Quba üsyanı — 1810-cu ildə Rusiyanın işğalçılıq siyasətinə qarşı baş vermiş xalq üsyanı.

Bu üsyanın sonu tarixşünaslıqda 1810-cu ildə Quba xanlığının Rusiya ordusu tərəfindən ikinci dəfə işğal olunması kimi qiymətləndirilir.

Zəmin Quba ruslar tərəfindən işğal olunduqdan sonra, Şeyxəli xan əvvəlcə rus komandanlığı ilə münasibətləri yaxşılaşdırmaq üçün bəzi siyasi manevrlərə əl atsa da, ruslar ona inanmırdılar. Beləliklə, 1806-cı ildə Qubanın Rusiya tərəfindən işğalından sonra, Şeyxəli xan rus komandanlığına qarşı açıq mübarizəyə keçdi.

Hərbi əməliyyatlar

İlk illər: 1806-1808

Tabasaran, Şirvan və Qubada basqınlar 1806-cı ilin sonlarından başlayaraq Şeyxəli xan ruslara qarşı açıq şəkildə çıxış etməyə başladı. O, geniş hərbi əməliyyatlara və partizan müharibəsinə hazırlaşmaq məqsədilə xanlıq əhalisini dağlara köçürməyə çalışırdı. Şeyxəli xanın dağlara köçürməyi nəzərdə tutduğu dəstə yolda Qubalılardan ibarət əhali ilə birlikdə rus generalları Qlazenap və Lukaşovun qoşunları tərəfindən mühasirəyə alındı. Xan öz dəstəsini mühasirədən çıxara bilsə də, mülki əhali geri qayıtmağa məcbur oldu.

1806-cı ilin sonlarında Şeyxəli xanın bu çətin vəziyyətindən istifadə edən şamaxılı Mustafa xan Şeyxəli xandan intiqam almaq məqsədilə Şamaxıdakı rus qoşunlarının köməyi ilə Quba xanlığının ərazisini işğal etməyə başladı. Ağır vəziyyətə düşən Şeyxəli xan müvəqqəti olaraq kürəkəni Abdulla bəyin yanına, Tabasarana çəkildi.

1807-ci ildə Şeyxəli xan rus hakimiyyət orqanlarının hədələrinə baxmayaraq, xanlıq ərazisindən vergilər toplamaqda və əhalidən maddi yardım almaqda davam edirdi. Bu, rusların Qubaya nəzarətinin formal olduğunu göstərirdi.

Rusların təhriki ilə Şamaxılı Mustafa xan 1807-ci ildə Quba şəhərindən 17 verstlik məsafədə yerləşən mahallara qənimət basqınları edərək sakinləri öz xanlığına köçürmüşdü. Buna cavab olaraq, Şeyxəli xan da 1808-ci ildə Şamaxıya hücum edərək, oranın bəzi yerlərini talan etdi.

Qudyalçay döyüşü 1808-ci ilin oktyabrın 20-də Şeyxəli xanın iki dəstəsi müxtəlif yerlərdə Şamaxı və rus qoşunlarına qarşı hücumlar həyata keçirdi. Bu əməliyyatlarda xan xeyli sayda rus əsir götürməyə nail olsa da, bir neçə həftə sonra, noyabrın 24-də, Qudyalçaydan dörd verst aralıda yerləşən ərazidə Sevastopol alayının hissələri ilə baş tutan toqquşmada məğlub oldu.

Bu məğlubiyyət Şeyxəli xanı tərəfdarları ilə birlikdə dağlara çəkilməyə məcbur etdi. Hadisədən qəzəblənən şamaxılı Mustafa xan rus komandiri Tixonovski ilə birləşərək Qubaya doğru irəlilədi. Bu hadisənin ardınca bir sıra yerli bəylər, o cümlədən Məlik Hacı bəyin oğlu Məlik bəy, Şeyxəli xana xəyanət edərək rusların tərəfinə keçdi. Nəticədə, xan özünə sadiq qüvvələrlə Tabasarana getdi.

Xanlığın ləğvi və Şeyxəli xanın mübarizəsi: 1809-1810

Çarxı döyüşü 1809-cu ildə Şeyxəli xan Tabasaranda topladığı qoşunla Quba istiqamətində hərəkət edərək Şabran qalasının xarabalıqları yaxınlığında mövqe tutmuş, lakin rus qoşunları ilə toqquşmada Çarxı kəndi yaxınlığında məğlub olaraq yenidən Tabasarana çəkilmişdir.

Qubanın mühasirəsi 1810-cu ildə Quba əhalisi arasında ruslara qarşı olan münasibətin kəskinləşməsi fonunda kütləvi xalq üsyanı başladı. Üsyana şamaxılı Mustafa xanın nümayəndəsinin danışıqlar nəticəsində xanlığın Şeyxəli xana qaytarılmasını elan etməsi təkan verdi. Əhali ayağa qalxaraq Şeyxəli xanı Qubaya dəvət etdi. Şeyxəli xan yaranan əlverişli fürsətdən istifadə edərək, Quba şəhəri istisna olmaqla, xanlığın qalan ərazisində öz hakimiyyətini bərpa etdi. Həmin dövrdə Quba şəhərində yerləşən iki rus alayı üsyançılara qarşı çıxış etməyə cəsarət etmədi. Qüvvələrin bu cür səfərbərliyindən istifadə edən Şeyxəli xan rus hərbi qarnizonundan Quba şəhərini tərk etməyi tələb etdi. Rədd cavabı aldıqdan sonra isə Quba şəhərini mühasirəyə aldı.

Bu mühasirə rus komandanlığı üçün ciddi təhlükə yaratdı. Bakı komendantı general Repin Tormasova göndərdiyi məlumatda Quba şəhərinin təhlükə altında olmadığını qeyd etsə də, onu mühasirəyə alan üsyançıların şəhərlə hər cür əlaqəni kəsdiyini və orada yerləşən qoşunların yalnız avqust ayı üçün ərzaq ehtiyatına malik olduğunu bildirirdi. Bu, şəhərin uzun müddət mühasirəyə tab gətirə bilməyəcəyinin aydın göstəricisi idi. Mühasirə Quba və Dərbənd ətrafında vəziyyəti son dərəcə gərginləşdirmiş, rus komandanlığını qısa müddətdə böyük hərbi qüvvələri Qubaya cəlb etməyə məcbur etmişdi. Beləliklə, şəhərin mühasirəsi Şeyxəli xanın xalqın dəstəyi ilə hərbi-siyasi təzyiq yaratmaq cəhdinin kulminasiya nöqtəsi oldu.

Gilgilçay döyüşü 1810-cu ilin avqustunda xalqın döyüş yardımına arxalanan keçmiş Quba xanı Şeyxəli xan rus qoşun komandiri Leviçkini Gilgil çayı yaxınlığında məğlubiyyətə uğratdı, ona köməyə gələn general Repini də geri oturtdu. Rus generalı Şeyxəli xanı tutub gətirən və ya öldürən adama 1500 çervon "mükafat" verəcəyini bildirsə də, istəyinə nail olmadı. Çünki Şeyxəli xanın qələbələrindən ruhlanan Quba əyalətinin əhalisi üsyana qalxmışdı. Yerli bəylərin çoxunun Rusiya tabeliyindən çıxıb Şeyxəli xana qoşulduğunu baş komandanlıq özü də etiraf edirdi.

Quba üsyanının başlıca qüvvəsi silaha qurşanmış kəndlilər idi. Silahlı kəndli üsyanı Şeyxəli xanın başçılıq etdiyi müqavimət hərəkatının dayağına çevrilmişdi. Şirvanlı Mustafa xan da Qubadakı xalq üsyanına yardım göstərirdi.

Xınalıq istiqamətində manevr Quba üsyanı çar komandanlığını güzəştli yol tutmağa məcbur etdi. Rus komandanlığı üsyanın daha da genişlənməsindən qorxur, buna görə "Şeyxəli xanı Qubanın xanı kimi tanıyaraq, Qubanı ona mənsub olan ətraf kəndlər ilə (xanın) hakimliyinə verməyi və traktat ilə (Qarabağ, Şəki və Şirvanda olduğu kimi) onu Rusiya təbəəliyinə keçirməyi" təklif edirdi. Lakin çar hökuməti bu təklifə razılıq vermədi. Çar komandanlığı üsyanı yatırmaq üçün Gəncədən bir rota, Qarabağdan iki rota, Bakıdan bir rota rus piyadası, Şəkidən 1000 atlıdan və Şirvandan isə 100 atlıdan ibarət qoşun göndərdi. Baş komandan Quba üzərinə yürüşü polkovnik Lisaneviçə tapşırdı. O, belə işlər üzrə artıq bir sınanmış "mütəxəssis" kimi ad çıxarmışdı.

Rusiyanın xidmətində olan Cəfərqulu xanın tabeliyindəki Şəki süvari dəstələri və əlaqə qüvvələrinin Xınalıq mahalı ərazisindən keçməklə Şeyxəli xana arxadan zərbə endirmək məqsədilə həyata keçirdiyi hərbi manevr nəticəsiz qalmışdır. Eyni zamanda, Cahangir xan Şəqqaqi Xınalıq dağlarında müşahidə olunan intensiv qar örtüyü səbəbindən həmin istiqamətdən Quba istiqamətində irəliləmək imkanını itirmişdir. Abbasqulu ağa Bakıxanov hadisələri Gülüstani-İrəm əsərində belə təsvir edir:Hicri 1225-ci (=1810) ildə, il yarımdan artıq Təbərsəranda qalmış Şeyx Əli xan, əcdadı səfəvilər dovründən Şeyx Cüneyd türbəsinin mütəvəllisi olan həzrəli Xan Butay bəy Hacı Şərif bəy oğlunun təhrikilə gəlib Quba əhalisinin çoxunu özünə müttəfiq etdi, ölkəni almaq və qalanı mühasirə etməklə dörd ay məşğul oldu. O, əhalinin bir hissəsini Qrız kəndinə köçürüb, yeni bir şəhər salmışdı. Bu zaman polkovnik Lisaneviç rus qoşunu, Şəki və Şirvan atlıları ilə gəlib Şeyx Əli xanı Çiçi kəndi yaxınlığında məğlub edərək ölkədən çıxardı. Şeyx Əli xan yenə Aqquşaya gedib orada sakin oldu. Damadı Abdulla bəy də, Təbərsəranda qala bilməyib onunla birləşdi.

Çiçi döyüşü Çiçi kəndi yaxınlığında baş vermiş döyüşdə rus qoşunları daha böyük qüvvə toplayaraq Şeyxəli xanın qüvvələrinin irəliləyişini dayandırdılar. Polkovnik Lisaneviçin dəstəsi Şirvan və Nuxadan süvarilərlə gəldi və o, Quba mühasirəçilərini geri qovdu. Lisaneviç bütün qüvvələri ilə Çiçi kəndi yaxınlığında Şeyxəli xanı məğlub etdi və onu Yersiyə qədər təqib etdi və orada yenidən məğlub etdi. Bundan sonra Şeyxəli xan və Abdulla bəy Aquşa-Dargin icmasına sığındı. Bununla kampaniya faktiki olaraq zəifləməyə başladı.

Beşbarmaq döyüşü 1810-cu ilin sentyabrın 20-də Beşbarmaq dağı yaxınlığında növbəti ciddi toqquşma baş verdi. Burada 200 nəfərə yaxın üsyançı rus əsgərlərinə atəş açdı. Yarım saat davam edən bu atışmada hər iki tərəfdən itkilər qeydə alındı. Döyüşün əsas şiddəti isə sentyabrın 23-də müşahidə olundu. Bu tarixdə Şeyxəli xanın min nəfərə qədər döyüşçüsü rus dəstələrinə iki dəfə ağır zərbə endirsə də, yalnız topçu qüvvələrinin müdaxiləsi nəticəsində üsyançılar geri çəkilmək məcburiyyətində qaldılar. Bu döyüş üsyançıların döyüş ruhunu əks etdirsə də, onların silahlanma (xüsusən də artilleriya) baxımından ruslardan geri qaldığını göstərirdi.

Yersi döyüşü Üsyanı qəti şəkildə yatırmaq üçün general Tormasov tərəfindən polkovnik Lisaneviç təyin edildi. Lisaneviçin rəhbərliyi altında rus hərbi hissələri oktyabr ayında fəaliyyətə başladı. Oktyabrın 21-də Lisaneviç Qrız və Yuxarıbaş mahallarını üsyançılardan təmizlədiyini və Şeyxəli xanın Tabasarana, məhz Yersi kəndinə qaçdığını bildirdi.

Oktyabrın 25-də Lisaneviçin qoşunları Yersi kəndinə soxuldu və burada şiddətli, qanlı döyüş baş verdi. Rus mənbələri bu döyüşdə üsyançıların 100 nəfər itki verdiyini qeyd etsələr də, rus hərbçilərinin itkiləri haqqında məlumat verməkdən yayınırdılar. Lisaneviç altı gün kənddə qaldı; bu müddət ərzində kənd rus əsgərləri tərəfindən talan edildi. Yersi döyüşü, üsyanın yatırılmasında həlledici rol oynadı.

Xanlığın ləğvi Üsyanı yatıran ruslar əyalət şurasını ləğv edərək Quba xanlığının varlığına son qoydular. İşğalçı məram güdən İran qoşunu mənəvi baxımdan bu çıxışlara "müttəfiq" olacaq durumda deyildi.

Nəticəsi 1809-cu ilin yanvarında rus qoşunları Quba xanlığını rəsmən ləğv edərək onu əyalətə çevirdilər və idarəçiliyi II Mirzə Məhəmməd xanın başçılıq etdiyi dörd nüfuzlu bəydən ibarət idarə heyətinə tapşırdılar; elə həmin il yanvarın 11-də Qudoviç xanlıq mülklərinin Rusiya xəzinəsinin adına keçirilməsi barədə sərəncam verdi. Şeyxəli xan 1810-cu ildə rusları müvəqqəti olaraq Qubadan çıxarıb vilayəti dörd ay idarə etsə də, bu cəhd davamlı olmadı. 1810-cu ilin sonunda polkovnik Lisaneviçin əməliyyatları nəticəsində üsyan tam yatırıldı, Qrız və Yuxarıbaş mahalları üsyançılardan təmizləndi, Şeyxəli xan isə tərəfdarları ilə yenidən Tabasarana çəkildi. Üsyanda iştirak edən bəylər həbs olundu, general Tormasov günahkarların Sibirə sürgün edilməsini və mülklərinin ruslara xidmət edənlərə verilməsini əmr etdi; bundan sonra Qubada Tixonovskinin rəhbərliyi ilə üç bəydən ibarət divan təşkil edildi.

Quba üsyanının məğlubiyyəti şəhər əhalisinin demoqrafik vəziyyətinə mənfi təsir göstərmiş, əhalinin bir hissəsinin həlak olması və kütləvi köçlər nəticəsində sosial tərkib dəyişmiş, Quba bəyləri və maaflarının böyük əksəriyyətinin mühacirət etməsi isə xanlığın siyasi-idarəetmə və hərbi potensialının zəifləməsinə səbəb olmuşdur.

Müqavimət hərəkatı məğlubiyyətlə nəticələnsə də, 1811-ci ildə Şeyxəli xan müttəfiqlərinin və yerli əhalinin dəstəyi ilə xanlığın bərpasına yönəlmiş yeni bir cəhd göstərmişdir.

Mənbə

İstinadlar

Ədəbiyyat

Həmçinin bax Şeyxəli xanın Quba xanlığını bərpa cəhdi (1811)

Kateqoriya:Azərbaycanda üsyanlar Kateqoriya:Quba üsyanları Kateqoriya:1806-cı ildəki hadisələr Kateqoriya:1810-cu ildəki hadisələr Kateqoriya:1810-cu illərdə Azərbaycan Kateqoriya:Qafqaz tarixi Kateqoriya:Rusiyanın müharibələri