right|thumb|250px Buryatiya (, ) — Rusiya Federasiyası subyektlərindən biri. Rusiyanın Asiya hissəsinin cənubunda yerləşir. Sibir federal dairəsinə daxildir. Sahəsi 351,3 min km². Əhalisi 972 134 min (2010). Paytaxtı Ulan-Ude şəhəridir. 21 rayonu, 6 şəhəri, 21 şəhər tipli qəsəbəsi var.
Dövlət hakimiyyəti orqanları Dövlət hakimiyyəti orqanları sistemini Buryatiya Respublikasının Konstitusiyası (1994) müəyyən edir. Dövlət hakimiyyətini prezident, Xalq xuralı (parlament), hökumət və respublikanın konstitusiyasına uyğun yaradılan digər dövlət hakimiyyəti orqanları həyata keçirir. Respublikanın başçısı və ali vəzifəli şəxsi olan prezidentə səlahiyyətləri RF Prezidentinin təqdimatı ilə Xalq xuralı verir. Xalq xuralı respublikanın ali qanunverici (nümayəndəli) orqanıdır. 66 deputatdan ibarətdir; onlar ümumi bərabər və birbaşa seçki hüququ əsasında, ərazi və milli nümayəndəlik nəzərə alınmaqla, gizli səsvermə yolu ilə 5 illik müddətə seçilirlər. Hökumət ali icraedici dövlət hakimiyyəti orqanıdır. Hökumətin sədri respublika prezidentidir.
Coğrafiya left|thumb|Buryat şamanı. Baykal gölü. Olxon adası Buryatiya dağlıq ölkədir. Düzən sahələr azdır və onlar təqribən 455–700 metr hündürlükdədir. Relyefində səthi intensiv parçalanmış, yastı zirvəli qaymalı dağlar üstünlük təşkil edir; yüksəkdağlıqda ara-sıra Alp relyef formaları intişar tapmışdır. Ölkənin qərbini Şərqi Sayanın yüksək zirvələri (Munku-Sardık d., 3491 m, Buryatiyanın ən yüksək nöqtəsi), yastıdağlıqları və platoları, Baykal gölünün cənub və şərq sahillərini Hamar Daban, Ulan Burqası, İkat, Barquzin silsilələri, şimalını Stanovoy yaylasının Yuxarı Anqara, Şimali Muya və Cənubi Muya silsilələri, şərqini geniş Vitim yastıdağlığı tutur. Dağ sistemləri hüdudlarında geniş dağarası çökəkliklər (o cümlədən Barquzin çuxuru) yayılmışdır. Buryatiya ərazisinin təqribən 90%-i çoxillik donuşluq süxurlarından ibarətdir. Hamar Daban silsiləsində, Şərqi Sayan dağlarında və Vitim yastı dağlığında karst intişar tapmışdır.
Geoloji quruluşu Geoloji cəhətdən Buryatiyanın ərazisi Ural-Oxot mütəhərrik qurşağının şərq hissəsində yerləşir. Ölkənin mərkəzi və şimal rayonları Son Proterozoyun (Baykal) Baykal-Patom qırışıqlıq vilayətinə, cənub-qərb və cənub-şərq kənarları isə Erkən Paleozoyun (Salair) qırışıqlıq sistemlərinə aiddir. Daxili rayonlarda Erkən Kembriyəqədər yaşlı qaymalar, Son Proterozoy, Paleozoy və Mezozoy yaşlı törəmə çökəkliklər var. Baykalarxasında Paleozoy qranitoidləri geniş ərazini tutur. Fanerozoyda Buryatiyanın mərkəzi və cənub rayonlarında tektonik-maqmatik aktivləşmə, Kaynozoyda ölkə ərazisində dağəmələgəlmə və riftogenez prosesləri güclənmişdir. Ərazi üçün yüksək seysmiklik xarakterikdir. Tez-tez zəlzələlər (10–11 bala qədər) baş verir.
Faydalı qazıntıları Qurğuşun, sink, molibden, volfram (ehtiyatına görə dünyada 2-ci yerdədir), platin, uran filizləri, qızıl (səpinti və köklü yataqlarda), nefrit, flüorit, asbest, fosforit, kvarsit, apatit, qrafit, xalsedon, təbii tikinti materialları, daş kömür, qonur kömür, torf, yanar şistlər, termal sular və s.
İqlimi İqlimi kəskin kontinentaldır. Qışı uzun və sərtdir. Orta temperatur yanvarda – 20, –30 °C-dir. Yayı qısa və istidir. İyulun orta temperaturu 8–19 °C-dir. İllik yağıntı 250–500 mm-dir (dağlarda 1000 mm-dək).
Daxili suları Buryatiyada ümumi uzunlu]u təqribən 125 min km olan 25 mindən çox çay var. Çoxu Yenisey və Lena hövzəsinə aiddir. Bir neçə çay (Selenqa, Barquzin və s.) Baykal gölünə tökülür. Ən böyük çayı Vitimdir (Lena çayının sağ qolu). Çaylar, əsasən, yağış suları ilə qidalanır. Ölkə ərazisində ümumi sah. 2,8 min km²-dən çox olan təqribən 34 min göl var. Ən böyük gölu Baykaldır (gölün çox hissəsi Buryatiya ərazisindədir). Dağarası çuxurlarda termokarst və çaylaq gölləri, dağlarda buzlaq gölləri üstünlük təşkil edir; 40-dan çox su anbarı var.
Torpaqlar, bitki örtüyü və heyvanlar aləmi. thumb|Cənubi Buryatiya
Şimalda, qərbdə və cənub-şərqdə Buryatiya ərazisinin 85%-ini podzollu, yarımqonur və bəzən çimli torpaqlarda bitən, əsasən, Dauriya və Sibir qaraşamından ibarət dağ-tayqa meşələri tutur. Buryatiyanın mərkəzi hissəsində tünd-boz meşə və yuyulmuş qaratorpaqlarda meşə-çöllər, cənubda qara torpaqlarda taxıl bitkili-müxtəlifotlu bozqırlar, çuxurlarda şabalıdı torpaqlarda taxıl bitkili, quru bozqırlar üstünlük təşkil edir. Dağlarda yüksəklik qurşaqlığı müşahidə olunur. Şərqi Sayan silsiləsində alçaqdağlıqda bitən şam-qaraşam meşələri 800 m yüksəklikdə tayqa qaraşamı, 1600–1800 m yüksəklikdən başlayaraq alçaqboylu Sibir şamı, sidr və sərili sidr cəngəllikləri, girdəyarpaq tozağacı və qızılağaclıqdan ibarət seyrək meşəliklər, 1900 –2000 m-dən yuxarıda cırtdan tozağacı, kolcuqlu, mamırlı-şibyəli tundra və irikəltənli səpintili holslar ilə əvəz olunur. Baykal gölünü dövrəyə alan külək tutan rütubətli yamaclarda sidr sərilisi qurşağı ilə əvəz olunan tünd iynəyarpaqlı sidr-ağşam və küknar-sidr-ağşam ağacları bitən tayqa, 1700–1800 m yüksəklikdən başlayaraq dağ tundraları yayılmışdır.
Stanovoy yaylasında alçaqdağlıqda qaraşam meşələri, 1200 m-dən yuxarıda qaraşam seyrək meşəliyi, yüksəkdağlıqda dağ-tundra bitkiliyi inkişaf etmişdir. Vitim yastıdağlığı üçün dağətəyi qaraşam və otlu-mərcangiləli şam meşələri, kol tozağacından və Dauriya rododendronundan ibarət meşəaltısı olan ortadağlıq qaraşam meşələri səciyyəvidir. Buryatiyanın cənubunda 600–700 m yüksəklikdə dağətəyi çöllər, əsasən, şam və qaraşam-tozağacı bitən meşə-çöllər ilə əvəzlənir; yuxarılarda qaraşam-şam, şam və qaraşam meşələri inkişaf etmişdir; 1800 m yüksəklikdən başlayaraq holslar yayılmışdır. Buryatiyatiyanın meşələrində canavar, qonur ayı, dələ, meşə safsarı, Sibir safsarı, samur, qaban, sığır, izyubr, cüyür, dovşan, sincab, bonazi tetrası, Sibir xoruzu; meşə çöl və çöldə boz tülkü, sünbülqıran, marmot və s., çaylarda çökə, taymen, qızıl xallı balıq, xarius və s. yaşayır.
Mühafizə olunan təbii ərazi (Buryatiya sahəsinin 9,5%-i) sisteminə Barquzın, Baykal, Cergin dövlət qoruqları, Baykal arxası və Tunkin milli parkları, 23 yasaqlıq (Frolix, Altaçey, Kabansk və s.), 266 təbiət, o cümlədən landşaft abidələri (İnin daş bağı və s.) daxildir. Baykal gölü Ümumdünya irsi siyahısına daxil edilmişdir.
Buryatiya ərazisinin böyük hissəsində ekoloji vəziyyət orta kəskin, Baykal gölü yaxınlığındakı rayonlarda kəskin və çox kəskindir. Atmosferə atılan çirkləndirici maddələrin miqdarı 86 min t, suburaxıcı 395 mln. m³-dir (2003). Faydalı qazıntılar çıxarılan rayonlarda, o cümlədən Baykal-Amur magistralı zonasında landşaftlar çox pozulmuşdur. Respublikanın kənd təsərrüfatı yerlərinin 50%-ə dək torpaqları eroziyaya və deflyasiyaya məruz qalmışdır.
Tarix Buryatiya ərazisində ən qədim mədəniyyətlər Mustye dövrünədək yaranmışdır. Yuxarı Paleolit stasionar və yüngül tikililərin tədqiq edildiyi düşərgələrlə təmsil olunur. Mezolit dövründə (e.ə. 9–6-cı minilliklər) yerli Selenqa və gətirilmə Çikoy mədəniyyətləri yanaşı mövcud idi. Neolit dövründə (e.ə. 8–3-cü minilliklər) Vitim çayı sahilindəki Ust- Karegin mədəniyyətini (qədim daş avadanlığı, regionda ən erkən olan dişli möhürlə vurulmuş ziqzaqlar və cınağı naxışlarla bəzədilmiş dairəvi oturacaqlı keramika) Ust-Yumurçen və Buxusan mədəniyyətləri əvəz etmişdi. Şimalda, Bambuyka çayı sahilində (o cümlədən ən qədim dəfn yeri Aşağı Cilindada) cilalanmış alətlər tapılmışdır. Selenqa çayı boyu ərazilərdə Kitoy mədəniyyəti, Baykal gölündən qərbində Serov mədəniyyəti yayılmışdı. Bu dövrdə Buryatiya əhalisi monqol irqinə mənsub idi. Tunc dövründə Serov mədəniyyəti ənənələrini Selenqaboyuda yayılmış Qlazkovo mədəniyyəti davam etdirirdi. E.ə. 2-ci minillikdən bu ərazidə monqol və Avropa irqlərinin təmsilçilərindən qalmış gətirilmə həm Tavadaşılı qəbirlər mədəniyyəti, həm də Kereksur mədəniyyəti mövcud idi. E.ə. 1-ci minilliyin ortalarında regionun əhalisi dəmir alətləri istifadə etməyə başladı və tədricən Avrasiya çöl mədəniyyətləri arealına daxil oldu.
E.ə. 3 əsr – eramızın 1 əsrində indiki Buryatiya ərazisi hun dövlətinin tərkibinə daxil idi. Hunlar tərəfindən ixtisaslaşmış sənətkarlıq və əkinçilik məskənləri (Durenı, Enxor) salınmış, qalalar (İvolqa arxeoloji kompleksi, Bayan-Unger), zadəganların əzəmətli dəfn yerləri (Qarağac yarğanı) tikilmişdir. Yerli əhalinin sonrakı dövrə aid mədəniyyət abidələri aşkar edilməmişdir. VI əsrdə regionun qərbində Kurumçi mədəniyyəti, şərqində isə Darasun mədəniyyəti meydana gəlmişdi. Cənubda VIII–IX əsrlərdə uyğurlar məskunlaşmışdılar. IX–X əsrlərdə burada Xoyseqor mədəniyyəti yayılmışdı. XIII əsrin əvvəllərində Baykalətrafı tayfalar Monqol imperiyasının tərkibinə qatılmış və Çingiz xanın hərbi ekspansiyasında iştirak etmişdilər. XIII–XIV əsrlərin abidələri Sayantuy mədəniyyətinə aiddir. Bu mədəniyyətin Orta Asiya faktoriyaları (Temnik, Barquzin) və Yuan dövrünə aid monqol malikanələri (Sutay, Narsatuy) məlumdur. Monqol imperiyasının parçalanmasından sonra Baykalönü və Baykalarxası tayfaları monqol xanlarının nəzarəti altında qalırdılar. XVII əsrdə indiki Buryatiya ərazisində buddizm yayıldı (ilk iri məbədlər XVIII əsrin ortaları – 2-ci yarısın da meydana gəldi). XVII əsrin əvvəllərində P.İ. Beketov, M. Perfilyev, D. Firsov və başqalarının komandanlığı altında ilk rus kazak dəstələri regiona soxuldular. Kazakların irəliləməsi ətrafında rus kəndlilərinin məskunlaşdıqları qalaların tikintisi ilə müşayiət olunurdu: Baykalönüdə – Bratsk (1631), Balaqansk (1654), İrkutsk (1661), Baykal arxasında – Barquzin (1648), Selenginsk (1665), Udinsk (1670-ci illər). XVII əsrin ortalarında qərbi buryatların, XVII əsrin 2-ci yarısında Baykalarxası buryatlarının Rusiya dövlətinə birləşdirilməsi başa çatdı. Bu birləşdirmə Rusiya ilə Çin arasında bağlanan Nerçinsk müqaviləsində (1689) təsbit olundu.
İlk vaxtlar ruslar buryat tayfalarının sosial təşkilinə və mədəniyyətlərinə müdaxilə etmirdilər. Lakin Rusiya müstəmləkəçiliyi regionun təsərrüfat ukladında dəyişikliklərə səbəb oldu. Buryatlar ruslardan xış əkinçiliyini, onun üsullarını, oturaq məişət ünsürlərini və s. mənimsədilər. Buryatların, başlıca olaraq qərb buryatlarının xristianlaşdırılması da Rusiya müstəmləkəçiliyi ilə bağlıdır. Rusiya ilə Monqolustan arasında rəsmi sərhədi müəyyənləşdirən Burinsk müqaviləsinin (1727) bağlanmasından sonra buryat tayfalarının monqol dünyasından ayrılması başladı. XVIII əsrdə Rusiya hökuməti Buryatiyanı vahid siyasi, hüquqi, inzibati, iqtisadi və mədəni məkana daxil etdi. Bununla yanaşı uzun müddət buryatların əsas özünü idarə formaları saxlanılırdı. XVIII əsr – XX əsrin əvvəllərində indiki Buryatiya ərazisi Sibir (1708–64) və İrkutsk (1764–1851) quberniyalarının tərkibinə daxil idi, sonra indiki Buryatiya ərazisinin böyük hissəsi sonralar Uzaq Şərq Respublikasının (UŞR) Baykalarxası quberniyasına (1920–21) qatılan Baykalarxası vilayətinə (1851–1920) verildi. Buryatiyanın cənub-qərbindəki və şimal - qərbindəki kiçik ərazilər İrkutsk quberniyasının (1851–1922) tərkibində qaldı. Kyaxta ümumrusiya və beynəlxalq ticarətin iri mərkəzinə çevrildi. Yadellilərin idarə olunması haqqında nizamnaməyə (1822) görə Buryatiya ərazisində tayşaların başçılığı ilə çöl dumaları təsis edildi. XIX əsr – XX əsrin əvvəllərində S.-Peterburqda, Kazanda, Tomskda, İrkutskda buryat alimləri P.A. Badmayev, Q. Qomboyev, D. Banzarov və M.N. Xanqalovun əsərləri nəşr edildi. XIX əsrin 2-ci yarısında Buryatiyada qızıl hasilatı genişləndi. XIX əsrin sonları – XX əsrin əvvəllərində Transsibir magistralının Buryatiya ərazisindən keçən dəmir yolu qollarının tikintisi regionun inkişafına təsir göstərdi. XX əsrin əvvəllərində buryatlar arasında milli muxtariyyət uğrunda hərəkat meydana gəldi və inkişaf etməyə başladı. left|thumb|Selenqa rayonu ərazisində tikilmiş ilk kişi monastrı