Qaradağ Sement Zavodu — Azərbaycanda Qaradağ rayonunda yerləşən əsasən sement istehsal edən böyük zavoddur. Zavodun tikintisinə SSRİ Nazirlər Sovetinin qərarı ilə 1949-cu ildə başlanıb və zavod tezliklə iki fırlanan soba ilə istifadəyə verilib. Keçmiş Sovet İttifaqı ərazisində kütləvi şəkildə aparılan tikinti işlərinin sementlə təmin olunmasında Qaradağ Sement Zavodunun əvəzedilməz rolu olub. Sovet İttifaqında sementə olan tələbatın artması nəticəsində 1957–1964-cü illərdə daha 3 fırlanan soba istifadəyə verilib ki, bu da istehsal həcminin əhəmiyyətli artımına səbəb olub.
1980-ci illərdə azərbaycanlı şair və ictimai xadim Bəxtiyar Vahabzadə "Gəlin açıq danışaq…" adlı məqaləsində respublikanın sənaye mərkəzlərində ətraf mühitin çirklənməsi problemini diqqətə çatdırmışdır. O, sənaye tullantılarının atmosferi zəhərləməsi faktına toxunaraq Qaradağ sement zavodunu misal çəkmişdir. Təxmini hesablamalara və dövrün statistik göstəricilərinə istinadən qeyd olunmuşdur ki, sözügedən müəssisənin istehsalat sobalarından atmosferə ildə təqribən 100 min ton sement tozu atılmışdır. Vahabzadə zavodların fəaliyyəti nəticəsində yaranan bu növ kütləvi çirklənmə hallarına və onun insan sağlamlığına vurduğu zərərə qarşı cəmiyyətdəki və aidiyyəti qurumlardakı sükunəti, laqeyd münasibəti kəskin tənqid etmişdir.
(1996–2000)-ci illərdə zavodun rəhbəri Ağamməd Zalov olmuşdur. İstehsal gücünə görə Qafqaz ölkələri arasında ən iri müəssisə hesab olunan Qaradağ Sement Zavodu sovet ölkələri arasında tamponaj sementin istehsal olunduğu ilk müəssisədir. Zavodda yüksəkixtisaslı mütəxəssislərin işlə təmin olunması nəticəsində yetmişinci illərdə istehsal həcmi 1.500.000 tona olmuşdur, lakin Sovet İttifaqının dağılması zavodun istehsal prosesinə ciddi mənfi zərər vurdu. Minimal istehsal zavodun İsveçrənin Holsim şirkəti tərəfindən özəlləşdirilməsinə qədər davam etdi.
1999-cu ildə Qaradağ Sement Zavodu özəlləşdirildi və zavodun adı dəyişdirilərək "Qaradağ Sement" ASC elan olundu. Sentyabr ayının 25-də isə müəssisənin səhmlərinin əksər hissəsi Holsim şirkəti tərəfindən satın alındı. İstehsalın artırılmasına Holsim şirkətinin ciddi münasibəti istehsal həcminin müvafiq olaraq 2003-cü ildə 900.000 tona, 2004-cü il üçün isə 1.140.000 tona çatmasına səbəb oldu. 2005-ci il üçün istehsal hədəfi 1.300.000 ton olaraq müəyyən olunmuşdur. Hal-hazırda "Qaradağ Sement" ASC-də 4 fırlanan soba vasitəsilə sement istehsal olunur. Zavodun yerli sement istehsalı bazarında payı 35–40%-dir.
2012-ci ildə "Qaradağ Sement" ASC-nin adı dəyişdirilərək "Holcim" (Azerbaijan) ASC adlandırılıb. Onun əsas səhmdarı İsveçrənin "Holcim" şirkətidir. Səhmlərin ayrı-ayrılıqda 10%-i Avropa Yenidənqurma və İnkişaf Bankına və Azərbaycan İnvestisiya Şirkətinə, 10,6%-i özəl səhmdarlara məxsusdur.
İstinadlar
Xarici keçidlər Zavodun Veb saytı
Kateqoriya:Azərbaycan zavodları Kateqoriya:Sement Kateqoriya:Qaradağ rayonu