Müslüm Maqomayev adına Azərbaycan Dövlət Musiqili Dram Teatrı () — Rusiya Federasiyasının Dağıstan Respublikasının Dərbənd şəhərində fəaliyyət göstərən teatr.
Tarixi 1880-ci illərin ortalarında Dərbənd şəhərində Azərbaycan ziyalılarının təşəbbüsü ilə həvəskar Azərbaycan dram dərnəyi yaradılmışdır. Bu dərnəyin iştirakçıları yalnız kişilərdən ibarət idi. Həvəskar aktyorlar şəhərin ictimai klubunun səhnəsində və kinoteatr zallarında çıxış edirdilər. 1904-cü ilin fevral ayında şəhər səlahiyyətli nümayəndələrinin iclas iştirakçıları Rusiya İmperiyası Daxili İşlər Nazirliyinə “Dərbənd türk (Azərbaycan) dram teatrının Nizamnaməsi”nin təsdiqi ilə bağlı müraciət etmişlər. 22 sentyabr 1904-cü ildə bu Nizamnamə təsdiq olunmuşdur. Teatrda xüsusi peşəkar təhsili olmayan şəxslər çıxış edirdi. 1910-cu ildə teatrın səhnəsində Üzeyir Hacıbəyovun “Leyli və Məcnun” operasının premyerası baş tutmuşdur.
1918-ci ildə Vətəndaş müharibəsi hadisələri ilə əlaqədar teatrın truppası dağılmışdır. 1920-ci ildə Sovet hakimiyyəti qurulduqdan sonra proletar gənclər klubunun bazasında Azərbaycan həvəskar teatrı yaradılmışdır. 1927-ci ildə teatra peşəkar status verilmiş və truppaya təmir olunmuş klub binası təqdim edilmişdir. Lakin açılışdan bir gecə əvvəl bina naməlum səbəblərdən baş verən yanğın nəticəsində tamamilə məhv olmuşdur.
1931-ci ildə yeni tikilmiş inşaatçılar klubunda teatrın açılışı baş tutmuş və Musiqili Komediya Teatrı kimi fəaliyyət göstərmişdir. Teatrın baş rejissoru aktyor İsmayıl Dağıstanlı olmuşdur.
1933–1949-cu illərdə teatrın rejissoru Dağıstan MSSR-in xalq artisti Müsaib Cüm-Cum olmuşdur. 1936-cı ildə teatr Dövlət Azərbaycan Musiqili-Dram Teatrı statusu almış, lakin 1949-cu ildə maliyyə çatışmazlığı səbəbindən bağlanmış və onun bazasında kolxozlararası teatr yaradılmışdır.
1967-ci ildə Dərbənd rayon Mədəniyyət Evinin nəzdində Azərbaycan xalq teatrı yaradılmış və ona Nasir Haşım oğlu rəhbərlik etmişdir. 27 aprel 1998-ci ildə teatr dövlət statusu almışdır. Teatra “Rodina” kinoteatrının binası verilmiş, lakin bina qəzalı vəziyyətdə olduğuna görə istifadəyə yararsız olmuşdur. Bu səbəbdən Azərbaycan teatrı fəaliyyətini Ləzgi Dram Teatrının bazasında davam etdirmişdir. Yeni bina tikintisi 2006-cı ildə dayandırılmışdır.
2021-ci ildə “Rodina” kinoteatrının yerində teatr üçün yeni binanın tikintisinə başlanılmış və tikinti qısa müddət ərzində tamamlanmışdır.
2026-cı il 26-27 mart tarixlərində Dərbənddəki Azərbaycan Dram Teatrı yenidənqurmadan sonra istifadəyə verilib. Layihə "Dərbənd şəhərinin kompleks ərazi inkişafı" dövlət proqramı çərçivəsində həyata keçirilib.
2026-cı ilin avqustunda Dağıstan rəhbəri yanında görkəmli şəxsiyyətlərin xatirəsinin əbədiləşdirilməsi üzrə komissiyanın qərarı ilə Dərbənddəki Azərbaycan Dövlət Musiqili Dram Teatrına SSRİ xalq artisti Müslüm Maqomayevin adı verilmişdir.
Repertuarı Azərbaycanın görkəmli mədəniyyət xadimlərindən Mirzə Fətəli Axundzadənin, Əbdürrəhim bəy Haqverdiyevin, Üzeyir bəy Hacıbəylinin, Cəfər Cabbarlının, Səməd Vurğunun və digər sənətkarların əsərlərinin teatrın səhnəsində işıq üzü görməsi ona müxtəlif regionlarda çoxsaylı pərəstişkarlar qazandırmışdır.
Binası Teatrın yerləşdiyi binada şəraitin qənaətbəxş olmadığını, təchizatın müasir tələblərə cavab vermədiyini nəzərə alaraq Azərbaycan Respublikası Prezidentinin 3 avqust 2015-ci il tarixli Sərəncamı ilə Azərbaycan Dövlət Dram Teatrının binasının yenidən qurulması və təchizatı məqsədi ilə 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə ilkin olaraq 5 milyon manat ayrılmışdır."Dərbənd şəhərində fəaliyyət göstərən Azərbaycan Dövlət Dram Teatrının binasının yenidən qurulması haqqında" Azərbaycan Respublikası Prezidentinin 3 avqust 2015-ci il tarixli Sərəncamı. president.az, 03.08.2015
İstinadlar
Xarici keçidlər Azərbaycan Dövlət Dram Teatrının "Facebook" səhifəsi Səda - “Ac həriflər” fərqli təqdimatda (09.06.2016) Dərbənd Azərbaycan Dövlət Dram Teatrı Ac həriflərlə tamaşaçıların qarşısına çıxıb (Kepez Tv)
Kateqoriya:1904-cü ildə yarananlar Kateqoriya:Dərbənd Kateqoriya:1904-cü ildə Rusiyada yarananlar