Ağabağı — Azərbaycan Respublikasının Zərdab rayonunun Kəndəbil inzibati ərazi vahidində kənd.

Tarixi Kəndinin adının mənası "Ağaya məxsus bağ" deməkdir. Belə ki, 1855-ci ildə Kür sahilindəki 740 desyatinlik tut bağları bölüşdürülərkən bu ərazi Ağa adında bir şəxsə verilmişdir. 1853-cü ildən sonra kəndlilər Zərdabı tərk edərək Kür çayı sahilindəki bağlarda məskunlaşdılar. Bunun nəticəsində də yeni kəndlər yarandı. Ağabağı da onlardan biri idi. Ağabağı kəndində bərələr də mövcud olmuşdur. Həsən bəy Zərdabi 6 iyun 1882-ci ildə Kaspi qəzetində yazdığı məqalədə kəndin su altında qaldığını qeyd etmişdir.

Coğrafiyası Kənd Zərdab şəhərindən 19 kilometr cənub-şərqdə, Kür çayının sahilində yerləşir. Kəndin yaxınlığında "Məhəddin axmazı" var.

İqtisadiyyatı İqtisadiyyatını heyvandarlıq, pambıqçılıq, taxılçılıq, yemçilik, meyvəçilik, baramaçılıq, quşçuluq, bostançılıq və balıqçılıq təşkil edir. Kənd təbii qazla təmin olunmamışdır.

Təhsil 2010-cu ilin may ayında güclü leysan yağışları və sel suları Ağabağı kənd ibtidai məktəbi binasında qəza vəziyyəti yaranıb. Fövqəladə Hallar Nazirliyi bu səbəblə smeta dəyəri 57 min 726 manat olan 40 şagird yerlik yeni məktəb binası inşa etdirmişdir. Kənddə həmçinin kitabxana da fəaliyyət göstərir.

Tanınmış şəxslər Bəhruz Məhərrəmov — Hüquqşunas və siyasətçi. Azərbaycan Respublikasının Milli Məclisinin VI çağırış deputatı, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, Hüquq üzrə fəlsəfə doktoru, dosent. Səkinə Əliyeva — Şərəf Nişanı laureatı

İstinadlar

Kateqoriya:Zərdab rayonunun kəndləri