Zeynalabdin bəy Hüseynbəyov () — azərbaycanlı tibb elmləri doktoru, Cümhuriyyət tələbəsi, repressiya qurbanı.

Zeynalabdin bəy Lənkəran Kişi Gimnaziyasında orta təhsil alıb. Azərbaycan Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilib. 1920–1925-ci illərdə Paris Universitetinin tibb fakültəsində təhsil alıb.

Bakıya qayıtdıqdan sonra Azərbaycan Tibb İnstitutunda kafedra müdiri işləyib. Azərbaycanda Stalin repressiyaları dövründə 1940-cı ildə həbs olunub. Millətçi və türkçü təşviqatda günahlandırılaraq 8 illik sürgünə məhkum edilib. 1948-ci ildə sürgündən qayıdıb. Azərbaycan Tibb institutunda uşaq xəstəlikləri kafedrasının müdiri və Azərbaycan SSR Uşaq Həkimləri Cəmiyyətinin İdarə Heyətinin sədri olub.

Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra Salyan rayon Uşaq Xəstəxanasına Zeynalabdin bəyin adı verilib.

Həyatı

İlk illəri 220x220px|thumb|left|Soldan sağa Ağahüseyn Hüseynov, Əlihüseyn Hüseynzadə, Bəhram bəy Hüseynzadə və Zeynalabdin bəy Hüseynbəyov, Bakı 1919-cu il. Hüseynbəyov Zeynalabdin Adil bəy oğlu 1900-cü ildə Ərəbqardaşbəyli kəndində anadan olub. İbtidai təhsilini kənddə alıb. Daha sonra 1911-ci ilin avqust ayından 1918-ci ilin yanvar ayına qədər Lənkəran Kişi Gimnaziyasında orta təhsil alıb. Gimnaziyanı gümüş medalla bitirib.

1918-ci il 28 may tarixində Azərbaycan Cümhuriyyəti qurulub. Azərbaycan Cümhuriyyəti Parlamenti 1919-cu il sentyabrın 1-də ali təhsilli mütəxəssis kadrların hazırlanması məqsədilə 1919–1920-ci tədris ilində 100 nəfər azərbaycanlı gəncin dövlət hesabına xarici ali məktəblərə göndərilməsi barədə qərar qəbul edib. Qərarın icrası üçün 7 milyon manat vəsait ayrılıb. Avropa ali məktəblərinə göndərilən hər bir tələbə üçün aylıq 400 frank təqaüd və 1000 frank məbləğində yol xərci müəyyən olunub.

Zeynalabdin bəy də ali təhsil almaq üçün xaricə göndərilmək üçün seçilmiş tələbələrdən biri olub. Xaricə göndərilən tələbələrin ilk hissəsi 1920-ci il yanvarın 14-də Parlament və Hökumət üzvlərinin, tanınmış xeyriyyəçilərin, din xadimlərinin, ictimaiyyət nümayəndələrinin və valideynlərin iştirakı ilə Bakı Dəmiryolu Vağzalından yola salınıblar. Fevralın 11-də Parisə çatan tələbələri Paris Sülh Konfransında iştirak edən Əlimərdan bəy Topçubaşının rəhbərlik etdiyi nümayəndə heyəti qarşılayıb. Əlimərdan bəy tələbələr qarşısında çıxış edərək onlara nəsihətlər verib və uğurlar arzulayıb.

SSRİ-də 250px|thumb|right|Zeynalabdin bəy həbsdə ikən 1940-cı il Zeynalabdin bəy təhsilini bitirdikdən sonra 1927-ci ildə Bakıya qayıdıb. Bir neçə il Bakıda uşaq klinikasında işləyib. 1935-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunda müsabiqədən kənar dosent vəzifəsinə təyin olunub. 1938-ci ildə "Uşaq xəstəliklərinin müalicəsinin optimal variantları" mövzusunda dissertasiyanı müdafiə edərək tibb elmləri doktoru alimlik dərəcəsini alıb. Azərbaycan Dövlət Tibb İnstitutunun uşaq xəstəlikləri kafedrasının müdiri işləyib. Azərbaycanda Stalin repressiyaları dövründə 1940-cı ilin avqust ayında həbs olunub. 1940-cı il oktyabrın 5-də SSRİ XDİK Özəl Müşavirəsinin qərarı ilə millətçi və türkçü təşviqatda günahlandırılaraq 8 illik sürgünə məhkum olunub.

Cəza müddəti bitdikdən sonra 1948-ci ildə Zeynalabdin bəy Bakıya qayıdıb. Lakin ona Bakıda yaşamağa və işləməyə icazə verməyiblər. Məhz buna görə də o, Yevlax rayonunda yaşayıb və xəstəxanada işləyib. 1953-cü ildə SSRİ Ali Məhkəməsinin Rəyasət Heyəti onun işinə yenidən baxıb və onun işində cinayət tərkibi olmadığı üçün Zeynalabdin bəy bəraət alıb. Bundan sonra 1954-cü ildə Zeynalabdin bəy yenidən Azərbaycan Dövlət Tibb İnstitutunda uşaq xəstəlikləri kafedrasına müdir təyin olunub və Azərbaycan SSR Uşaq Həkimləri Cəmiyyətinin İdarə Heyətinin sədri seçilib.

1969-cu ilin oktyabr ayında İrəvanda keçirilmiş simpoziumda Azərbaycan həkimlərinin nümayəndə heyətinin başçısı kimi iştirak edib. Simpoziumda iştirak etdiyi günlərin birində qəflətən vəfat edib.

Xatirəsi Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra 1995-ci ildə Zeynalabdin bəy Hüseynbəyovun adı Salyan rayon uşaq xəstəxanasına verilib.

Ailəsi Zeynalabdin bəy, Adil bəy Məhəmmədhüseyn bəy oğlunun və Məsmə xanım Kəlbə Hüseyn bəy qızının ailəsində anadan olub. Bu evlilikdən Zeynalabdin, Ağabəy və Feyzulla adlı övladları olub.

Zeynalabdin bəy Bezans şəhərində təhsil aldığı dövrdə əslən fransız olan Tereza xanımla tanış olub. 1924-cü ildə Tereza xanımla ailə qurub və onlar Paris şəhərində yaşayıblar. Onların övladları olmayıb. Zeynalabdin bəy həbs olunduqdan sonra Tereza xanım Qazaxıstana SSR-yə sürgün olunub.

Həmçinin bax Cümhuriyyət tələbələri

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyətinin tələbələri Kateqoriya:Sovet repressiyasına uğramış cümhuriyyət tələbələri