Azərbaycan 2012 Yay Olimpiya Oyunlarında — 2012-ci ilin 27 iyul–12 avqust tarixlərində Birləşmiş Krallığın London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında. Azərbaycan Milli Olimpiya Komandası London Olimpiadasında 53 idmançı ilə 15 idman növündə təmsil olundu.
Azərbaycan Milli Olimpiya Komandası London Olimpiadasını 9 medalla (2 qızıl, 2 gümüş və 5 bürünc) başa vurdu. Komandanın heyətində sərbəst güləşçilər Toğrul Əsgərov və Şərif Şərifov final görüşlərində qələbə qazanaraq London Olimpiadasının qalibi oldu. Yunan-roma güləşçisi Rövşən Bayramov və qadın güləşçi Mariya Stadnik olimpiadanın həlledici görüşlərində məğlub olaraq gümüş medala sahib oldu. Yunan-roma güləşçisi Emin Əhmədov, qadın güləşçi Yuliya Ratkeviç və sərbəst güləşçi Xetaq Qazyumov, həmçinin boksçular Teymur Məmmədov və Məhəmmədrəsul Məcidov isə London Olimpiadasını bürünc medalla başa vurdu.
London Olimpiadasında 2 qızıl, 2 gümüş və 5 bürünc medala sahib olan Azərbaycan Milli Olimpiya Komandası medalların əyarına görə 30-cu pillədə, medalların sayına görə isə 27-ci pillədə qərarlaşdı.
Azərbaycan Prezidenti İlham Əliyevin 3 iyul 2012-ci il tarixli Sərəncamına əsasən XXX Yay Olimpiya Oyunlarında medal qazanan Azərbaycan idmançıları və onların məşqçiləri üçün pul mükafatının müəyyən edildi. Sərəncama əsasən Olimpiya Oyunlarında qızıl medal qazanan idmançıya 400 min Azərbaycan manatı (onun məşqçisinə 200 min manat), gümüş medal qazanan idmançıya 200 min manat (onun məşqçisinə 100 min manat), bürünc medal qazanan idmançıya 100 min manat (onun məşqçisinə 50 min manat) məbləğində pul mükafatı müəyyən edildi. Həmçinin olimpiadadan sonra 6 nəfər "Şöhrət" ordeni, 13 nəfər "Tərəqqi" medalı, 3 nəfər isə Azərbaycan Prezidentinin fəxri diplomu ilə təltif edildi.
2012-ci il London Olimpiadası Azərbaycanın Olimpiya Oyunları tarixində ən uğurlu nəticə göstərdiyi turnir olaraq tarixə düşdü. Komanda medalların əyarına görə bundan əvvəl 1996–2008-ci illərdə, həmçinin növbəti 2016–2020-ci illərdə qatıldığı Olimpiya Oyunlarında göstərdiyi nəticələri arxada qoydu.
Medalçıların siyahısı Azərbaycan Milli Olimpiya Komandası XXX Yay Olimpiya Oyunlarını 9 medalla (2 qızıl, 2 gümüş və 5 bürünc) başa vurdu.
Sərbəst güləşçilər Toğrul Əsgərov və Şərif Şərifov final görüşlərində qələbə qazanaraq Olimpiya Oyunlarının qalibi oldular. Yunan-roma güləşçisi Rövşən Bayramov və qadın güləşçi Mariya Stadnik isə həlledici görüşlərdə məğlub olaraq London Olimpiadasını gümüş medalla başa vurdular. Yunan-roma güləşçisi Emin Əhmədov, qadın güləşçi Yuliya Ratkeviç və sərbəst güləşçi Xetaq Qazyumov, həmçinin boksçular Teymur Məmmədov və Məhəmmədrəsul Məcidov isə London Olimpiadasını bürünc medalla başa vurdu.
Azərbaycan Olimpiya Oyunlarında sonuncu dəfə 2 qızıl medala 12 il əvvəl — Sidney Olimpiadasında sahib olmuşdu. Qızıl medala sahib olan sərbəst güləşçi Toğrul Əsgərov Azərbaycanın Olimpiya Oyunları tarixində olimpiya çempionu olmağı bacaran ən gənc idmançı olaraq tarixə düşdü. Gümüş medala sahib olan yunan-roma güləşçisi Rövşən Bayramov isə ardıcıl olaraq olimpiadaların final görüşlərində məğlub olan birinci azərbaycanlı idmançı oldu. Həmçinin dörd il əvvəl bürünc medala sahib olan qadın güləşçi Mariya Stadnik bu səfər gümüş medala sahib olmaqla stend atıcısı Zemfira Meftahətdinovadan sonra 2 dəfə Olimpiya Oyunlarının medalına sahib olmağı bacaran birinci azərbaycanlı qadın idmançı oldu.
MedalMedalçıİdman növüYarışTarix25x25pxToğrul ƏsgərovGüləşSərbəst güləş, 60 kq.11 avqust25x25pxŞərif ŞərifovGüləşSərbəst güləş, 84 kq.11 avqust25x25pxRövşən BayramovGüləşYunan-roma güləşi, 54 kq.5 avqust25x25pxMariya StadnikGüləşQadın güləşi, 48 kq.8 avqust25x25pxEmin ƏhmədovGüləşYunan-roma güləşi, 74 kq.5 avqust25x25pxYuliya RatkeviçGüləşQadın güləşi, 55 kq.9 avqust25x25pxTeymur MəmmədovBoksKişilər, −91 kq.10 avqust25x25pxMəhəmmədrəsul MəcidovBoksKişilər, −91 kq.10 avqust25x25pxXetaq QazyumovGüləşSərbəst güləş, 96 kq.12 avqust
İdman növləri üzrə medal sıralanması #İdman növü18x18px18x18px18x18px1.Güləş2232.Boks002
Komandanın yolasalma mərasimi thumb|408x408px|alt=|Azərbaycan Prezidenti İlham Əliyev XXX Yay Olimpiya Oyunlarında mübarizə aparacaq Azərbaycan Milli Olimpiya Komandasının üzvlərinin yolasalma mərasimi zamanı 2012-ci il iyulun 3-də XXX Yay Olimpiya Oyunlarında mübarizə aparacaq Azərbaycan Milli Olimpiya Komandasının rəsmi yolasalma mərasimi baş tutdu. Heydər Əliyev Mərkəzində baş tutan mərasimə Azərbaycan Prezidenti İlham Əliyev, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, gənclər və idman naziri Azad Rəhimov qatıldı.
Mərasimin əvvəlində Azərbaycanın Dövlət himni səsləndirildi. Sonra dövlət başçısı İlham Əliyev nitqlə çıxış etdi. İlham Əliyev idmançılara qələbələr və uğurlar arzuladı.
Daha sonra gənclər və idman naziri Azad Rəhimov nitqlə çıxış etdi və Azərbaycanın son dörd Olimpiya Oyunlarında qazandığı nəticələr barədə qısa məlumat verdi.
Ardınca isə sərbəst güləş üzrə Azərbaycan yığmasının məşqçisi Firdovsi Umudov çıxış etdi və idmançılara yaradılan şəraitə görə Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidentinə minnətdarlığını bildirdi.
Daha sonra Azərbaycan Milli Paralimpiya Komandasının üzvü Hüseyn Həsənov çıxış etdi və son illərdə Azərbaycanın Paralimpiya Oyunlarında ciddi uğurlar qazandığını bildirdi və London Olimpiadasında da uğur qazanacaqlarına söz verdi.
Tədbirin sonunda isə Azərbaycan Milli Olimpiya Komandasının üzvü Vətən Hüseynli idmançılar adından olimpiya andının mətnini oxudu. Vətən Hüseynli Azərbaycanın bayrağının qaldırılması, dövlət himnimizin səsləndirilməsi naminə sona qədər əzmlə mübarizə aparacağımıza and içdi. Sonda idmançılar Azərbaycanın dövlət bayrağını öpdülər.
Komandanın heyəti Azərbaycan XXX Yay Olimpiya Oyunlarında 15 idman növü üzrə 53 idmançı ilə təmsil olundu. Bu Azərbaycanın Olimpiya Oyunlarında idmançı sayının artım tempinin davamı idi — Azərbaycanı 1996-cı il Atlanta Olimpiadasında 23 idmançı, 2000-ci il Sidney Olimpiadasında 31 idmançı, 2004-cü il Afina Olimpiadasında 37 idmançı, 2008-ci il Pekin Olimpiadasında isə 44 idmançı təmsil eləmişdi.
Komandanın heyətində 53 idmançıdan 14 nəfəri qadın idi. Dörd il əvvəl baş tutan olimpiadada Azərbaycanı 14 qadın idmançı təmsil eləmişdi.
Azərbaycan Olimpiya Oyunlarında birinci dəfə akademik avarçəkmə, idman gimnastikası, kanoe sprint və şose velosipedi turnirlərində təmsil olundu. Həmçinin Azərbaycan 2004-cü il Afina Olimpiadasından sonra növbəti dəfə qılıncoynatma turnirində də təmsil olundu.
Komandanın heyətində 53 idmançıdan 35 nəfəri Olimpiya Oyunlarının debütantı idi. Olimpiada təcrübəsi olan 18 idmançıdan 6 nəfəri isə bundan əvvəl turnirdə medallara da sahib olmuşdu — son olimpiadanın qalibi Elnur Məmmədli (cüdo), gümüş medalçıları Rövşən Bayramov (yunan-roma güləşi), bürünc medalçıları Mariya Stadnik (qadın güləşi), Xetaq Qazyumov (sərbəst güləş), həmçinin Afina Olimpiadasının bürünc medalçısı İradə Aşumova (güllə atıcılığı), habelə Afina Olimpiadasının Bolqarıstan bayrağı altında gümüş medala sahib olan Veliçko Çolakov (ağır atlet).
Komandanın ən yaşı üzvü 54 yaşlı güllə atıcısı İradə Aşumova, ən gənc üzvü isə 17 yaşlı taekvondoçu Fəridə Əzizova idi.
XXX Yay Olimpiya Oyunlarının açılış mərasimində Azərbaycan Milli Olimpiya Komandasının bayrağdarı 2008-ci olimpiadasının qalibi olan cüdoçu Elnur Məmmədli oldu. Bağlanış mərasimində isə Azərbaycan bayrağını olimpiadanı qızıl medalla başa vuran sərbəst güləşi Toğrul Əsgərov apardı. Azərbaycan Milli Olimpiya Komandasının heyəti
Nəticələri
Ağır atletika
DNS — mübarizə aparmadı DNF — bitirmədi DSQ — uzaqlaşdırıldı
London Olimpiadasında ağır atletlərin idman növü üzrə turnirlər 28 iyul-7 avqustda baş tutdu. Azərbaycanı bu idman növü üzrə altı idmançı təmsil etdi. Komandanın heyətinə İvan Stoitsov da cəlb edilsə də, iyulun 21-də o, zədə səbəbilə Sərdar Həsənovla əvəzləndi.
İyulun 29-da 56 kq. turnirində çıxış edən Valentin Xristov mübarizə apardı. Valentin Xristov apreldə Antalya şəhərində baş tutan Avropa Çempinatının qalibi idi və Azərbaycan yığmasının medal ümidi hesab olunurdu. Valentin Xristov birdən qaldırma turnirində birinci cəhdində 123 kiloqramlıq ştanqın öhdəsindən gəldi. Növbəti cəhdində Valentin Xristov 127 kiloqramlıq ştanqın öhdəsindən gəldi. Sonuncu cəhdində Valentin Xristov 130 kiloqramlıq ştanq sifariş versə də, onun öhdəsindən gələ bilmədi və birdən qaldırma turnirini 127-lıq nəticə ilə başa vurdu. Təkanla qaldırma mərhələsində Valentin Xristov birinci cəhdində 154 kiloqramlıq ştanqın öhdəsindən gəldi. Növbəti cəhdində Valentin Xristov 158 kiloqramlıq ştanq sifariş versə də, onun öhdəsindən gələ bilmədi. Sonuncu cəhdində isə 159 kiloqramlıq ştanq sifariş verən Valentin Xristov onun öhdəsindən gələ bildi. Nəticə Valentin Xristov təkanla qaldırma mərhələsini 159-luq nəticə ilə başa vurdu. Ümumi nəticədə isə Valentin Xristov 286 (127+159) nəticə göstərdi və London Olimpiadasını bürünc medalla başa vurdu. Valentin Xristov həm də Azərbaycanın Olimpiya Oyunları tarixində medala sahib olan birinci ağır atlet olaraq tarixə düşdü. Təltifetmə mərasimindən sonra turniri birbaşa zaldan izləyən Azərbaycan Prezidenti İlham Əliyev Valentin Xristovla görüşdü və ona minnətdarlığını bildirdi, amma cəmi 7 il sonra Valentin Xristov olimpiada zamanı dopinqdən istifadə etdiyinə görə bürünc medaldan məhrum edildi.
İyulun 30-da qadınların 58 kq. turnirində çıxış edən Boyanka Kostova mübarizə apardı. Boyanka Kostova apreldə Antalya şəhərində baş tutan Avropa Çempinatının qalibi idi və Azərbaycan yığmasının medal ümidi hesab olunurdu. Boyanka Kostova birdən qaldırma turnirində birinci cəhdində 100 kiloqramlıq ştanqın öhdəsindən gəldi. Növbəti cəhdində Boyanka Kostova 103 kiloqramlıq ştanqın öhdəsindən gəldi. Sonuncu cəhdində isə Boyanka Kostova 105 kiloqramlıq ştanqın öhdəsindən gəldi və birdən qaldırma turnirini 105-lıq nəticə ilə başa vurdu. Təkanla qaldırma mərhələsində Boyanka Kostova birinci cəhdində 124 kiloqramlıq ştanq sifariş versə də, onun öhdəsindən gələ bilmədi. Növbəti cəhdində həmin ştanqı qaldırmağı bacaran Boyanka Kostova üçüncü cəhdində 128 kiloqramlıq ştanq sifariş verdi. Həmin ştanqı da qaldırmağı bacaran Boyanka Kostova təkanla qaldırma mərhələsini 128-lıq nəticə ilə başa vurdu. Ümumi nəticədə isə Boyanka Kostova 233 (105+128) nəticə ilə London Olimpiadasını beşinci pillədə başa vurdu. Bununla belə bir neçə il sonra Boyanka Kostovanın həmin nəticələri dopinqdən istifadə etdiyinə görə ləğv edildi.
İyulun 31-də isə 69 kq. turnirində çıxış edən Əfqan Bayramov və Sərdar Həsənov mübarizə apardı. Əfqan Bayramov apreldə Antalya şəhərində baş tutan Avropa Çempinatının qalibi idi. Əfqan Bayramov birdən qaldırma turnirində birinci cəhdində 142 kiloqramlıq ştanq sifariş versə də, onun öhdəsindən gələ bilmədi. Növbəti cəhdidə uğursuz olan Əfqan Bayramov olimpiadada mübarizə aparmaq üçün sonuncu cəhdində mütləq ştanqı qaldırmalı idi. Amma onun üçüncü cəhdidə uğursuz oldu və Əfqan Bayramov olimpiadanı nəticəsiz başa vurdu. Sərdar Həsənov isə birdən qaldırma turnirində birinci cəhdində 138 kiloqramlıq ştanqın öhdəsindən gəldi. Növbəti cəhdində Sərdar Həsənov 145 kiloqramlıq ştanqın öhdəsindən gəldi. Sonuncu cəhdində Sərdar Həsənov 150 kiloqramlıq ştanq sifariş versə də, onun öhdəsindən gələ bilmədi və birdən qaldırma turnirini 145-lıq nəticə ilə başa vurdu. Təkanla qaldırma mərhələsində Sərdar Həsənov birinci cəhdində 167 kiloqramlıq ştanqın öhdəsindən gəldi. Növbəti cəhdində isə Sərdar Həsənov 176 kiloqramlıq ştanqın öhdəsindən gəldi. Sonuncu cəhdində Sərdar Həsənov 181 kiloqramlıq ştanq sifariş versə də, onun öhdəsindən gələ bilmədi. Nəticədə Sərdar Həsənov təkanla qaldırma mərhələsini 176-lıq nəticə ilə başa vurdu. Ümumi nəticədə isə Sərdar Həsənov 321 (145+176) nəticə göstərdi və London Olimpiadasını 8-ci pillədə başa vurdu. Bununla belə bir neçə il sonra Sərdar Həsənovun həmin nəticələri dopinqdən istifadə etdiyinə görə ləğv edildi.