İbrahim Zakir və ya İbrahim Purəzim () — azərbaycanlı şair, fədai, Azərbaycan Yazıçılar İttifaqının üzvü.

Məşrutə, Xiyabani və "21 Azər" hərəkatlarında iştirak edib. Yazdığı şeirlərə və siyasi fəaliyyətinə görə təqib olunub və bir neçə dəfə həbs olunaraq sürgün edilib. Tudə partiyasının və Azərbaycan Demokrat Firqəsinin üzvü olub.

"21 Azər" hərəkatında fədai başçısı kimi iştirak edib. Azərbaycan Milli Hökuməti dövründə "Azərbaycan şair və ədiblər cəmiyyəti"nin üzvü, Ərdəbil şəhərində Birləşmiş Həmkərlar Təşkilatının sədr müavini, ADF Ərdəbil şəhər partiya təşkilatının təbliğat komitəsinin müdiri olub. Milli-demokratik hərəkatda iştirak etdiyi üçün "21 Azər" medalı ilə təltif olunub.

Azərbaycan Milli Hökuməti dağıldıqdan sonra Azərbaycan SSR-yə mühacirət edib. Bakıda nəşr olunan "Azərbaycan jurnalı" və "Kommunist qəzeti" ilə əməkdaşlıq edib. Azərbaycan Demokrat Firqəsinin Mərkəzi Komitəsinin rəsmi mətbuat orqanı olan "Azərbaycan" qəzetinin redaksiyasında fəaliyyət göstərib. Azərbaycan Yazıçılar İttifaqına üzv olub.

Həyatı

İlk illəri İbrahim Əzim oğlu Purəzim 1891-ci ildə Ərdəbil mahalında Şeyx Kəlxoran kəndində anadan olub. 8 yaşında ikən atasını itirib və əmilərinin himayəsində böyüyüb. 1900–1909-cu illərdə ruhani məktəbdə təhsil alıb.

Məşrutə hərəkatında iştirak edib. Yazdığı şeirlərlə hərəkata və onun iştirakçılarına dəstək verib. Yaradıcılığında "Molla Nəsrəddin" jurnalından, Mirzə Ələkbər Sabir və Mirzə Əli Möcüzdən təsirlənib. Özünə "Zakir" təxəllüsü götürüb. Məşrutə hərəkatına dəstək verdiyi üçün təqiblərə məruz qalıb. Bir müddət fərqli kəndlərdə gizlənib. 1916-cı ildə "Mənə nə", "Ara həkimləri" adlı satirik şerləri ilə mətbuatda çıxış edib. 1920-ci ildə Xiyabani hərəkatında iştirak edib.

Rza Pəhləvi hakimiyyətə gəldikdən sonra onun hakimiyyətinə qarşı şeirlər yazıb. Bundan sonra da təqiblərə məruz qalıb. Həbs olunub və Ərdəbildən Gilana sürgün edilib. Gilanda olduğu müddətdə də yaradıcılığına və siyasi fəaliyyətinə davam edib. Bundan sonra əvvəlcə Rəştə sonra isə Sari şəhərinə sürgün edilib. "Fəryad edirəm", "Novruz bayramı" adlı şeirləri Rəştdə yayımlanan qəzetlərdə çap olunub.

Bir müddət Çar Rusiyasında yaşayıb. 1934-cü ildə İrana geri qayıdıb. 1941-ci ildə Rza Pəhləvi taxtından imtina edərək İrandan qaçdıqdan sonra İbrahim Zakir Sari şəhərindən Ərdəbilə geri qayıdıb. 1942-ci ildə Tudə partiyasına üzv olub və Ərdəbildə Ziddi-faşist təşkilatının yaradılmasında iştirak edib. Cəmiyyətin nəşr etdirdiyi "Ziddi-faşist" vərəqəsində şeirləri çap olunub.

1945-ci ilin yanvar ayında Azərbaycan Şairlər Məclisinə 1945-ci ilin sentyabr ayında isə Azərbaycan Demokrat Firqəsinə üzv olub. "21 Azər" hərəkatında Ərdəbil fədailərindən ibarət dəstələrdən birinə başçılıq edib. 1945-ci il dekabrın 12-də Azərbaycan Milli Hökuməti qurulub. 1946-cı ildə "Şairlər Məclisi"nin əsasında yaradılmış "Azərbaycan şair və ədiblər cəmiyyəti"nin üzvü olub. Ərdəbil şəhərində Birləşmiş Həmkərlar Təşkilatının sədr müavini, ADF Ərdəbil şəhər partiya təşkilatının təbliğat komitəsinin müdiri olub. Milli-demokratik hərəkatda iştirak etdiyi üçün "21 Azər" medalı ilə təltif olunub.

1946-cı il dekabrın 11-də Azərbaycan Əyalət Əncüməni qan tökülməsinin qarşısını almaq məqsədilə Qızılbaş Xalq Qoşunlarının və fədai qüvvələrinin, şah qoşunlarına qarşı müqavimət göstərməmələri və döyüş meydanlarını tərk etmələri haqda qərar verib. Elə həmin gündən etibarən İran ordusu iri şəhərlərə girməzdən əvvəl bu şəhərlərdə ərbabların quldur dəstələri eləcə də mülki geyimli jandarmalar qırğınlar törətməyə başladılar. Bu dəstələr Tehran radiosu tərəfindən "İran vətənpərvərləri" adlandırılırdılar. Dəstələrin əsas məqsədi demokratların məhv edilməsi və şah qoşununun şəhərlərə girişini təmin etmək idi. Təbriz və Azərbaycanın digər şəhərləri talana və qırğınlara məruz qaldılar. Azərbaycan Milli Hökuməti süqut etdi. 1946-cı il dekabrın 14-də ABŞ və Böyük Britaniya tərəfindən dəstəklənən İran ordusu Təbrizə daxil oldu. Bundan sonra da qırğınlar və talan dayanmadı. Minlərlə insan həbs olundu, sürgün edildi. Baş verən qırğınlarda ADF üzvləri, fədailər eləcə də tanınan şairlərdən Əli Fitrət, Sədi Yüzbəndi, Cəfər Kaşif və Məhəmmədbağır Niknam qətlə yetirildilər.

Sonrakı illəri Azərbaycan Milli Hökuməti dağıldıqdan sonra İbrahim Zakir Azərbaycan SSR-yə mühacirət edib. Azərbaycan Milli Hökuməti dövründə Təbrizdə fəaliyyət göstərən "Azərbaycan şair və ədiblər cəmiyyəti" 1947-ci ildən etibarən Bakıda, "Azərbaycan Yazıçılar Cəmiyyəti" adı ilə fəaliyyət göstərməyə başlayıb. İbrahim Zakir də bu cəmiyyətin üzvü olub. Bakıda nəşr olunan "Azərbaycan jurnalı" və "Kommunist qəzeti" ilə əməkdaşlıq edib. 1948–1958-ci illərdə Azərbaycan Demokrat Firqəsinin Mərkəzi Komitəsinin rəsmi mətbuat orqanı olan "Azərbaycan" qəzetinin redaksiyasında fəaliyyət göstərib.

1958-ci il oktyabrın 14-də Azərbaycan Yazıçılar İttifaqına üzv olub. Müxtəlif illərdə "Mənim andım" (1950), "Zəfər günəşi" (1951), "Mübariz gənclər" (1955), "Şerlər"(1956), "Savalan xatirəsi" (1961), "Vətən nəğmələri" (1964) və "Məni susdurmayacaq" (1967) adlı kitabları Bakıda nəşr olunub.

1971-ci il oktyabrın 27-də Bakı şəhərində vəfat edib və Bakıda dəfn olunub.

Mənbə

İstinadlar

Ədəbiyyat

Xarici keçidlər

Kitabları İbrahim Zakir — Mənim andım, Azərnəşr, Bakı, 1950-ci il. İbrahim Zakir — Zəfər günəşi, Uşaqgəncnəşr, Bakı, 1951-ci il. İbrahim Zakir — Mübariz gənclər, Azərnəşr, Bakı, 1955-ci il. İbrahim Zakir — Şeirlər, Azərnəşr, Bakı, 1956-cı il. İbrahim Zakir — Savalan xatirələri, Azərnəşr, Bakı, 1961-ci il. İbrahim Zakir — Vətən nəğmələri, Azərnəşr, Bakı, 1964-cü il.

Kateqoriya:Azərbaycan şairləri Kateqoriya:Azərbaycanlı şairlər Kateqoriya:İran şairləri Kateqoriya:Cənubi Azərbaycan ədəbiyyatı Kateqoriya:Ərdəbildə doğulanlar Kateqoriya:Bakıda vəfat edənlər Kateqoriya:Azərbaycan Demokrat Firqəsinin üzvləri