Bəxtiyar Mahmud oğlu Vahabzadə () — Azərbaycan şairi, dramaturq və ədəbiyyatşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1945-ci ildən), Azərbaycan SSR xalq şairi (1984), filologiya elmləri doktoru (1964), professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü (2000), SSRİ (1984) və Azərbaycan SSR dövlət mükafatları laureatı (1976).

Həyatı Bəxtiyar Vahabzadə 16 avqust 1925-ci ildə Şəki şəhərində fəhlə ailəsində anadan olmuşdur. 1934-cü ildə, 9 yaşı olduğunda onun ailəsi Bakıya köçmüşdür. Burada orta məktəbi qurtarandan sonra Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində təhsil almışdır (1942–1947). Universitetin aspiranturasında saxlanmış, "Səməd Vurğunun lirikası" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir (1951). Bədii yaradıcılığa 1943-cü ildə "Ana və şəkil" adlı ilk şeirini çap etdirdikdən sonra başlamışdır. O zamandan dövri-qədim mətbuatda şeirləri, elmi məqalələri, rəyləri müntəzəm çap olunur. "Mənim dostlarım" adlı ilk kitabında toplanmış lirik şeirlərdə faşizmə qarşı mübarizədə qalib çıxmış xalqın duyğu və düşüncələri əksini tapmışdır.

Onun lirik şeir və poemalarında, mənzum pyeslərində müasir dövrün problemləri lirik-fəlsəfi planda, yeni əlvan boyalarla təsvir edilir. "İkinci səs", "Vicdan", "Yağışdan sonra", "Yollara iz düşür", "Fəryad", "Hara gedir bu dünya", "Özümüzü kəsən qılınc", "Cəzasız günah", "Dar ağacı" və "Rəqabət" (1960–2003) pyesləri Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tamaşaya qoyulmuşdur. Tənqidçi-ədəbiyyatşünas kimi də fəaliyyət göstərmişdir. "Səməd Vurğunun həyat və yaradıcılığı" mövzusunda doktorluq disertasiyası müdafiə etmişdir (1964). 1950-ci ildən etibarən Azərbaycan Dövlət Universitetində müəllim, dosent və Müasir Azərbaycan ədəbiyyatı kafedrasının professoru vəzifəsində çalışmışdır. 1990-cı ildə təqaüdə çıxmışdır.

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü (1980), sonra həqiqi üzvü (2000) seçilmişdir. 1981-ci ildə SSRİ Yazıçılarının VII qurultayında SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin üzvü seçilmişdir. O həmçinin Azərbaycan Yazıçılar İttifaqının İdarə Heyətinin və Ağsaqqallar Şurasının üzvü idi (1991). Azərbaycan KP Bakı Şəhər Komitəsinə üzv və bir neçə çağırış Bakı xalq deputatları Sovetinə və X, XI və XII çağırış Azərbaycan Ali Sovetinə (1991–1995-ci illərdə Azərbaycan Respublikası Ali Soveti Milli Şurası (Milli Məclisinin) üzvü), 1995 və 2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilmişdir.

Bəxtiyar Vahabzadə 1960-cı illərdən başlayan milli azadlıq hərəkatının öncüllərindən biri idi. O, 1958-ci ildə yazdığı "Gülüstan" poeması ilə iki yerə parçalanmış Azərbaycanın tarixi faciəsini dilə gətirmiş, rus və fars imperiyasının pəncəsi altında inləyən Azərbaycan xalqının azadlıq və istiqlal uğrundakı ədalətli mübarizəsinə qoşulmuşdur. Bu poemaya görə 1962-ci ildə şair "millətçi" damğası ilə Azərbaycan Dövlət Universitetindən çıxarılmış, yalnız 2 ildən sonra işə bərpa edilmişdir. (Zəruri qeyd: professor Şirməmməd Hüseynov Bəxtiyar Vahabzadənin işdən çıxarılmadığını bildirir: "Bəxtiyarı işdən çıxara bilməzdilər, çünki bu, ciddi ajiotaja səbəb ola bilərdi. Məcburən onu doktorluq müdafiəsi üçün elmi məzuniyyətə göndərdilər). Sovet rejimində milli varlığı tapdanan, hər cür məhrumiyyətlərə məruz qalan millətin dərdlərini rəmzlər və müxtəlif ədəbi üsullarla ifadə etmiş, irihəcmli poemaları və pyeslərində hadisələri ya tarixə, ya da başqa ölkələrə keçirərək öz millətinin dərdlərini dilə gətirmişdir. Birbaşa Sovet diktaturasını ifşa edən əsərlərini isə şair, sovet ittifaqı dağılandan sonra "Sandıqdan səslər" başlığı altında nəşr etdirmişdir.

B. Vahabzadə 70-dən artıq şeir kitabının, 2 monoqrafiyanın, 11 elmi publisist kitabın və yüzlərlə məqalənin, eləcə də tarixi və müasir mövzuda 20-dən artıq irihəcmli poemanın müəllifidir. Şairin əsərləri – şeir kitabları, dramları və publisistik yazıları dünyanın bir çox dillərinə, o cümlədən ingilis, fransız, alman, fars, türk, polyak, ispan, macar, keçmiş Sovetlər Birliyi xalqlarının dillərinə tərcümə edilmişdir.

Xalqı oyandırmaq məqsədilə əsərlərini qələmə alan Bəxtiyar Vahabzadə şeirlərində vətən, millət, ailə, təbiət, dil, azadlıq həsrəti kimi mövzuları ən güclü və dərin məzmunlarla izah etmişdir.

Bəxtiyar Vahabzadə sovet dövrünün sonlarında seçki sistemində də aşkarlıq və demokratiya prinsiplərinin inkişaf etdirilməsi tərəfdarı olduğunu qeyd etmişdir.

Vahabzadənin şeirlərinə baxdığımızda gözə dəyən ilk mövzu vətən sevgisi olmaqdadır.Erdem, KONUR,"Vatan Millet ve Anadili Şairi Vahapzade ", Edebiyat ve Sanat Akademisi

thumb|Bəxtiyar Vahabzadənin Fəxri Xiyabanda qəbirüstü abidəsi. 2013-cü il

2009-cu il fevral ayının 13-də, 83 yaşında uzun sürən xəstəlikdən sonra Bakıda vəfat etmişdir.

Ailəsi Xanımı Dilarə Vahabzadə filoloq, Azərbaycan dili və ədəbiyyatı müəllimi olmuşdur.

Qızı Gülzar Vahabzadə fizika-riyaziyyat elmləri namizədidir.

Oğlu İsfəndiyar Vahabzadə Azərbaycan Respublikasının Belarusdakı səlahiyyətli və fövqəladə səfiri işləmişdir.

Oğlu Azər Vahabzadə - polkovnik, Azərbaycan prokurorluğunda yüksək vəzifələrdə fəaliyyət göstərmişdir.

Bəxtiyar Vahabzadənin doğma atası Zəkəriyyə Vahab oğlu, anası isə türk-müsəlman qadını Xanım Məcid qızı olmuşdur. Onların üçüncü övladı olan Bəxtiyarı övladı olmayan Mahmud Zəkəriyyə oğlu Vahabov və həyat yoldaşı Gülzar Allahverdi qızı himayəyə götürmüşdür. Jurnalist Şirməmməd Hüseynovun iddiasına görə Gülzar xanım 1905-ci il erməni-müsəlman qırğınları zamanı Vartaşendən (sonralar Oğuz rayonunun Söyüdlü kəndi) Şəkiyə gətirilmiş, müsəlman mühitində böyümüş və sonradan Mahmudla ailə qurmuş udin əsilli qadın olmuşdur. Bu səbəbdən Bəxtiyar uşaqlıqdan Zəkəriyyəni babası, Xanımı nənəsi, Gülzar xanımı isə anası kimi tanımışdır.

Təltif və mükafatları "Azərbaycan SSR xalq şairi" fəxri adı — 26 noyabr 1984 "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 13 sentyabr 1974 SSRİ Dövlət mükafatı — 1 noyabr 1984 ("Bir gəminin yolçusuyuq" şeirlər kitabına görə) Azərbaycan SSR Dövlət mükafatı — 27 aprel 1976 ("Leninlə söhbət" və "Muğam" poemalarına görə) "Oktyabr inqilabı" ordeni — 16 noyabr 1984 "Qırmızı əmək bayrağı" ordeni — 20 avqust 1975 "Əməkdə fərqlənməyə görə" medalı — 9 iyun 1959 "Əmək veteranı" medalı "İstiqlal" ordeni — 15 aprel 1995 "Ləyaqət" ordeninin komandor dərəcəsi (Rumıniya) — 21 dekabr 2001 M. F. Axundov adına ədəbi mükafat (Azərbaycan Yazıçılar İttifaqı) — 11 yanvar 1989 ("Axı dünya fırlanır" poema və şeirlər kitabına (1987) görə) Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 11 iyun 2002

Xatirəsi Azərbaycanda

Bakı, Şəki, Qobustan və Ağcabədi şəhərlərinin mərkəzi küçələrindən biri Bəxtiyar Vahabzadənin adını daşıyır.

Bakı, Sumqayıt, Şəki və Yevlax şəhərlərində Bəxtiyar Vahabzadənin adını daşıyan parklar salınmışdır.

Bəxtiyar Vahabzadənin Bakı şəhərinin Fəxri xiyabanında yerləşən məzarı üzərinə onun abidəsi ucaldılmışdır.

Bəxtiyar Vahabzadənin Şəki şəhərində adını daşıyan parkda onun büstü qoyulmuşdur.

Göyçay şəhərində yerləşən "Əbədiyaşar Ədiblər" Kompleksində Bəxtiyar Vahabzadənin büstü qoyulmuşdur.

31 avqust 2018-ci ildə Şəki şəhərində Bəxtiyar Vahabzadənin ev-muzeyinin açılışı olub.

21 fevral 2025-ci ildə Azərbaycan Respublikası Prezidenti Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb. 2025-ci ilin oktyabrında İstanbulun Sarıyer rayonunda Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadənin barelyefinin açılış mərasimi keçirilib. Abidənin açılışında Azərbaycanın İstanbuldakı baş konsulluğunun, Türkiyədə fəaliyyət göstərən dövlət qurumlarının və bələdiyyənin nümayəndələri iştirak ediblər. Barelyefin müəllifi Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı Natiq Əliyevdir.

Xaricdə

Türkiyənin Adana şəhərində Sosial Elmlər Liseyi, Elazığ şəhərində bir mərkəzi küçə və Konya şəhərində bir park Bəxtiyar Vahabzadənin adını daşıyır.

Serbiyanın Belqrad şəhərində mərkəzi küçələrdən biri Bəxtiyar Vahabzadənin adını daşıyır.

Əsərləri

Filmoqrafiya

İstinadlar

Xarici keçidlər

Şəxslər namizəd katoloqu Bəxtiyar Vahabzadə vəfat edib Bəxtiyar Vahabzadənin Azadlıq radiosuna verdiyi müsahibə (audio) Bəxtiyar Vahabzadə: "İşğal altında olan torpaqlarımıza getmək arzum yoxdur, mən oraları görüb dözə bilmərəm Səda — Bəxtiyar Vahabzadənin doğum günüdür Bəxtiyar Vahabzadə haqqında sənədli film Bəxtiyar Vahabzadənin anım günüdür

Kateqoriya:Azərbaycan şairləri Kateqoriya:Azərbaycanlı şairlər Kateqoriya:SSRİ şairləri Kateqoriya:Azərbaycan SSR xalq şairləri Kateqoriya:Azərbaycan ədəbiyyatşünasları Kateqoriya:Azərbaycanlı ədəbiyyatşünaslar Kateqoriya:Azərbaycan ssenaristləri Kateqoriya:Filologiya elmləri doktorları Kateqoriya:AMEA-nın həqiqi üzvləri Kateqoriya:Azərbaycan SSR əməkdar incəsənət xadimləri Kateqoriya:Azərbaycan Yazıçılar Birliyinin üzvləri Kateqoriya:Azərbaycan Milli Məclisinin I çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin II çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin X çağırış deputatları Kateqoriya:Azərbaycan Xalq Cəbhəsi üzvləri Kateqoriya:Bakı Şəhər Xalq Deputatları Sovetinin deputatları Kateqoriya:XX əsr Azərbaycan şairləri Kateqoriya:Azərbaycan dramaturqları Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri Kateqoriya:Sov.İKP-nin XIX konfransının nümayəndələri Kateqoriya:Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimləri Kateqoriya:Azərbaycan filoloqları Kateqoriya:Bakı Dövlət Universitetinin müəllimləri Kateqoriya:Azərbaycan dilində yazan şairlər Kateqoriya:Türkçülər Kateqoriya:XXI əsr Azərbaycan şairləri