İsmayıllı rayonu — Azərbaycan Respublikasında inzibati ərazi vahidi. Mərkəzi İsmayıllı şəhəridir. Tərkibinə 1 şəhər (İsmayıllı), 2 şəhər tipli qəsəbə (Lahıc, Basqal) və 105 kənd daxildir. Əhalisi 87867 (01.01.2021) nəfərdir.
Tarixi 190px|thumb|left|İsmayıllı rayonundan tapılmış I–III əsrlərə aid qızıl möhür –üzük. Qafqaz Albaniyası mədəniyyəti. Milli Azərbaycan Tarixi Muzeyi. Rayonun ərazisi uzun müddət eramızdan əvvəl IV əsrin sonu III əsrin əvvəllərində yaranmış Albaniya dövlətinin tərkibində olmuşdur. Tarixi faktlar sübut edir ki, Cavanşirin mənsub olunduğu Mehranilər Girdiman knyazlığını məhz İsmayıllı ərazisində yaradılmışdır. Rayonun ərazisində Talıstan kəndindən 4 km şimalda, Ağçayın sahilində Cavanşirin adı ilə bağlı qala mövcuddur. Azərbaycanın şimal–mərkəz hissəsində yerləşən İsmayıllı rayonu 1931-ci ildə təşkil olunmuşdur. İlk vaxtlar rayonun inzibati mərkəzi Basqal kəndində olmuş, qısa müddətdən sonra İsmayıllı kəndinə köçürülmüşdür. Rayon təşkil edilənədək onun ərazisinin böyük bir hissəsi Göyçay qəzasının, bir hissəsi Şamaxı qəzasının, kiçik bir hissəsi isə Şəki qəzasının tərkibində olub. İsmayıllı şəhəri 1959-cu ilə qədər kənd, 1967-ci ilə qədər şəhər tipli qəsəbə olmuş, sonra şəhər adını almışdır.
İsmayıllı rayonu 1931-ci il noyabr ayının 24-də yaradılmışdır.
Coğrafi mövqeyi thumb|left|200px|İsmayıllı rayonu
Rayonun sahəsi 2074 km²-dir. Rayon 40° 35′ və 41° 05′ şimal enliyi, 47° 45′ və 48° 30′ şərq uzunluqları arasında yerləşir. Sahəsinə görə Azərbaycanda dördüncü yerdədir (Kəlbəcər, Quba və Şəki rayonlarından sonra). Tərkibinə 1 şəhər (İsmayıllı), 2 şəhər tipli qəsəbə (Lahıc, Basqal) və 105 kənd daxildir. Rayon mərkəzi olan İsmayıllı şəhəri 14 yanvar 1967-ci ildə şəhər statusu almışdır.
Böyük Qafqazın cənub ətəklərində yerləşən İsmayıllı rayonu 6 inzibati rayonla həmsərhəddir. Şimaldan Quba rayonu, şimal–şərqdən Şamaxı rayonu, cənub–şərqdən Ağsu rayonu, cənubdan Kürdəmir rayonu, cənub–qərbdən Göyçay rayonu, qərbdən və şimal–qərbdən isə Qəbələ rayonu ilə əhatələnib.
Relyefi
İsmayıllı rayonu əsasən Baş Qafqaz silsiləsinin cənub yamacında, yüksək və orta dağlıq qurşaqda, Acınohur alçaq dağlığında və Alazan-Həftəran vadisində, qismən Şirvan düzünün şimal hissəsində yerləşir. Rayonun ərazisində ən yüksək zirvələr Baş Suayrıcı silsiləsində Babadağ zirvəsi 3629 m, Əsəddağ 3471m, Qaraburğa 3345m, Şahnəzərdağ 2874 m-dir. Rayon ərazisində Baş Suayırıcı silsilə Babadağa qədər yüksəlir və cənub–şərqə doğru davamında nisbətən alçalaraq 3000 metrdən az olan zirvələrlə müşayiət olunur.
Baş Suayrıcı silsiləsinə paralel olaraq cənubda Qovdağ silsiləsi (Qovdağ zirvəsi 2437 m və Qəmçə dağı 2139 m) və Niyaldağ silsiləsi (Yelligədik zirvəsi, 2322 m) yerləşir. Niyal silsiləsi Göyçay və Ağsuçay dərələri arasında yerləşən "Horst–antiklinorium" formal relyef əmələ gətirərək cənubdan və şimaldan uzun tektonik qırılmalarla əhatələnir və onun hər iki yamacında laylar dik yatır. Silsilənin səthi son neotektonik fəallaşmadan əvvəl uzun müddət denudasiyaya məruz qalmış və burada dik yatımlı layları kəsən düzəlmə səthi yaranmışdır. Girdimançayın sol sahilindən qərbə doğru səthi nisbətən hamarlaşmış Fitdağ yaylası yerləşir (2268 m). Qovdağ silsiləsi Girdimançay və Göyçay çaylarının yuxarı axınlarında yaranan qolları vasitəsilə dərin kanyonvarı dərələrlə parçalanmışdır. Orta dağlıqda Lahıc və Müdrü dağarası çökəklikləri geniş sahə tutur. Relyef Girdimançay dərəsindən şərqə alçalaraq Şamaxı–Qobustan yaylasına keçir.
Niyal silsiləsindən cənubda eni 2–10 km, mütləq hündürlüyü 200–500 m olan Qanıx–Əyriçay vadisi uzanır. Vadinin səthi əsasən çayların cavan yelpikvari gətirmə konusları və qismən mezozoyun çay və sel çöküntülərindən təşkil olunmuşdur. Burada cavan çökmə qatın qalınlığı bir çox ərazilərdə 1000 m-dən artıqdır.
Qanıx–Əyriçay vadisinə paralel cənubda Girdimançayın dərəsinə qədər Acınohur ön dağlığının şərq ətəkləri yerləşir. Daşüz–Əmirvan tirəsinin (829 m) şərq batımının bir qismi rayon ərazisinə daxil olur. Göyçay–Dəvəbatan çayları arasında Uştal və İvanovka yaylası (500–800 m), şərqdə Quşencə yaylası (600–1100 m) yerləşir. Dəvəbatançay və Girdimançay arasında isə zona daralıb alçalaraq demək olar ki, tamamilə itir. Ondan cənubda isə paralel olaraq Qaraməryəm tirəsi (437 m) uzanır. Tirə Dəvəbatan və Girdimançay dərələri ilə bir neçə hissəyə bölünür. Mollaisaqlı, Külüllü dərələri və Girdimançayın məşhur gətirmə konusları burada geniş ərazi tutur. Qaraməryəm tirəsinin cənub–şərqə davamı olan Ləngəbiz silsiləsinin (929 m) şimal–şərq ətəkləri rayonun sərhədləri hüdudları daxilindədir. Rayonun cənub hissəsi Şirvan düzünə qədər uzanır. Bu hissə, əsasən, Küdrü-Şirvan fiziki-coğrafi rayonu daxilində 200 metrədək hündürlükləri əhatə edir.
Geoloji quruluşu Ərazisi Kaynazoyda baş verən Alp qırışıqlığı zonasına aid olduğu üçün seysmik cəhətdən çox fəaldır. Ərazi Respublikanın üç ən fəal seysmoaktiv qırılma zonasına aid edilir. Belə ki, ərazidə 8–9 bal gücündə zəlzələlər müşahidə olunmuşdur. 1981-ci ilin oktyabrında baş vermiş zəlzələ ərazidə böyük dağıntıya səbəb olmuş və təsərrüfata külli miqdarda ziyan vurmuşdur. Bu səbəblərdən regionda baş verən zəlzələləri müşahidə və tədqiq etmək üçün rayon mərkəzi yaxınlığındakı Talıstan kəndində "Seysmoloji stansiya" tikilmişdir.
Baş Suayrıcı silsiləsi, əsasən, mezozoyun yura və təbaşir yaşlı qalın çöküntülərdən təşkil olunmuşdur. Ərazinin yura yaşlı çöküntüləri Kiçik Qafqazdan fərqli olaraq yalnız çökmə mənşəli süxurlardır. (Kiçik Qafqazda isə vulkanogen–çökmə mənşəli süxurlar daha çox üstünlük təşkil edir). Bu süxurlar Qanıx–Əyriçay vadisində IV dövrün çöküntüləri ilə təmasa gəlir. Niyaldağ silsiləsində isə təbaşir yaşlı şistli çöküntülərlə əvəz olunur. Yura dövrünün çöküntüləri, əsasən, alt və orta qalın qara rəngli şist və qismən qumdaşı laylarından ibarətdir. thumb|left|300 px|İsmayıllıdakı dağ süxurları Cənub-Şərq hissədə isə şistlər və şist–qumdaşı layları argillitlərlə əvəz olunur. Yuranın əhəndaşı və dolomit qatlarının klippen adlanan böyük "köksüz" (əsas yayılma yerlərindən qopmuş və aralanmış) qayaları və bəzən örtük halında sahələri, iri "qəlpələri" Baş Suayrıcının bəzi yerlərində üzə çıxır. Çay dərələrində (Girdimançay, Göyçay və Ağsuçay) bu qatları kəsərək dərin və dar dərələr–kanyonlar əmələ gətirir.
Qovdağ hissəsi, əsasən, təbaşir dövrünün gilli və gilli–qumdaşılarından ibarət çöküntülərindən, qalan hissələr isə kaynazoyun çökmə mənşəli süxurlarından ibarətdir. Dağlıq hissədə, xüsusilə Lahıc və Müdrü dağarası çökəkliklərində kaynazoy yaşlı cavan çöküntülər mezozoy dövrünün süxurları üzərində transqressiv formada yataraq qalın laylar əmələ gətirir.
Paleogenin oliqosen dövrünün gilli və qumlu–gilli çöküntüləri Girdimançay dərəsində geniş sahələr tutur. Acınohur öndağlığının rayon daxilində olan hissələri başdan–başa kaynazoyun paleogen və qismən neogen (III dövr) çöküntülərindən təşkil olunmuşdur. Neogen mənşəli çökmə süxurlar isə əsasən, depres sahələrdə və Ləngəbiz tirəsində terrigen qatlardan və gillərdən ibarətdir. Sarmat dövrünün dəniz çöküntülərinə Diyallı kəndi yaxınlığında 1200 m yüksəkliklərdə daha çox rast gəlinir.
Bir sıra əyilmə zonalarında pleystosen (IV dövr) çöküntülərinin çox qalın (200–400 m) qatları müşahidə olunur. Buna səbəb ərazidə axan çayların eroziya və nəqletmə qabiliyyətinin sürətli olmasıdır. Yüksək dağlıqda (2800–3000 m) isə ara–sıra buzlaq çöküntülərinə – Moren tirələrinə rast gəlmək olur. Yüksək dağlığın qayalıqlar sahəsində və dik yamacların ətəklərində künclü–bucaqlı ufantılar toplanır. Bir çox yerlərdə qaba (qayalar ətəyində) və nisbətən xırda dənəli (Yura şistlərindən ibarət dik yamacların ətəyində) ufantı konusları vardır. Yüksək və orta dağlıq qurşaqlarda qaya süxurları çıxışlarında daş axınları yamac boyu uzanan ensiz (5–10 bəzən 50–60 m) və uzun (100–200 bəzən 1000–2000 m) "daş axınları" əmələ gətirir. Bu axınların həcmi bəzən 0,5–1 m³, əksərən isə 0,5 m³-dən kiçik künclü–bucaqlı daş kəsəklərindən ibarət olur.
Dağlıq zonanın bütün səthində yuyulma (eləcə də bütöv denudasiya prosesləri) daha intensiv gedir. Dağətəyi və alçaq dağlıqda səthi yuyulmanın intensivliyi 0.10–0.5 mm/il , orta dağlıqda 0.5–1.0 mm/il, yüksək dağlıqda isə 1.0 mm/ildən artıqdır. Cənub–şərq hissədə isə davamsız şist təbəqəsi üzərində yuyulma hətta 3–5 mm/ildən artıq olmasına baxmayaraq, bu ərazilərdə tektonik qalxma prosesi 5–10 mm/ildən çox olduğu üçün dağların yüksəlməsinə səbəb olub.
Girdimançayın Babadağ silsiləsi yamaclarında dib eroziyası üstün olduğundan dar və dərin dərələr–kanyonlar yaradır. Dağətəyi və maili düzənliklərdən keçdikdə Girdiman , Göyçay və Ağsuçayın dərələri tipik qutuvarı–terraslı quruluşu ilə seçilir. Alçaq terraslar akkumulyativ, orta terraslar erozion–akumyativ, yüksək terraslar isə erozion mənşəlidir. Yaşına görə isə çay terrasları yuxarı IV dövrə (40–45 m), orta IV dövrə (130–150 m) və aşağı IV dövrə (250–300 m) aid edilir. Düzənlik hissələrdə akkumulyasiya, xüsusi ilə də çay gətirmə konusları və delüvial–prolüvial maili düzənliklərdən ibarətdir. Bu, əsasən, Qanıx–Əyriçay vadisində daha çox nəzərə çarpır. Girdimançay hətta iki gətirmə konusu yaradır: Yuxarı gətirmə konusları — Qaraməryəm tirəsinin şimalında Aşağı gətirmə konusları — Qaraməryəm tirəsindən cənubda
Dağlıq regionda əlverişli geomorfoloji şəraitdə qravitasiya təsiri altında yaranan müxtəlif relyef formalarına — sürüşmələr, uçqunlar, ufantı konuslarına və şleyflərə (dağ süxurlarının kütləvi hərəkəti nəticəsində yaranmış formalar) rast gəlinir. thumb|250px|İsmayıllı rayonunun yolu
Sürüşmələr ərazidə, əsasən, Girdiman, Göyçay və Ağsuçay hövzələrində daha geniş yayılmışdır. Bu sahələr demək olar ki, bütövlükdə paleogen və neogenin gillərindən ibarətdir. Yamacların dik olması bu prosesi sürətləndirən amillərdən biridir. Ən böyük sürüşmə hadisəsi Lahıc, Qabandağ, Tircan, Ximran, Varna, Cülyan, Müdirsə, Qaraqaya və Bağəli yaxınlığında baş vermişdir. Bəzən sürüşmə kütləsinin çayların tamamilə "boğması" halları da müşahidə olunmuşdur. Yayılmasına görə sahəvi, xətti və frontal, hərəkət mexanizminə görə isə delyapsiz və detruziv, bəzəndə isə dibli sürüşən sürüşmə axınlarına bölünür. Bu tip sürüşmələrə el arasında işqınlar da deyilir. Tircan sürüşməsi 1908-ci il may ayında baş vermişdir. Uzunluğu 5 km, eni 2.5 km olan bu sürüşmə Musa dağının cənub yamacından Bədov (Zərgəran) dərəsinə qədər davam etmişdir. Tircan kəndi demək olar ki, tamamilə dağılmışdır. 1955–1956-cı illərdə burada yenidən sürüşmə hadisəsi müşahidə olunmuşdur.
Qabandağ (Ximran sürüşməsi də deyilir) sürüşməsi nəinki Azərbaycanda, Böyük Qafqazda (Rusiya və Gürcüstan əraziləri də daxil olmaqla) ən böyük sürüşmələrdən hesab edilir. 1946-cı ildə ilk sürüşmə olmuş, Qabandağın cənub yamacı 3,2 km-ə qədər cənub–qərbə sürüşmüşdür. 1956-cı ilin martında olan yeni sürüşmə burada Girdimançayın qabağını kəsərək göl yaratmışdır. Sonrakı illərdə çay öz yatağını tədricən bərpa edə bilmişdir. Duvoryan sürüşməsi 1960-cı ilin aprel–may aylarında baş vermiş və uzunluğu 4 km, eni 2 km olan ərazini əhatə etmişdir. Qaraqaya sürüşməsi 1973-cü ilin yazında baş vermişdir. Nəticədə böyük meşə sahəsi Girdimançayın dərəsinə doğru axaraq məhv olmuşdur.
Uçqun, ufantı konusları və şleyflərə yüksək qayalıq–daşlıq qurşaqlarda müntəzəm olaraq rast gəlinir.
Faydalı qazıntıları Rayonun mineral xammal ehtiyatları içərisində əsas yeri tikinti materialları tutur. Çayların gətirmə konuslarında, alçaq dağlıq zonasında çınqıl, qum, gil, gillicə və vulkan külü yataqları vardır, lakin bu ehtiyatlar, əsasən, rayon ərazisində dəmir–beton, kərpic, keramit, sement, keramzit və tikinti materiallar istehsal olunur. Bu yataqlarda ehtiyatların çox da böyük olmaması əhalinin tikinti sahəsində tələbatlarını tam ödəmir.
Rayonda bentonit gillərinin bir neçə yatağının olması aşkar olunmuşdur. Bu gillərdən boru–prokat istehsalı zamanı qəliblərin düzəldilməsində geniş istifadə etmək imkanları vardır. (Qazax rayonu ərazisindən çıxarılan bentonit gillərindən hal–hazırda bu istiqamətdə istifadə olunmaqdadır).