thumb|Walter Seymour Allward, Veritas, 1920

Həqiqət — çoxmənalı mübtəda. Bir çox mürəkkəb terminlərin tərkib hissəsi.

Əsas mənalar " Həqiqət " özü ayrıca termin kimi istifadə edilmir. Ancaq bununla belə, o bəzi terminlərin sinonimi kimi istifadə edilir. Onun çoxmənalılığı aşağıdakı anlamlarda görünür: Həqiqət — reallığın subyektiv dərk edilməsi. Həqiqət — Ədalət termininin sinonimi. Ani düşüncədə " həqiqət " subyektin hərəkətinə haqq qazandırır. Həqiqət — Düzgünlük termininin sinonimi. Həqiqət — Həqiqətə uyğun gələn hər şeyСловарь Ожегова — правда .

İdeyanın iki qanunauyğunluğu haqqında Zaman və məkan çərçivəsi fövqündə olan, fəlsəfə tarixinin həm dünəni, həm də bugünü üçün eyni əhəmiyyət kəsb edən vahid ideyanın iki əsas qanuna uyğunluğu vardır. Birincisi, onun bütün varoluşun təməlində və mahiyyətində dayandığını qəbul edərək ona doğru aparan düzgün mənbələrin və vasitələrin seçilməsidir. Platonun bildirdiyinə görə, insanlar ancaq "bütün canlı varlıqları, o cümlədən, özünü də, üstəlik torpağı, səmanı, tanrıları, səmadakıları, yerin altındakıları, Aiddəkiləri (ölülər dünyasındakıları) yaradan sənətkarın" (17, 354) yaratdıqlarının kölgələrini görür və onları həqiqət zənn edirlər. Deməli, həqiqətə gedən yol bu kopiyalardan deyil, orijinal ideyaların kəşfindən keçməlidir. Yəni həm maddi, həm də qeyri-maddi şeylər tək Yaradanın vahid ideyasının çoxsaylı təzahürləri kimi geriyə – mənbəyə aparan vasitələrdir.

Eyni zamanda ifadə olunan hər fikir, hər ideya mənbənin həqiqətinin inikası olmur, hətta bəzən tamamilə əks məna daşıya bilir. Sufi mütəfəkkir Mənsur Həllac (X əsr) yazır: "Küfr və iman isim baxımından fərqlidir, həqiqət baxımından isə onlar arasında fərq yoxdur" (25, 53). Yəni eyni mənbədən qaynaqlanan sözlər, yaxud eyni ideya onu söyləyənin dilində, qazandığı formada yeni bir "həqiqət" qazanmış olur. Yanlışlığın mənbədə yox, ifadədə olduğunu anlayanlar həqiqəti öyrənmək üçün formaya deyil, onun mahiyyətinə müraciət edirlər. Digər bir sufi mütəfəkkir Əbu Yəzid Bistami (IX əsr) deyir: "Suyun rəngi qabının rənginə görədir. Su ağ qabda olarsa rəngi ağ, qara qabda olarsa qara, sarı qabda olarsa – sarı, qırmızı qabda – qırmızı və s. olar…" (26, 57). Deməli, varlıqların və ya hadisələrin məhz bilavasitə mənbəyə istinadən öyrənilən mahiyyəti həqiqətə daha yaxın olur.

İkinci qanunauyğunluq isə, bu vahid ideyanın əbədiliyi və kəsilməzliyidir. Səlahəddin Xəlilov yazır: "Sivilizasiyanın ən mühüm şərtlərindən biri məhz kəsilməz tarixdir. Belə ki, cəmiyyətin inkişafında qazanılan hər hansı bir nailiyyət sonradan davam etdirilmirsə, o, böyük müddət intervalında tarixi prosesə daxil ola bilmir" (10, 24). Filosofun bu sözlərini daha böyük miqyasda qəbul edib, onu hər hansı xalqın tarixinə deyil, ümumilikdə Mütləq İdeyanın, vahid həqiqətin əbədi sirkulyasiyasına aid etsək, sadə, eyni zamanda, daim qorunan bir qanunauyğunluğun şahidi olarıq: tarixdə yaranmış hər yeni ideya, fəlsəfi sistem özündən əvvəlkinin davamı, əvvəlki isə özündən sonrakı üçün sabit bir postament olmalıdır. Bu prinsipdən kənarda qalan hər bir ideya isə oyundan kənar vəziyyətə düşməyə məhkumdur.

İnsan əldə etdiyi məlumatı təsdiqləmək, öyrəndiklərinin mahiyyətini, həqiqətini dərk etmək üçün müxtəlif vasitələrlə onun mənbəyinə can atır və ona yaxınlaşdıqca həqiqətin daha dərin qatları açılır. Mənbənin bütünlüklə kəşfi isə Mütləq Həqiqətin dərki deməkdir. Təbii ki, onu kölgələndirən, məğzindən uzaq salan, təhrif edən təlimlər, təhlillər də olmuş, onu görünməz hala gətirən informasiya bolluğu da yaranmışdır, lakin hər dövrdə onun mahiyyətini görən və onun parlamasına xidmət edən və bununla da yer üzündə mütləq həqiqətin qorunmasına şərait yaradan şəxslər də yaşayıb-yaratmışlar. "Müxtəlif varlıq və var olma formalarında təzahürləri nə qədər fərqli olursa olsun, mahiyyətdə eyni həqiqət", "hansı mədəni qəliblər içində şəkil qazanırsa-qazansın, mahiyyətdə eyni bilik" (8, 29) olan bu ideyanın, hikmətin qorunması naminədir ki, Allah Təala özünün seçdiyi peyğəmbərlərə, nəbilərə, filosoflara, alimlərə öz vəhyini, kəşfini, ilhamını lütf etmiş və etməkdədir. Belə şəxslərin düşüncələrinin, mənəvi dünyalarının bir qapısı xalqa – ideyanın təzahür meydanına, digəri isə bu hikmətin sahibi olan Haqqa, Yaradana açıqdır.

Filosof və mütəfəkkirlərin fərqli dünyagörüşləri, tarix boyu təşəkkül tapıb müəyyən zaman kəsiyində inkişaf edib ya tənəzzülə uğrayan, ya da hələ də mövcudluğunu davam etdirən dini, fəlsəfi, mistik cərəyanlar və təlimlər, müxtəlif sahələri əhatə edən çoxsaylı elmlər həm vahid ideyanın mənbələrinin çoxluğundan, həm də bu mənbələrə gedən yolların rəngarəngliyindən xəbər verir. Məlumdur ki, kiçik mənbələrin kəşfi daha böyük mənbəyə yol aça bilir. Bu baxımdan, müasir dövrün qloballaşma ideyalarını, yaxud elmlər arasında yaxınlaşma, sintezləşmə hallarını kiçik ölçülərdən daha geniş sahələrə keçid adlandırmaq olardı.

Vahid İdeyanın təzahürlərinin xarakterlərinin, növlərinin, malik olduqları əhəmiyyət dərəcələrinin təsnifatı belə bir nəticə çıxartmağa imkan verir ki, onun mahiyyətinin, yəni Mütləq Həqiqətin dərkinin üç mənbəyi vardır: səmavi kitab (ilahi vəhy), təbiət və insan. Hər mənbə özünə xas idrak vasitəsi tələb etdiyi kimi, vasitəyə müvafiq də mənbənin tərəfləri açıqlanır. Və bu mənbələrə yanaşma prizması, metodları, onlardan birininmi, ikisininmi və ya hər üçünün şərhi müəyyən fəlsəfi cərəyanların, məktəblərin yaranmasına səbəb olmuşdur. Təbii ki, fəlsəfə tarixi boyu bu mənbələrdən gah biri, gah digəri, gah tək, gah sintez şəklində aktual olmuş, hakim ideologiyanın təməlində dayanmışdır.

Antik dövr Hələ qədim dövrdə həqiqətin tək mənbəyi kimi təbiəti götürənlər onu öyrənmək üçün vasitələr arayıb-axtarmışlar. Məsələn, ilahi istedada malik şəxslər (maqlar, şamanlar və s.) müxtəlif qüvvələr vasitəsilə, ayrı-ayrı rituallarla, dualarla təbiətin sirlərinə şamil olmağa, təbiət hadisələrinə müdaxilə etməyə, hətta onları özlərinə tabe etməyə çalışmışlar. Təbiətin sirri ilə yanaşı, qədim miflərin, əfsanələrin bildirdiyinə görə, insanlar əbədiyyətin sirrini də təbiətin özündə axtarmışlar. Buna nümunə olaraq, Qədim Şumer abidəsi olan "Bilqamıs dastanı"nı göstərmək olar. Burada Tanrılar əbədilik sirrini naməlum çiçəkdə gizlədirlər. Onu tapan Bilqamıs (insan) olsa da, bu hikmət, əbədilik sirri həmin çiçəyi yeyən ilana qismət olur. Təbiətdə gizlədilən sirr yenə təbiətdə qalır (Geniş bax: 2). Eyni halı həqiqəti, bütün varlıqların tək mənbəyini gah havada, gah odda, gah da suda axtaran qədim yunan fəlsəfəsində də müşahidə etmək mümkündür.

Bunlarla yanaşı, təbiəti yetərli bir mənbə kimi görməyib digər mənbələrlə onu tamamlamaq istəyən filosoflar da olmuşdur. Məsələn, fəlsəfəsinin əsasını dərkedilən dünya və tanrılar haqqında biliklər (16, 256) təşkil edən, təbiət və Yaradanı (ilahi vəhyi) eyni, iç-içə mənbələr kimi götürən Pifaqor (e.ə. VI əsr) belə hesab edir ki, O, "bütün qüvvə və yaradılmışların yaradanı, hər şeyin ilkin başlanğıcı, səmada – nurun mənbəyidir. O, həm də ümumi ata, hər şeyin düşüncəsi və canı, bütün çevrələrin hərəkətverici başlanğıcıdır" (16, 268). O, rəqəmlər vasitəsilə nəinki varlığı, varoluşu izah etməyə və onları dərk etməyə, həm də kosmosla harmoniyaya girməyə cəhd edir və "ilkin surəti və ilkin başlanğıcı dərk və ifadə etmək çətin olduğuna, sözlərlə aydın izah oluna bilmədiyinə görə, aydınlıq üçün rəqəmlərə müraciət edir" (16, 428). Onun fikrinə görə, "həqiqi varlıq maddi deyil, cismani deyil və yeganə əbədi və təsirlidir. Qalan hər şey var olanla eyni addadır – maddidir, cismanidir, doğulub və məhv olandır və sözün həqiqi mənasında var deyil" (16, 254) və o, "rəqəmləri təqlid etdiyi üçün vardır" (16, 255). Bu səbəbdən, Pifaqor həqiqətə çatmaq, onu dərk etmək üçün əsl mahiyyətə can atmaq, onunla harmoniyada olmağı əsas və yeganə şərt kimi qəbul edir.

Pifaqordan fərqli olaraq Platon irəli daha bir addım atır və öz müəlliminin yolunu davam etdirərək insanı düşüncə obyektinə çevirir və "insanı ilahi sərvətin bir hissəsi" (19, 639 (62 b)) hesab edir. Lakin insan sadəcə ilahi sərvət deyil, həm də bütün varlıqları öz düşüncəsində ehtiva edir. Sokratın fikrinə görə, "Şeylər iki cürdür: əbədi, yaradılmayan və daim yaranan, lakin heç vaxt varlığı olmayan. Düşüncə və fikirlə dərk edilənlər, görünür ki, daim var olanlardır; rəy və ağılsız hisslərə tabe olanlar isə yaranır və məhv olurlar, heç vaxt həqiqətən var olmurlar" (18, 469 (28 a)). Onu da xüsusilə vurğulayaq ki, Sokrat fəlsəfəsində söhbət maddiyyat fövqünə qalxa bilən insandan gedir, çünki "filosof ilk növbədə ruhunu bədənindən azad etməklə özünü müşahidə edə bilir" (19, 642 (65 a)). Deməli, insan maddiyyatdan uzaq olmaqla bütövə – hissəsi olduğu ilahi mülkə birləşmək və bununla da hər şeyi dərk etmək qüdrətindədir: "Məgər düşüncədə – yalnız orada – həqiqi varlıqdan nə isə onun qarşısında açılmırmı?" (19, 643 (65 c)). Göründüyü kimi, Platon həqiqi varlığın sirlərini haradasa kənarda – təbiətdə, ilahi qüvvədə deyil, insan ruhunda cəmləşdirir – mərkəz nöqtəyə insanı qoyur. Filosof yazır: "Əgər bütün ruh bütövlükdə öz fəlsəfi başlanğıcının ardınca gedirsə və ziddiyyətlərlə parçalanmırsa, onda onun hər hissəsi nəinki qalan hər bir şeyi ədalətlə edə bilər, həm də bunda özünün xüsusi məmnuniyyətlərini, ən yaxşıları və gücü çatdığı qədər ən həqiqiləri tapa bilər" (17, 346).

Antik dövrdə fəlsəfə özündə bir çox elmləri ehtiva etmiş və zaman-zaman bu elmlərdən hər biri müstəqillik əldə edərək özünə spesifik bir inkişaf yolu seçmişdir. Bu özünü mənbələrə münasibətdə də göstərmişdir, xüsusilə Platon fəlsəfəsində. Belə ki, mənbələr bir-birilə sıx bağlı olsa da, sanki bir-birlərini tamamlasa da, hər üçü vahid bir mənbədən qaynaqlanmışlar. Bu mənbələrin bölünməsi və get-gedə nisbi müstəqillik qazanmaq istiqamətində inkişaf etməsi ilk olaraq Aristoteldən başlamışdır. Təsadüfi deyil ki, orta əsrlərdə də bir mənbənin digərlərini kölgələməsinə imkan yaradan fəlsəfi cərəyanların mərkəz nöqtəsində məhz Aristotel təlimi durmuşdur. Buraya nümunə olaraq həm xristian, həm də islam aləmində yaranmış fəlsəfi məktəbləri göstərmək olar. Onu da əlavə edək ki, məhz məktəblərin müstəqilləşməsinin nəticəsidir ki, din və elm bir-birindən sürətlə əks qütblərə çəkilmiş, aralarında ziddiyyətlər, barışmazlıqlar artmışdır.

Orta əsrlər və Yeni Dövr Orta əsrlərdə səmavi dinlərin nazil olması və hakim ideologiya səviyyəsinə qalxması nəinki İlahi vəhyi ön plana çıxartdı, üstəlik təbiət və insanı da onun bir hissəsinə çevirdi. Bu, bir tərəfdən, onun nüfuzunun artması, digər tərəfdən də, insan və təbiətə yeni bir rakursdan baxış imkanı verməsi ilə əlaqədar idi. Dinlərin nazil olduğu ilk illərdə bu, özünü daha kəskin göstərmişlər. Buna nümunə olaraq ortodoks görüşlü filosofları göstərmək olar.

Bununla belə, ideyanın kəsilməzliyi prinsipinə uyğun olaraq qədim dövrdən başlamış inkişaf xətti orta əsrlərdə də davam etdi. Sadəcə bir fərqlə: ilahi vəhy əsas təməl və baxış bucağını təyin edən əsas meyar idi. Məsələn, öz görüşlərində yeniplatonçuluğa və xristianlığa istinad edən IX əsr fransız filosofu İoann Skott Eriuqena (877) belə hesab edir ki, "dünyanın inkişafı Allahdan başlayıb yenə Allaha qayıdan bir dairəvi hərəkətdir. Tanrının yaratması ilə başlayan bu inkişafda özü yaradılmamış və yaradan təbiət olan İlahi Ruh mərhələ-mərhələ axır… Beləcə təbiətdə üç bölmə var: Tanrı, ideyalar, ayrı-ayrı şeylər" (23, 141–142). Tanrının özünü dərk edilməz hesab etsə də, filosof Oğul və Müqəddəs Ruhu Onun dərkinə aparan rəmzlər, təbiəti və bütün varlıqları isə Mütləq Ruhun təzahürü olaraq qəbul etmişdir, yəni insan təbiəti, onda olan ilahi sirləri dərk etməklə Allaha geri dönə bilər.