Hüseynqulu xan Qovanlı-Qacar və ya Hüseynqulu xan Sərdar (1742—1831) — azərbaycanlı sərkərdə, siyasi xadim, sonuncu İrəvan xanı. Qacarların Qovanlı tayfasına mənsub olmuşdur. Bəzən "Qəzvini" ləqəbindən istifadə etməsinə görə onun Qəzvində doğulduğu ehtimal edilir. Atası Məhəmməd xan Qacar məşhur sərkərdə olmuşdur.

Tarixi mənbələrdə Hüseynqulu xanın adı ilk dəfə Şirazda sarayın üzvü kimi xatırlanır, O, burada qullarağası kimi fəaliyyət göstərmişdir. Hüseynqulu xan Qacar hökmdarı Fətəli şahın etibarlı sərkərdələrindən olmuşdur. Fətəli şahın hakimiyyəti dövründə Qəzvin ilə Tehran arasındakı yolun mühafizəsinə rəhbərlik etmişdir. Sonra isə Xorasanın sərhəd qoşunlarının komandanı təyin edilmişdir.

Hüseyqnulu xanın Qacar şah sarayı ilə qohumluq əlaqələri də vardı. Belə ki, Fətəli şah Hüseynqulu xanın bacısı ilə evlənmişdir. Habelə, vəliəhd Abbas mirzənin qızı Hüseynqulu xanın oğlu Məhəmməd ilə evlənmişdir.

I Rusiya-Qacar müharibəsi zamanı Qacar sarayının etibarlı sərkərdələrindən olan, İrəvan xanı Əhməd xan Müqəddəmin ölümündən sonra 1806-cı ildə Fətəli şah İrəvana yeni xan kimi Hüseynqulu xanı təyin etdi.Elçin Qarayev.s.250. İvan Şopen bu haqda yazırdı: "…nəhayət şah sarayı İrəvana sərhəd qoşun başçılarından biri Hüseynqulu xan Qacarı ildə 600 tümən, eyni zamanda xərcləri üçün xanlığın vergisindən 6000 tümən məvacib verərək onu sərdar təyin etdi. Hüseynqulu xan özünün bacarığı və cəsurluğu ilə aşağı rütbədən bu vəzifəyə yüksəlmişdi".Шопен И. Исторический памятник состояния Армянской области в эпоху ее присоединения к Российской империи. s.167.

Hüseynqulu xanın İrəvana hakim təyin edildiyi dövrdə Cənubi Qafqazda siyasi vəziyyət gərgin idi. Qacarlar İranı və Rusiya arasında müharibələr davam edirdi. Müharibənin gedişatında 1808-ci ildə İrəvan xanılğı Qafqazdakı rus qoşunlarının baş komandanı İvan Qudoviçin hücumuna məruz qaldı. Hüseynqulu xan qalanı möhkəmləndirdi və həmçinin qarnizonun sayını artırdı.

1808-ci il noyabrın 17-si rus qoşunları İrəvan qalasına hücuma keçdilər. Lakin ruslar ciddi müqavimətinə rast gəldilər. Qala qarnizonu top atəşləri ilə rusları geri oturtdu. Qudoviç mühasirə və hücumdan əl çəkib, Tiflisə qayıtmaq haqqında əmr verdi.

1826-cı ilin iyununda ikinci Rusiya-Qacar müharibəsi başlandı. Müharibənin ilk illərində Abbas mirzə və Hüseynqulu xanın qüvvələri müvəffəqiyyət əldə etdilər. Əvvəlcədən hazırlanmış plana uyğun olaraq Hüseynqulu xan Pəmbək və Şörəyelə daxil oldu. Abbas mirzə isə Şəmkirə qədər irəlilədi. Lakin müharibənin sonrakı gedişində Qacar qoşunları ard-arda bir məğlubiyyətə uğradılar və Cənubi Azərbaycana çəkildilər. Bu səbəbdən İrəvan qoşunları qalaya doğru geri çəkilərək tutduqları əraziləri boşaltdılar.

1827-ci ildə rus qoşunlarının baş komandanı İvan Paskeviç İrəvana hücum haqqında əmr verdi. Rusların əvvəlki hücumlarından fərqli olaraq bu hücumda qaladağıdıcı toplardan da istifadə edilirdi. İlk növbədə rus qoşunları xanlıqda ikinci böyük qala olan Sərdərabad qalasına hücuma keçdilər. 1827-ci ilin senytabrın 18-də Sərdərabad qalası güclü top atəşinə məruz qaldı. Bombardman nəticəsində qalanın dördkünc qülləsi dağıldı. Aramsız bombardmana məruz qalan Sərdərabad qarnizonu sentyabrın 19-u isə təslim oldu.

Sərdərabad qalasının işğalından sonra Paskeviç İrəvan qalasına doğru hərəkətə başladı. İrəvanı mühasirəyə aldıqdan sonra sentyabrın 26-dan başlayaraq İrəvan qalası da qaladağıdıcı toplardan güclü atəşə tutuldu. İrəvan qalasının qarnizonu top atəşi ilə cavab versə də, təcrübəli topçuların olmaması səbəbindən heç bir nəticəsi olmadı. Rus qoşunu qalanın bombardmanını daha da gücləndirdi. Bombardman nəticəsində qalanın qapısının sıradan çıxması ilə rus qoşunu qalaya daxil ola bildi. Beləliklə, 1827-ci ilin oktyabrında İrəvan qalası ruslar tərəfindən işğal edildi. İrəvanın işğalından sonra Hüseynqulu xan Tehrana qayıtdı. Fətəli şah onu Xorasana hakim təyin etdi. 1831-ci ildə Hüseynqulu xan vəfat etdi.

Hüseynqulu xan dövründə İrəvan memarlığına Sərdar məscidi və Sərdərabad qalası kimi memarlıq abidələri daxil edilmişdi. İqtisadi cəhətən xanlıq Mehdiqulu xanın dövründən sonra sabitlik qazana bilmişdi. Həmçinin sarayın Güzgülü salonu bərpa edilmişdi. Güzgülü salona yeni rəsmlər və əlavə tikililər əlavə edilmişdi.

Xan tərəfindən inşasına əmr verilmiş Sərdarabad qalası, habelə xanın əsasını qoyduğu yeni mahalda, Sərdarabad mahalında tikilmişdir. Qalanın tikintisi 1815-ci ildə başa çatmışdı. Qalanın cənub hissəsində geniş bağ salınmışdı. Abbas mirzə məscidi isə Qacar şahzadəsi və vəliəhdi Abbas mirzənin şərəfinə adlandırılmışdı. Məscidin fasadı göy və yaşıl kaşılarla bəzədilmiş, mərkəzi hissəsi gözəl gümbəzlə örtülmüşdü.Chopin, Historical monuments of the Armenian oblast (Исторический памятник Армянской области), p. 867

İlk illəri Hüseynqulu xan 1742-ci ildə anadan olmuşdur. Güman edilir ki, o, Qəzvində anadan olmuşdur.Ənvər Çingizoğlu.s.24. Hüseynqulu xanın gəncliyi haqqında heç bir dəqiq məlumat yoxdur. O, Fətəli şah Qacarın yaxın adamı olmuş və onun hakimiyyətə gəlməsində böyük rol oynamışdı. Ağa Məhəmməd şah Qacarın sui-qəsdində iştirak etmiş əsas simalardan biri Sadıq xan Şəqaqiyə qarşı mübarizədə Fətəli şahın yanında olan Hüseynqulu xan, Sadıq xan Şəqaqinin məğlubiyyətində fəal iştirak etmişdi. Bu fəaliyyətinə görə, şahın yanında böyük hörməti qazanmış və hətta Fətəli şah onun bacısı ilə evlənmişdi.Elçin Qarayev.s.248–249.

1800–1802-ci illərdə Qəzvində paytaxta gedən yolun mühafizə dəstəsinin rəisi olmuş, şəxsi igidliyinə görə "Qəzvini" təxəllüsü almışdı. Bir müddət sonra isə Fətəli şahın əmri ilə Hüseynqulu xan Xorasanın sərhəd qoşunlarının komandanı təyin edilmişdi.Yaqub Mahmudov.s.30.

İrəvanda hakimiyyəti

Xan təyin edilməsi 1806-cı ilin avqustunda irəvanlılar əhali üzərinə ağır vergilər qoyan Mehdiqulu xana qarşı üsyan qaldırdılar. Həmin ilin avqustunda Mehdiqulu xan Qacarı Təbriz və Marağa xanı Əhməd xan əvəz etdi. Əhməd xan Təbrizdən çoxsaylı piyada və süvari qoşunla İrəvana gəldi və hakimiyyətdə Mehdiqulu xanı əvəz etdi. O, əhalinin rəğbətini qazansa da, cəmi üç aya yaxın hakimiyyətdə oldu. İrəvanda epidemiya baş qaldırdığı üçün xan ağır xəstələndi və dövlət işlərini lazımi şəkildə icra edə bilmədi. Əhməd xan Marağalı 1806-cı il oktyabrın 17-də vəfat etdi. Fətəli şahın tələbi ilə xanlıqdan uzaqlaşdırılan Məhəmməd xan Qacar yenidən İrəvan xanlığına geri qayıtsa da, hakimiyyətini davam etdirə bilmədi.

1806-cı ildə Fətəli şah Hüseynqulu xanı İrəvana yeni hakim təyin etdi. Hüseynqulu xan Qacara "sərdar" — yəni, Araz çayının sol sahilindəki bütün hərbi qüvvələrin sərkərdəsi titulunu verdi. İrəvan sərdarı təyin edilən Hüseynqulu xan Qacara vilayətin bütün hərbi və mülki hakimiyyəti verilməklə yanaşı, o, çoxsaylı süvari və piyada qoşunla da təmin edildi. Məhz buna görə də dövrün mənbələrində sonuncu İrəvan xanı Hüseynqulu xan Qacar "İrəvan sərdarı" kimi qeyd olunur.

Gülüstan müqaviləsinə qədər olan dövr

1806-cı dekabrında Osmanlı Rusiyaya müharibə elan etdi. Osmanlıların Rusiya ilə müharibəyə başlaması Qacarları da yeni hücumlara ruhlandırdı. Abbas mirzə Rusiyanın iki cəbhədə — həm Qacar və həm də Osmanlı ilə — çətinliklə müharibə apara biləcəyinə ümid bəsləyərək, on minlik qoşunla Qarabağ xanlığının ərazisinə hücuma keçdi.Fuad Əliyev, Urfan Həsənov.s.149–151 Həmçinin 1807-ci ilin mayın 4-də Qacarlar ilə Fransa arasında müqavilə imzalandı. Həmin müqavilənin şərtlərinə əsasən Fransa Qacar ərazisini qorumağı, Gürcüstanın Qacarlara tabe olmasına nail olmağı, habelə Gürcüstanı ruslardan "təmizləməyi" öhdəsinə götürdü. Fransa həmçinin Qacarları silahla təmin etməyə və qoşunu yenidən qurmağa söz verdi. Fransa–İran müqaviləsi bağlandıqdan sonra, 1807-ci ildə İrana Fransadan general Qardanın başçılığı altında bir dəstə mühəndis gəldi. Onlardan bir qismi şahın xahişi ilə İrəvana gələrək qalanın müdafiə qabiliyyətini möhkəmləndirməyə başladı.Əminə Pakrəvan.s.39. Bu barədə general Qudoviç yazırdı:

Rusiya Qacarlarla diplomatik əlaqələr yaratmağa çalışsa da bunun heç bir nəticəsi olmadı.Yaqub Mahmudov.s.205. Bu səbəbdən 1808-ci ilin sentyabrın əvvəllərində rus qoşunu İrəvan sərhəddinə doğru hərəkət edərək Pəmbəkdə düşərgə saldı. Bu xəbərdən yerli əhali bərk təşvişə düşdü. Xanlığın əksər bölgəsindəki əhali qalalara, dağlara və Araz çayının cənubuna çəkilirdi. Rusiya komandanlığı şah qoşunlarının diqqətini İrəvandan yayındırmaq üçün Naxçıvana da hücum planı hazırlamışdı. Bu planı Qarabağda Tərtər çayı sahilində dayanmış general Nebolsin icra etməli idi. Onun sərəncamında 78 zabit və 3062 əsgər vardı. Bu qoşuna Şəki hakimi Cəfərqulu xanın dəstəsi də qoşulmuşdu.Elçin Qarayev.s.177–178.

Hüseynqulu xan müəyyən müdafiə tədbirləri görə bilmişdi. O, İrəvanda hakimiyyətə gələn kimi, qalanın müdafiəsini gücləndirərək, Zəngiçaydan başlayan və qalanın ətrafını əhatə edən xəndəyi daha da dərinləşdirmiş və qala qarnizonunun tərkibini artırmışdı. Bundan əlavə Hüseynqulu xan öz əmlakının təhlükəsizliyinin də qayğısına qalmışdı. Xan mülkiyyətinin böyük və qiymətli hissəsini Xoya göndərmiş, az bir hissəsini arvadı ilə birlikdə İrəvanda saxlamışdı. Onun göstərişi ilə 600 nəfərlik İrəvan süvari dəstəsi Abaran düzündə, 15 nəfərdən ibarət süvari dəstə isə Sudakənd kəndində keşik çəkirdi. Hüseynqulu xan kəndlərə adamlar göndərərək silahlı qüvvə toplamağa başlamışdı. Əli silah tutan yerli əhali orduya cəlb olunurdu. Hüseynqulu xanın 6 min nəfərlik silahlı süvari dəstəsi vardı.Elçin Qarayev.s.178–179.

Rus qoşunlarının hərəkəti İrəvanın yeni sərdarı Hüseynqulu xanı narahat etdi. O, təcili surətdə dəstələri ilə Abarana gedib rus qoşunlarının qarşısını almağı qərara aldı. Lakin Əştərəkdə məğlub olan İrəvan xanı geri çəkildi. 1808-ci il sentyabrın 26-da baş verən toqquşma zamanı İrəvandan gələn döyüşçülər məğlub olub geri çəkildilər.Fuad Əliyev, Urfan Həsənov.s.154. Ertəsi günü şəxsən Qudoviçin başçılıq etdiyi rus qoşunlarının bir dəstəsi asanlıqla Üçkilsə monastırını işğal edərək, İrəvan yaxınlığındakı Qarabağ kəndində düşərgə salmağa müvəffəq oldu. Belə olduqda, sərdar Hüseynqulu xan qardaşı Həsən xanın komandası altında qalada iki minlik qarnizon qoyaraq, özü beş min döyüşçü ilə qaladan çıxdı və Heydər çay sahilində düşərgə saldı.

Artıq oktyabrın 3-də Qudoviçin rəhbərlik etdiyi rus qoşunları Zəngiçayı keçərək İrəvan qalasını mühasirəyə aldılar. Qudoviç şəhər əhalisindən və İrəvan qalasının komendantı Həsən xan Qacardan təslim olmağı tələb etdi. Qraf Qudoviç oktyabrın 4-də öncə İrəvan əhalisinə məktubla müraciət edərək onları könüllü olaraq rus qoşunlarına tabe olmağa çağırdı, özlərinin və əmlaklarının toxunulmazlığına söz verdi. Müqavimət göstərəcəkləri halda isə aman verilməyəcəyi ilə hədələdi.Yaqub Mahmudov.s.206.

Həmin vaxtdan etibarən Hüseynqulu xan bir neçə dəfə öz düşərgəsindən İrəvan istiqamətinə qoşun göndərərək düşmənin fikrini dağıtmağa və bundan istifadə edərək, qalaya daxil olmağa səy göstərdi. Lakin bundan xəbər tutan Qudoviç Hüseynqulu xanın planlarını pozdu. Onun podpolkovnik Podlustskinin başçılığı altında göndərdiyi döyüşçülərlə döyüşdə irəvanlılar məğlubiyyətə uğradılar.Fuad Əliyev, Urfan Həsənov.s.155.