Sadıq Sadıqov () — "Neftçi" PFK-nın 6-cı prezidenti (2009–2015), "Neftçi" İdman Klubunun İdarə Heyətinin sədrinin müşaviri. Sadıq Sadıqovun prezident olduğu dövrdə "Neftçi" 3 dəfə Azərbaycan çempionu olub, iki dəfə ölkə kubokunu qazanıb.

Həyatı Sadıqov Sadıq Asəf oğlu 1965-ci ildə anadan olub. Azərbaycan Politexnik İnstitutunu bitirib. "Neftçi İdman Klubu" İctimai Birliyinin idarəetmə aparatının rəhbəri vəzifəsində çalışan Sadıq Sadıqov Azərbaycan Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Cüdo Federasiyasının vitse-prezidentidir. Onun müxtəlif illərdə İdman cəmiyyətləri və klublarına rəhbərlik etdiyi dövrlərdə idmançılarımız Olimpiya Oyunları, Dünya və Avropa çempionatlarında çoxlu sayda uğur qazanıblar. Sadıq Sadıqov idmandakı xidmətlərinə görə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən fəxri ad və medalla təltif olunub. 2008-ci ildə Azərbaycan Respublikasının "Əməkdar bədən tərbiyyəsi və idman xadimi" fəxri adına, 2011-ci ildə isə "Tərəqqi" medalına layiq görülüb. Sadıq Sadıqov 2009–2015-ci illərdə "Neftçi" Peşəkar Futbol Klubunun prezidenti vəzifəsini icra edib. Onun rəhbərliyi altında "Neftçi" 3 dəfə Azərbaycan çempionu olub və 2 dəfə ölkə kubokunu qazanıb. 2012-ci ildə "Neftçi" Azərbaycan futbolunun tarixində ilk dəfə olaraq Avropa Liqası kimi mötəbər turnirin qrup mərhələsində iştirak edib.

Ölümü 2026-cı il iyunun 5-də ürək tutması səbəbindən vəfat edib.

Buna baxmayaraq, Azərbaycan mətbuatında onun intihar etdiyi iddia olunmuşdur. Mətbuatda yayılan məlumatlara görə, hadisədən əvvəl onun peşəkar fəaliyyəti və şəxsi nüfuzu ilə bağlı yaşanan proseslər psixoloji durumuna mənfi təsir göstərmişdir. Hadisədən bir müddət əvvəl sosial şəbəkələrdə Sadıq Sadıqovun adı ətrafında müzakirələr başlamış, xaricdə yaşayan azərbaycanlı blogerlərdən biri tərəfindən ona aid olduğu iddia edilən səs yazıları və materiallar yayımlanmışdır. İddia olunan materiallarda Sadıqovun müxtəlif tanınmış şəxslər barəsində kompromat xarakterli məlumatların yayılması və bəzi şəxslərin tənqid olunmasının təşkil edilməsində iştirakı iddia edilmişdir.

Yayılan materialların ictimai rezonans doğurmasından sonra Sadıq Sadıqovun ciddi psixoloji gərginlik keçirdiyi, vəfatından bir neçə gün əvvəl "Neftçi" İdman Klubundakı işinə getmədiyi qeyd olunmuşdur. Müxtəlif media resursları onun son illərdə karyerasında yaşanan dəyişikliklərin və əvvəlki təsir imkanlarının zəifləməsinin də ümumi vəziyyətinə təsir göstərdiyini vurğulamışdır.

Hadisə fonunda yayılan iddialarla bağlı media resurslarına açıqlama verən vəkil Elvin Əliyev bildirmişdir ki, müasir dövrdə psixoloji və kiberzorakılıq halları intihara çatdırma cinayəti kontekstində hüquqi məsuliyyət yarada bilər. Vəkilin şərhinə görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci maddəsinə əsasən, təqsirkardan maddi, xidməti və ya digər cəhətlərdən asılı olan şəxsi amansız rəftar, ləyaqətinin mütəmadi alçaldılması, hədə-qorxu və ya digər qanunsuz hərəkətlər yolu ilə özünü öldürmə və ya özünü öldürməyə cəhd həddinə çatdırma cinayət məsuliyyəti formalaşdırır. Hüquqi ekspertizaya əsasən, bu növ əməlləri törətməkdə təqsirli bilinən şəxslər qanunvericiliyə uyğun olaraq 3 ildən 7 ildək müddətə azadlıqdan məhrum etmə cəzası ilə üzləşə bilərlər. Eyni zamanda, sosial şəbəkələrdə edilən təhqir, təhdid, şantaj və ya davamlı psixoloji təzyiqlər də müəyyən hallarda bu maddə ilə tövsif oluna bilər.

İstinadlar

Kateqoriya:Azərbaycan Texniki Universitetinin məzunları Kateqoriya:Neftçi PFK prezidentləri