Buzovna Cümə məscidi — Bakı şəhəri Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşən məscid və tarix-memarlıq abidəsi.
Məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.
Tarixi
İlk illər Buzovna Cümə məscidi Buzovna qəsəbəsində yerləşir. İnşasına 1896-cı ildə başlansa da 1900-cü ildə məscidinin tikintisi yarımçıq qalıb. 1918-ci ildə tikinti işlərinə yenidən başlansa da, tam yekunlaşmayıb.
Sovet işğalından sonra Azərbaycanda 1928-ci ildə rəsmi olaraq dinlə mübarizəyə başladılar. Bir çox məscid, kilsə və sinaqoqlar maarifləndirici istiqamətlərdə istifadə üçün klubların balansına verildi. Əgər 1917-ci ildə Azərbaycanda 3.000 məscid var idisə 1927-ci ildə bu rəqəm 1.700, 1928-ci ildə 1369, 1933-cü ildə isə 17 idi. Buzovna Cümə məscidi də bu dövrdə fəaliyyətini dayandırıb. Məscidin binasından anbar və dükan kimi istifadə olunub.
Müstəqillikdən sonra Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra məscid Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.
2007-ci ilin fevral ayında məscidin bərpasına başlanılıb. Bərpadan sonra 2009-cu il dekabrın 19-da məscidin açılışı baş tutub. Burada sahəsi 500 kvadratmetr olan məsciddən əlavə, köməkçi və inzibati binalar, kişilər və qadınlar üçün dəstəmazxanalar və minarə tikilib. Məscidin birinci mərtəbəsində kişilər, ikinci mərtəbədə isə qadınların ibadət etmələri üçün şərait yaradılıb.
Sahəsi 500 kvadratmetr olan məscid sal daşlardan inşa olunub, fasad ərəb əlifbası ilə yazılan daş kitabələrlə üzlənib. Məscidin hündürlüyü 28 metr, günbəzinin hündürlüyü isə 12 metrdir. Burada eyni vaxtda 500 nəfər namaz qıla bilər.
Məsciddə qeydiyyata alınmış dini icma fəaliyyət göstərir.
Mənbə
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Bakı məscidləri Kateqoriya:1896-cı ildə yarananlar Kateqoriya:Azərbaycanda qeydiyyata alınmış yerli əhəmiyyətli memarlıq abidələri Kateqoriya:1896-cı ildə tamamlanmış məscidlər Kateqoriya:Şiə məscidləri Kateqoriya:Bakının görməli yerləri