whitelock, p. 9Loades, pp. 12–13; Weir, pp. 152–153

Mariya dünyaya gəldikdən 3 gün sonra Qrinviçdəki İtaətkar Rahiblər kilsəsində katolik inancına görə vəftiz edildi.Porter, p. 13; Waller, p. 16; Whitelock, p. 7 Onun xaç atası Lord Tomas Uolsey, xaç anası isə atasının xalası Yorklu Ketrin və Norfolk hersoginyası Agnes Hauerd oldu.Porter, pp. 13, 37; Waller, p. 17 Atasının bir müddət öncə sürgün edilən qohumu Marqarita Pol (onun babası ilə VIII Henrinin babası qardaş idi) isə Mariyanın dünyaya gəlişi səbəbilə bağışlandı və əvvəlcə körpənin himayədarı, 1520-ci ildə isə dayəsi olaraq sarayda yer aldı.Porter, p. 13; Waller, p. 17; Whitelock, p. 7Loades, p. 29; Porter, p. 16; Waller, p. 20; Whitelock, p. 21

Təhsili və ilk evlilik planları Mariya olduqca ağıllı bir uşaq idi.Whitelock, p. 27 Hətta 1520-ci ilin iyulunda təqribən 4–5 yaşlarındaki Mariya sarayda qəbul edilən Fransa elçilərinə pianoda möhtəşəm bir əsərlə çıxış etmişdi.Loades, pp. 19–20; Porter, p. 21 İlk təhsili anasının nəzarətində keçmişdi. 9 yaşı olanda artıq latın dilində oxuyub yazırdı.Porter, p. 28; Whitelock, p. 27 Fransız, ispan və yunan dilləri, musiqi və rəqs üzrə dərslər aldı.Loades, pp. 32, 43 Kral Henri isə qızına olduqca nəvazişli idi və Venesiya elçisi Sebastiyan Gustinianiyə "Bu qız heç vaxt ağlamaz" deyərək övladıyla öyünmüşdü.Domine Orator, per Deum immortalem, ista puella nunquam plorat, quoted in Whitelock, p. 17 O illərə aid portretlərində də göründüyü kimi, kağız qədər ağ üzü və qızılı saçları var idi. Bundan başqa atasından aldığı qırmızı yanaqları vardı.

Mariyaya olan sevgisinə baxmayaraq Kral Henri xanımı Araqonlu Ketrindən soyumuşdu. Ketrinin oğlan uşağı dünyaya gətirə bilməməsi əsas ayrılıq səbəbi olmuşdu.Tittler, p. 1 1525-ci ildə Kral Henri qızını Uels sərhəddinə göndərdi. Məqsəd isə həm balaca qızcığazı anasından ayırmaq, həm də Uels sərhəddində əmin-amanlığı təmin etmək idi. Ludlou qalasındakı malikanəsində yaşamağa başlayan balaca qızcığaz Uesl şahzadəsi ünvanı daşımasa da, onun bütün səlahiyyətlərini əlinə almışdı. Bölgədə qaldığı 3 il boyunca müntəzəm olaraq atasının sarayına gəlib-gedən Mariya 1528-ci ilin ortalarında London yaxınlığındakı şəxsi malikanəsinə qayıtdı.

left|thumb|Mariya, V Karlla nişanlı olduğu ərəfələrdə Mariyanın uşaqlıq illəri boyunca atası Kral Henri qızı üçün müxtəlif ər namizədləri axtarırdı. Hələ 2 yaşı olanda Fransa kralı I Fransuanın oğlu Fransisklə nişanlandırılsa da, 3 il sonra bu razılıq pozuldu.Porter, pp. 20–21; Waller, pp. 20–21; Whitelock, pp. 18–23 1522-ci ildə isə 6 yaşlı Mariya özündən 16 yaş böyük İspaniya kralı olan xalası oğlu V Karlla nişanlandırıldı.Loades, pp. 22–23; Porter, pp. 21–24; Waller, p. 21; Whitelock, p. 23 Ancaq bir neçə il sonra bu nişan da Kral Henrinin də razılığı ilə V Karl tərəfindən ləğv edildi. Digər tərəfdən Kral Henrinin baş məsləhətçisi kardinal Uolsey Fransa sarayıyla evlilik müzakirələri aparır, Kral Henri isə qızını İngiltərəylə ittifaqa daha yaxın görünən Kral Fransua ilə evlənməsini istəyirdi. Nəhayət, balaca qızcığazın Kral Fransua və ya onun oğlu Fransisklə evləndirilməsi ilə bağlı bir andlaşma bağlandı. Ancaq çox keçmədən kardinal Uolsey Fransa ilə nikahsız bir ittifaq qurmağa nail oldu.

Gənclik illəri Digər yandan Mariyanın ailəsi təhlükə altında idi. Vəliəhdi olmadığı üçün təəssüflənən və yenidən evlənmək istəyən Kral Henri Araqonlu Ketrindən ayrılmaq istəsə də, Papa VII Klement onun bu istəyini qəbul etmədi. Kral Henri İncildəki bəzi mətnlərə istinad edərək, Ketrinlə olan nikahının pak olmadığını, bunun səbəbinin isə Ketrinin, qardaşı Arturla olan ilk evliliyi olduğunu iddia etdi. Ketrin isə Uels şahzadəsi Şahzadə Arturla olan nikahının formal olduğunu və əsl amalına çatmadığı bildirdi. Belə ki, dövrün Roma papası II Yuli də bu nikahın ləğvi barədə qərar vermişdi. Papa VII Klementin bu etirazında tək məsələ katolik inancı deyildi. Çünki o illərdə, Roma şəhəri Ketrinin bacısı oğlu və qızının keçmiş nişanlısı olan V Karlın işğalı altında idi. Bəzi mənbələrə görə, papanın bu nikahın pozulmasına olan etirazlarının əsl səbəbi də bu idi.

1531-ci ildən etibarən Mariya saraydan uzaqlaşdırılan anasından ayrıldı və görüşmələri qadağan edildi. 1533-cü ilin əvvəllərində Kral Henri hamilə olan məşuqəsi Anna Boleynlə nikahlandı və həmin ilin may ayında Kanterburi yepiskopu Tomas Kranmer kralın Ketrinlə olan nikahını ləğv etdi. Kral Henri İngiltərə kilsəsinin rəhbəri elan etdi və Roma papasını etibarsızlaşdırdı. Kraliça ünvanı Ketrindən alındı və ilk evliliyi səbəbilə Ueslin dul şahzadəsi ünvanı aldı. Beləliklə, 17 yaşlı Mariya da kralın qeyri-qanuni övladı elan edildi. Şahzadə yerinə, "Leydi Mariya" olaraq adlandırıldı və bütün ünvanlarını yenicə dünyaya gələn bacısı Şahzadə Elizabetə təhvil verildi. Mariyanın bütün saray əhli və xidmətçiləri vəzifədən alındı və özü də 1533-cü ilin dekabrında yeni doğulan bacısı Elizabetin yaşadığı saraya gətirildi.

Gənc Mariyanın Anna Boleyni kraliça, qızını isə şahzadə olaraq qəbul etməməsi Kral Henrini daha da qəzəbləndirdi. Daim nəzarət və təzyiq altında yaşamaq onun səhhətini tamamilə korlamışdı və tez-tez xəstələnməinə səbəb olmuşdu. V Karlın İngiltərə sarayındakı elçisi Eustas Kapu gənc Mariyanın ən yaxın sirdaşı və atası ilə arasında vasitəçisi olmuşdu. Belə ki, artıq Kral Henri və sevimli qızı arasındakı münasibətlər pisləşmi, illərlə bir-birinin üzünü belə görməmişdilər. Hətta Ketrin ölüm yatağında ikən belə, yeganə qızıyla görüşməsinə icazə verilmədi. Ketrin 1536-cı ildə vəfat etdi və Mariya dəhşətli travmayla üzləşdi. Anasının cənazə mərasiminə gedə bilməyən Mariya uzun müddət özünü hər kəsdən təcrid etdi.

Sonrakı illər 1536-cı ildə Kraliça Anna Boleyn də kralın gözündən düşdü və çox keçmədən edam olundu. Mariya kimi, Elizabet də kralın qeyri-qanuni övladı elan edilərək bütün ünvanları əlindən alındı. Annanın edamından 2 həftə sonra Kral Henri Ceyn Seymurla evləni. Kralın üçüncü xanımı olan Ceyn gənc Mariya ilə atasının barışmağını istəyirdi. Kral Henri isə Mariyanın protestantlığı və valideynləri arasındakı evliliyin qeyri-qanuni olduğunu qəbul etməsi şərtilə barışacağını bildirdi. Gənc Mariya bu şərt qarşısında əvvəlcə çəkinsə də, daha sonra bütün bunları qəbul etməsi barədə bir sənədə imza çəkməyə məcbur oldu. Atası ilə uzlaşdıqdan sonra sarayda yerini alan Mariya əvvəlki saray əhli və xidmətçilərinə də qovuşdu. Keçmiş xidmətçilərindən Lord Husey isə ölkənin şimalında böyük bir üsyana qoşulmuş, kralın dini reformlarına qarşı çıxaraq Mariyanın yenidən qanuni vəliəhd olmasını tələb edirdilər. Ancaq üsyan çox keçmədən qəddarlıqla yatırıldı. Digər üsyançılarla birlikdə Lord Husey də edam edildi ancaq gənc Mariyanın bu işlə əlaqəsi heç vaxt sübut edilə bilmədi. Bir il sonra 1537-ci ildə kraliça Ceyn Seymur oğlu Eduardı dünyaya gətirərkən vəfat etdi. Mariya ögey qardaşının vəftiz anası oldu və kraliçanın cənazə mərasimində iştirak etdi.

1539-cu ilin sonlarında Bavariya hersoqu Filip onunla evlənmək istəsə də, hersoq lüteran idi və bu səbəblə onun təklifi qəbul edilmədi. Yenə həmin il kral naiblərindən Tomas Kromvel Klevez hersoqluğu ilə yeni bir razılıq imzaladı. Bu razılıq əsasında siyasi bir evlilik baş tutmalı idi. İlk növbədə gənc Mariyanın evləndirilməsi planlaşdırılsa da, sonda kral özünün dördüncü xanımı olan Klevezli Anna ilə evləndi. Kral 1539-cu ilin dekabrında planlaşdırılan toy mərasimindən bir neçə həftə öncə Annanı görmüş, ancaq 24 yaşlı bu gənc xanımı bəyənməmişdi. Diplomatik səbəblər və nikahın ləğv edilməsi üçün bəhanə olmadığından kral bu toydan boyun qaçıra bilmədi. Ancaq bu nikahın baş memarı olan Lord Kromvel gözdən düşdü və 1540-cı ilin iyun ayında krala xəyanətlə təqsirləndirilərək həbs olundu. Ona qarşı iddia olunan əsas müddəalardan biri isə gənc Mariya ilə evlənmək niyyəti idi. Bütün bu olanlardan sonra Anna kraldan ayrılmağa razılıq verdi və ardından Lord Kromvel edam olundu.

thumb|Mariya, 1544-cü il 1541-ci ildə Kral Henri Mariyanın keçmiş dayəsi və vəftiz anası olan Marqarita Polu, oğlunun qarışdığı bir katolik üsyanını bəhanə göstərərək edam etdirdi. Beşinci xanımı Ketrin Hauerdin edamının ardından 1542-ci ildə Kral Henri Mariyanı uzun illərdən sonra saraydakı milad şənliklərinə dəvət etdi. Növbəti il kral sonuncu xanımı Ketrin Parla evləndi və 1544-cü ildə qəbul etdiyi yeni vərasət sistemi ilə hər iki qızını da yeganə oğlu Eduarddan sonra taxt namizədliyinə gətirdi. Bunlara baxmayaraq anaları ilə evliliyin ləğv edilməsi səbəbilə hər ikisi tam olaraq kralın qanuni övladı hesab edilmədi.

VIII Henri 1547-ci ildə vəfat etdi və azyaşlı oğlu Eduard taxta çıxarıldı. Mariya Norfolk, Suffolk və Esseksdəki mülklərini geri aldı. Kralın hələ 9 yaşlı bir uşaq olması səbəbilə daha çox protestantlardan ibarət bir məclis dövlət idarəsini ələ aldı. Buna baxmayaraq Mariya katolik dininə sadiq qalır, öz kiçik kilsəsində dini ayinlərini yerinə yetirirdi. Digər yandan xalası oğlu və keçmiş nişanlısı V Karla dini azadlığının boğulması haqqında şikayətlər yazırdı.

VI Eduardın səltənət illərində Mariya demək olar ki, öz şəxsi malikanəsində yaşadı və nadir hallarda saraya gəlib gedirdi. Avropadakı dini qarşıdurmanın önünü almaq üçün Mariyanı İngiltərədən göndərmək planı isə 1550-ci ildə uğursuzluqla nəticələndi. Mariya və Eduard arasındakı dini fərqlilik artıq ölkə səviyyəsinə gəlmişdi. Kral qardaşı və bacısı Elizabetlə birlikdə qatıldığı milad şənliklərinin birində Mariya qardaşı ilə mübahisə etdi. Bir-birlərinin dini düşüncələrinə qarışan bacı-qardaş durmadan bir-birini kafirlikdə ittiham edirdi.

Səltənət illəri