Azərbaycan milli parkları — Azərbaycan Respublikasının ərazisində yerləşən milli parklar. xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olan təbiəti mühafizə və elmi müəssisə və ya təşkilat statusuna malik olan ərazilərdir.

Azərbaycan Respublikasında milli parkların yaradılması ilə bağlı ilk təşəbbüs Akademik Həsən Əliyev tərəfindən irəli sürülmüşdür. Ölkəmizdə ilk milli parklar 2003-cü ildə yaradılmışdır. Daha sonrakı dövrdə bu ənənə davam etdirilmiş və son olaraq, 2025-ci il iyulun 14-də İlisu və Axar-Baxar milli parkları yaradılmışdır.

Hazırda, Azərbaycanda ölkə ərazisinin 5.30% təşkil edən 12 milli park fəaliyyət göstərir.

Ümumi məlumat Azərbaycan Respublikasının ərazisində məqsədindən, mühafizə rejimindən və istifadə xüsusiyyətlərindən asılı olaraq xüsusi mühafizə olunan təbiət əraziləri aşağıdakı növlərə ayrılır:

dövlət təbiət qoruqları, o cümlədən biosfer qoruqları; milli parklar;təbiət parkları; ekoloji parklar; dövlət təbiət yasaqlıqları; təbiət abidələri;zooloji parklar; nəbatat bağları və dendroloji parklar; müalicə-sağlamlaşdırma yerləri və kurortlar; geoloji parklar.

Azərbaycanda qorunan ərazilərin yaradılmasını şərti şəkildə 3 mərhələyə bölmək olar: I mərhələ - ilk xüsusi mühafizə olunan təbiət ərazisinin yaradılması (Eldar şamı Botaniki Yasaqlığı – 1910-cu il), II mərhələ - qoruq və yasaqlıqların yaradılması (1925-1936-cı illərdə Göygöl, Qızılağac, Zaqatala, Hirkan, 1958-1993-cü illərdə Türyançay, Şirvan, Ağgöl, Pirqulu, İsmayıllı, İlisu, Qaragöl yasaqlıqları), III mərhələ - 2003-cü ildə ilk milli parkların yaradılması.

Hazırda Azərbaycanda 913342,17 hektar sahəni əhatə edən mühafizə olunan təbiət əraziləri fəaliyyət göstərir. Bunlardan 12 milli park, 9 dövlət təbiət qoruğu, 24 dövlət təbiət yasaqlığıdır. Ümumilikdə, xüsusi mühafizə olunan təbiət əraziləri ölkə ərazisinin 10,55 %, ayrılıqda milli parklar ölkə ərazisinin 5.30 %, dövlət təbiət qoruqları 1,19 %, dövlət təbiət yasaqlıqları isə 4.05 %-ni təşkil edir.

2018-ci ilin sentyabrında Xəzər dənizinin sahilində 99 min 060 hektarlıq ərazidə Qızılağac Dövlət Təbiət Qoruğunun bazasında yeni milli park - Qızılağac Milli Parkı yaradılıb. Hazırda isə Yeni xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılması və ya statusunun dəyişdirilməsi istiqamətində prioritet olaraq regionların sosial-iqtisadi inkişafı və əhalinın rifahı rəhbər tutularaq yeni “Zaqatala-Balakən bioloji rezervatı”n yaradılması işlərinə başlanmışdır.“ Layihənin yekununda Zaqatala-Balakən regionunda ölkə tarixində ilk biosfer qoruğu yaradılacaq.

Azərbaycan və Almaniya Hökumətləri arasında “Azərbaycan Respublikasının mühafizə olunan ərazilərinə dəstək proqramı, Zaqatala-Balakən Regionu” layihəsi üzrə maliyyələşdirmə və xüsusi razılaşma sazişlərinə əsasən Almaniyada 2019-cu ilin noyabr ayında baş tutmuş tender prosesinin nəticələrinə əsasən, qalib elan edilmiş “GOPA consultants” şirkətinin nümayəndələri və beynəlxalq ekspertin iştirakı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyində müzakirələr aparılmış, 2020-ci ilin aprel ayında müqavilə imzalanmış və layihənin aktiv fazasının cari ilin iyul ayında başlanması planlaşdırılmışdır. İlkin mərhələ üzrə layihə kompanentlərinin bölüşdürülməsi, ərazinin qiymətləndirilməsi üçün regiona səfərlər, layihə müddətində ekspertlərin seçimi və fəaliyyətlərin iş qrafikinin tərtib olunması nəzərdə tutulmuşdur.

Biosfer qoruğunun yaradılması ölkəmizdə regionların sosial-iqtisadi inkişafı, yerli əhalinin sosial rifahının yaxşılaşdırılması, məşğulluğun artırılması, ekoloji turizmin stimullaşdırılması ilə yanaşı bioloji müxtəlifliyin qorunub saxlanılmasına şərait yaradacaqdır.

Bundan əlavə, Azərbaycanda ilk dəfə xüsusi mühafizə olunan təbiət ərazilərinin yeni bir növü- geoloji parkların yaradılması sahəsində müvafiq tədbirlər həyata keçirilir. Bununla əlaqədar, Azərbaycan Respublikasının "Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında" qanuna müvafiq dəyişikliklər edilmişdir.

Relikt və endemik növlərlə zəngin unikal təbii meşələri ilə Cənubi Qafqazda məşhur olan Hirkan Milli Parkının “YUNESKO-nun Ümumdünya Təbii İrs Siyahı”sına daxil edilməsi məqsədilə, nominasiyanın hazırlanması ilə əlaqədar müvafiq işlər davam etdirilir.

Hirkan Milli Parkı

Yaradıldığı il: 2004

Sahə (hektar): 40358

Olduğu yer: Lənkəran və Astara rayonlarının ərazisində.

Qısa məlumat: Hirkan Milli Parkı Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2004-cü ilin 9 fevral tarixində yaradılmışdır. Milli Park Azərbaycanın cənub-şərqində, Lənkəran və Astara inzibati rayonlarının ərazisində yerləşir. Milli Parkın yaradılmasında əsas məqsəd həmin ərazidə təbiətin kompleks şəkildə qorunması, Üçüncü dövrün relikt və endemik bitki növlərinin mühafizəsi, Azərbaycan Respublikasının "Qırmızı Kitabı"na daxil edilmiş tipik flora və fauna növlərinin qorunub saxlanılması, ətraf mühitin monitorinqinin həyata keçirilməsi, ictimaiyyətin məlumatlandırılması, eləcə də tədqiqatlar, turizm və istirahət üçün şəraitin təşkilidir. Hirkan Milli Parkının ərazisinin çox hissəsi meşələrlə örtülüdür. Burada ən isti ayın orta temperaturu 270° S olur. Hirkan Milli Parkının ərazisi şaquli qurşaq üzrə çox ucalmasa da (1000 m-ə qədər), şərqdən qərbə dağlara qalxdıqca, meşələrin şaquli qurşaqlar üzrə dəyişdiyini müşahidə etmək olar: aşağı hissədə əsasən, şabalıdyarpaq palıd, dəmirağac və vələsin (İpək akasiya, Xəzər lələyi, Hirkan ənciri, Qafqaz xurması, Azat, və s. ilə birlikdə) üstünlük təşkil etdiyi meşələr yayılmışdır. Hündürlüyə qalxdıqca, əsasən dəmirağac, qismən də şabalıdyarpaq palıd azalır, onları fısdıq meşələri əvəz edir. Milli Parkın meşələrində ayıdöşəyi, Hirkan bigəvəri, Hirkan şümşadı, pırkal, müxtəlif lianlar geniş yayılmışdır. Bu bitkilərin əksəriyyətinin adı Azərbaycanın "Qırmızı Kitabı"na daxil edilmişdir. Hirkan Milli Parkının ornitofaunasına daxil olan qara leylək, məzar qartalı, qıvrımlələk qutan, turac, mərmər cürə, Talış qırqovulu, Hirkan arıquşu, toğlugötürən və s. quşların adları Azərbaycanın "Qırmızı Kitabı"na daxil edilmişdir. Parkın heyvanat aləmi çox zəngindir. Burada məməlilərdən bəbir, xallı maral, vaşaq, porsuq, qaban, cüyür, yenot və s. növlərə rast gəlmək olar.

Şirvan Milli Parkı

Yaradıldığı il: 2003

Sahə (hektar): 54373,5

Olduğu yer: Salyan, Qaradağ və Neftçala rayonlarının ərazilərində.

Qısa məlumat: Milli Parkın yaradılmasında əsas məqsəd yarımsəhra landşaftının başlıca komponentlərini, Azərbaycan Respublikasının "Qırmızı kitabı"na düşmüş ceyranları və o ərazi üçün səciyyəvi olan fauna növlərini qoruyub saxlamaq, ekoloji monitorinqi həyata keçirmək, əhalini ekoloji maarifləndirmək, turizm və istirahət üçün şərait yaratmaqdır. Milli Parkın ərazisində relyefin, bitki və torpaq örtüyünün müxtəlifliyi burada bir sıra təbii landşaft sahələrini ayırmağa imkan verir. Ərazinin əsas hissəsini yovşanlı, şoranotlu yarımsəhra xırda təpəlikləri və şoranotlu yarımsəhra düzənliyi təşkil edir. Ərazidə yayı quraq keçən mülayim-isti yarımsəhra və quru bozqır tipli iqlim hakimdir. Milli Parkın ərazisində qaraşoranlı, şahsevdi və duzlaq-çoğanlı, yarımsəhra bitkiləri və çərənli-yovşanlı, yovşanlı-efemerli, yovşanlı, xos təkli, dənli-müxtəlifotlu, efemerli, sahil qumlu və çala-çəmən (dəvəotlu) bitki formasiyaları üstünlük təşkil edir. Şirvan Milli Parkının ərazisində 4 növ suda-quruda yaşayan heyvanlara rast gəlinir. Bunlar Suriya sarımsaqiyli qurbağa (Pelobates syriacus), yaşıl quru qurbağası (Bufo viridis), Kiçik Asiya ağac qurbağası (Hyla arborea savigini) və göl qurbağasıdır (Rana ridibunda). Suriya sarımsaqiyli qurbağa nadir və nəsli kəsilmək təhlükəsi ilə üzləşmiş növ olduğu üçün "Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Siyahısı"na və Azərbaycan Respublikasının "Qırmızı Kitabı"na daxil edilmişdir, qanunla qorunur.

Şirvan Milli Parkının heterofaunasını 17 növ sürünən heyvanlar təşkil edir. Aralıqdənizi və ya quru tısbağası nadir və nəsli kəsilmək təhlükəsi ilə üzləşmiş növ olduğu üçün "Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Siyahısı"na və Azərbaycan Respublikasının "Qırmızı Kitabı"na daxil edilmişdir, qanunla qorunur. Cənubi Qafqaz gürzəsi Milli Parkın ərazisində geniş yayılmış sürünən növlərdəndir. Tibbi xammal olan zəhərinə görə gürzə ilanları qiymətli sürünən növü hesab olunur. Quşların miqrasiyası və qışlama dövründə göllərin və dənizin dayaz yerlərində əsasən yaşılbaş ördəklər (Anas platyrhynhos), fitçi cürə (A.crecca), boz ördək (A.strepera), marek (A.penelope), bizquyruq (A. aguta), cırıldayan cürə (A. querqudela), enliburun ördək (A. clypeata), flaminqo (Phoenicopterus ruber), fısıldayan qu (Jygnus cygnus), qaşqaldaq (Fulica atra), dərin su sahələrində isə qırmızıburun (Netta rufina), qırmızıbaş (Aythya ferina), kəkilli (A. fuligula) və dəniz dalğıcları (A.marila), güləyən ördək (Bucephala clangula) və digər ördək növləri toplantılar əmələ gətirirlər. Göstərilən biotoplarda iyrəncələrə (Podicipedidae), qutanlara (Pelcanidae), qarabattaqlara (Phalacrocoracidae) və qağayılara (Laridae) rast gəlinir. Göllərin ətrafındakı açıq bataqlıq sahələrdə, dənizsahili nəmli qumsallıqlar və laqunalarda çovdarçılar (Jharadridae), bizdimdiklər (Recurvirostridae) və bekaslar (Scolopacidae) toplantılar əmələ gətirir. Azərbaycan və dünya miqyasında təhlükədə olan quşlardan Milli Parkın ərazisində 34 növə rast gəlinir. Onlardan 14-ü yalnız Azərbaycanın "Qırmızı Kitabı"na, 10-u ancaq "Beynəlxalq Təbiəti Mühafizə Cəmiyyətinin Siyahısı"na, 10-u isə həm Azərbaycanın "Qırmızı Kitabı"na (1989), həm də "Beynəlxalq Təbiəti Mühafizə Cəmiyyətinin Siyahısı"na (2002) daxil edilmişdir. Ceyran, safsar və çöl pişiyi respublikamızın "Qırmızı Kitabı"na daxil edilmişdir. Xəzər suitisi, ceyran və safsar "Beynəlxalq Təbiəti Mühafizə Cəmiyyətinin Siyahısı"nda müxtəlif statusla qorunan növlər elan edilmişdir. Bütün yarasa növləri EUROBATS Sazişinə görə mühafizə olunurlar.

Ağ göl Milli Parkı

Yaradıldığı il: 2003

Sahə (hektar): 17,924

Olduğu yer: Ağcabədi və Beyləqan rayonlarının ərazisində.