II Şah Abbas və ya Sultan Məhəmməd Mirzə (30 avqust 1632, Qəzvin – 26 oktyabr 1666, Damğan) — Səfəvi imperiyasının VII hökmdarı. Abbas Səfəvi hökmdarı I Səfi ilə çərkəz kökənli arvadı Anna Xanumun evliliyindən dünyaya gəlmiş, taxta çıxdığı zaman isə yalnız 9 yaşında olmuşdur. Buna görə də, onun adından hakimiyyəti atasının bir zamanlar baş vəziri olmuş Sarı Tağı icra etmişdir. Sarı Tağının naibliyi dönəmində Abbas o zamana qədər məhrum qaldığı əsilzadə təhsili almış, 1645-ci ildə, yəni hələ 15 yaşında ikən Sarı Tağını hakimiyyətdən uzaqlaşdıraraq real hakimiyəti öz əlinə alıb, saray bürökratiyasına öz adamlarını yerləşdirmişdir. Bununla da, onun mütləq monarxiyası başlamışdır.
Abbasın hakimiyyəti dövrü sülh şəraiti və inkişafla xarakterizə edilir. O, bilərəkdən Osmanlı imperiyası ilə müharibədən imtina etmiş, şərq qonşuları olan özbəklərlə dostluq münasibətləri saxlamışdır. O, özünün hərbi bacarıqlarını və nüfuzunu Qəndəhar uğrunda Böyük Moğol imperiyası ilə aparılmış müharibə dövründə sübuta yetirməyi bacarmışdır. Onun istəyi ilə Səfəvi imperiyasının vassalı olan Kartli kralı Rüstəm xan Kaxetini 1648-ci ildə ələ keçirmiş, oranın üsyançı kralı I Teymuraz sürgünə getməyə məcbur olmuşdur. 1651-ci ildə I Teymuraz Rusiya çarlığının yardımı ilə öz taxtını geri qaytarmağa çalışsa da, ruslar Abbasın ordusu ilə yaşanmış münaqişə nəticəsində məğlub edilmişdir. Bu münaqişə 1651–1653-cü illərdə baş vermişdir. Müharibənin əsas hadisəsi Terek çayının Səfəvi torpaqlarına tərəf olan sahillərində inşa edilmiş rus qalalarının sökülməsi olmuşdur. Abbas həmçinin 1659–1660-cı illərdə baş vermiş gürcü üsyanını da yatırmağı bacarmışdır. Üsyan nəticəsində Abbas V Vaxtanqı kral olaraq tanısa da, üsyan rəhbərlərini edam etdirmişdir.
Hakimiyyət dövrünün ortalarından etibarən Abbas ölkəyə əziyyət verən maliyyə böhranı ilə mübarizə aparmağa məcbur qalmışdı. Bu böhran Səfəvi sülaləsinin hakimiyyətinin sonuna qədər davam etdi. Ehtiyatları artırmaq üçün o, görkəmli iqtisadiyyatçı Məhəmməd bəyi vəzifələndirdi. Məhəmməd bəy ona tapşırılan vəzifənin öhtəsindən gələ bilmədi, əksinə vəziyyət daha da pisləşdi. O, Holland Şərqi Hindistan Şirkətindən rüşvətlər alaraq, öz qohum-əqrabasını müxtəlif vəzifələrə təyin etdirdi. 1661-ci ildə Məhəmməd bəy Mirzə Məhəmməd Kəraki ilə əvəz edildi. Mirzə Məhəmməd zəif inzibatçı olmaqla birlikdə, aktiv şəxs də deyildi. O, sarayın daxili məsələlərindən o qədər uzaqlaşdırılmışdı ki, Sam Mirzə adlı şahzadənin varlığından belə xəbərsiz idi, halbuki Sam Mirzə Abbasdan sonra Süleyman adı ilə taxta çıxacaqdı.
Abbas 25 sentyabr 1666-cı ildə vəfat etdi. Bu zaman o, cəmi 34 yaşında idi. Müasir tarixçilər tərəfindən Səfəvilər sülaləsinin sonuncu güclü şahı kimi təsvir edilən o, dövlət işlərinə inadla qayğı göstərməklə atasından və özünün xələflərindən fərqlənirdi. Ədalət duyğusu ilə tanınan Abbası Qərb tarixçiləri və səyyahları tez-tez üsyanlardan azad olan, daxilində səyahət etmək üçün nisbətən təhlükəsiz bir imperiyanı idarə edən mərhəmətli və tolerant bir monarx kimi təsvir etmişdirlər. Bəzi tarixçilər onu atasının əməllərinə bənzər tərzdə yol verdiyi qəddarlığa görə, imperiyada yaşayan yəhudiləri İslamı qəbul etməyə məcbur etməyə görə tənqid edirlər, lakin ümumilikdə onun hakimiyyəti dövrü onun xristianlara qarşı xüsusilə tolerant olduğunu vurğulayırlar. 1722-ci ildə Səfəvilər sülaləsinin süqutundan sonra salnaməçilər onu Səfəvilər dövlətinin tənəzzülünü müvəqqəti olaraq durduran, özünün ölümü ilə birdəfəlik başa çatan firavanlıq, sabitlik və əmin-amanlıq dövrünü yaradan qüdrətli bir hökmdar kimi qeyd edirlər.
Zəmin Səfəvi imperiyasının əsası 1501-ci ildə I İsmayılın Təbriz şəhərini Ağqoyunlulardan alması ilə qoyulmuşdur. Bu hadisədən sonra İsmayıl özünü şah elan etmişdi. Onun 1524-cü ildə ölümündən sonra onun yerinə oğlu I Təhmasib keçdi. Onun hakimiyyəti illərində Osmanlı ilə uzunmüddətli müharibə meydana çıxdı. O, Mesopotamiyada müəyyən bölgələri Osmanlı imperiyasına uduzsa da, atasından miras aldığı imperiyanı süqut etməkdən xilas edə bildi. I Təhmasib mərkəzi hakimiyyəti gücləndirmək üçün Qızılbaşların bir qismi ilə mübarizə apardı. Mərkəzi hakimiyyəti gücləndirmək üçün müəyyən tədbirlər görən I Təhmasib 1576-cı ildə vəfat etdi və onun uzunmüddətli hakimiyyəti dövrü sona çatdı. O, ölümü ərəfəsində özünün 13 oğlundan heç birini varis olaraq seçməmişdi və bu yeni vətəndaş müharibəsinin başlamasına səbəb oldu. Nəticədə Qızılbaş sərkərdələrinin əksəriyyəti tərəfindən dəstəklənən İsmayıl Mirzə özünün qardaşı Heydər Mirzəni məğlub edərək II İsmayıl adı ilə taxta oturdu. Onun hakimiyyəti dövrü iki şeylə yaddaqalan olmuşdur: imperiya ərazisində sünniliyi yenidən bərpa etmək və ya sünniliyə qarşı mövcud siyasəti yumşaldma cəhdləri və yaşadığı psixoloji problem nəticəsində yaranan paranoyanın sülalə üzvlərinin edamları ilə nəticələnməsi. O, 1577-ci ildə qısa zaman hakimiyyətdə olduqdan sonra öldü. Onun ölümünə bacısı Pərixan Xanım və Qızılbaş sərkərdələrinin təşkilatçılığı ilə şaha zəhərli tiryək verilməsinin səbəb olduğu güman edilir.
II İsmayılın yerinə kor qardaşı Məhəmməd Xudabəndə taxta çıxdı. 1578-ci ildə Osmanlı imperiyası zəifləmiş Səfəvi imperiyasına müharibə elan etdi və Qafqazdakı Səfəvi torpaqlarının, hətta bütün Azərbaycanın mühüm bir hissəsini ələ keçirdi. Məhəmməd Xudabəndə 1587-ci ildə taxtdan endirildi və onun yerinə yeniyetmə oğlu Abbas Mirzə taxta çıxdı. I Abbas bir müddət sonra imperiyanın əvvəlki qüdrətini bərpa edə bilməsi üçün genişmiqyaslı islahaltlara başladı. Hərbi sahədən tutmuş iqtisadi-ticarət məsələlərinə qədər əhatə edən bu islahatlar nəticəsində imperiya özünün itirilmiş bütün torpaqlarını geri qaytardı və daha da genişləndi. İmperiyanın iqtisadi vəziyyəti yaxşılaşdırıldı və Avropa ölkələri ilə genişmiqyaslı ticari-siyası əlaqələr formalaşdırıldı. O, amansızlığı ədalətlə birləşdirib, xalqı ilə əlaqə saxlamaqla yanaşı, hakimiyyətinə təhdidlərlə sərt davranırdı. Bütün bu keyfiyyətlər sonda ona Böyük Abbas kimi anılmasına səbəb oldu. thumb|Səfəvi imperiyası I Abbasın hakimiyyəti dövründə özünün ən böyük sərhədləri ilə. thumb|Şah Səfi dövründə itirilən ərazilər (r. 1629 – 1642). I Abbasın yerinə onun nəvəsi Səfi taxta çıxdı. Tənha və passiv bir xarakteri olan Səfi babasının qoyub getdiyi hakimiyyət boşluğunu doldura bilmədi. Onun bürokratlarının əməlləri imperiyanın üsyanlarla boğuşmasına səbəb oldu. Həmçinin I Abbas zamanında başladılmış və Osmanlı imperiyasının ağır şəkildə məğlub edilib Bağdad da daxil olmaqla, Mesopotamiyada böyük ərazilər itirməsi ilə müşayiət edilən müharibəni uğurlu şəkildə davam etdirmək mümkün olmadı. Nəticədə imzalanmış Qəsri-Şirin müqaviləsi ilə Səfəvi imperiyası Bağdad da daxil olmaqla, ələ keçirdiyi əksər bölgələri itirdi.
Öz hakimiyyətini möhkəmləndirmək üçün Səfi taxta təhlükə olaraq gördüyü hər kəsi edam etdirdi. Edam edilənlər içərisinə Səfəvi sülaləsinə mənsub qız şahzadələrin övladları, I Abbasın oğlanları da daxil idi, halbuki Abbasın oğlanları kor edilmişdi və buna görə də, taxta iddia irəli sürə bilməzdilər. Edam dalğası təkcə sülaləsi üzvləri ilə məhdudlaşmadı və imperiyanın aparıcı şəxslərini də əhatə etməyə başladı. Səfinin qəddarlığıa misal olaraq 20 fevral 1632-ci ili və ya Məbəs günündə baş verdiyinə Qanlı Məbəs gününü göstərmək mümkündür. Bu tarixdə hərəmdə olan 40 qadın ölümə məhkum edildi. Bundan sonra Mirzə Talıb xan da edam edildi və onun yerinə Mirzə Məhəmməd Tağı xan bu vəzifəyə təyin edildi.
Xacə olduğu üçün Sarı Tağının şah hərəminə daxil olma imkanı var idi. Bundan yararlanaraq o, şahın kənizləri ilə münasibətlər qurmağa müvəffəq olmuşdu. O, Səfiyə təsir göstərərək onu Fars əyalətini şaha aid olan xassə torpaqlarına birləşdirməyə inandıra bildi. O, bütün səltənətdə, xüsusən də İsfahanın erməni əhalisinə ağır vergilər qoydu və Gilanın əvvəlki valisinin gəlir mənbəyini araşdırdı. O, acgöz kimi təsvir edilməklə birlikdə, Qərb müşahidəçiləri tərəfindən rüşvət almaqda ittiham edilmişdir. 1634-cü ildə Sarı Tağı öz qardaşı Məhəmməd Saleh bəyin Mazandaran valisi olmasına nail oldu. Bu təyinat Mazandaranın yerli elit ailəsi olan və Səfəvi sülaləsi ilə qohumluğa malik seyid nəsli Maraşilərin mənafeyinə zidd addım idi. Buna baxmayaraq, Sarı Tağının ailəsi vilayətin idarəetməsini Səfinin hakimiyyətinin sonuna qədər əlində tutmağı bacardı.
Səfi 12 may 1642-ci ildə davamlı spirtli içki qəbuluna görə vəfat etdi və imperiyanı özünün miras aldığından daha kiçik ölçüdə xələfinə miras kimi ötürdü. Zəif təfəkkürlü, xarizmatik xarakterə malik olmayan Səfi Səfəvi imperiyasının tənəzzül dönəminin xüsusiyyətlərindən olan bir çox problemlərlə üzləşdi, onlardan biri də vəliəhdi hakimiyyətə hazırlamaması idi. O, Qızılbaşları hakimiyyətdən uzaqlaşdırdı və onların əvəzində xacələrin, qulamların, kənizlərin koalisiyasına arxalandı. Bu koalisiya onun hakimiyyətinin son on ilində sarayı idarə etdi.
Taxta çıxması Holland Şərqi Hindistan Şirkətinin hesabatına görə II Abbas Sultan Məhəmməd Mirzə adı ilə 30 avqust 1632-ci ildə dünyaya gəlmişdir. I Səfi ilə Anna Xanumun ən böyük oğlu olan Abbas şahlıq hərəmində qadınlar və xacələrlə əhatələnmiş şəkildə böyümüş, ona müəllimliyi Rəcəb Əli Təbrizi etmişdir. Anası olan mərkəz kəniz hərəmdə müəyyən siyasi mövqe qazanmış və şaha oğul varis dünyaya gətirdiyi üçün digər adsız kənizlərdən fərqlənmişdir. Sarı Tağı Anna Xanumla əlaqələrə malik idi. Jan Şarden kimi səyyahlarında müşahidə edə bildiyi kimi, Abbasın taxta çıxmasından sonra da bu əlaqələr davam etmiş və Anna Xanum Sarı Tağı vasitəsiylə hakimiyyəti idarə etmişdir. Səfi Məhəmməd Mirzə (yəni II Abbas) və digər oğullarını kor etmək istəyirdi, lakin vəzifəsi şahzadələri kor etmək olan bir xacə Məhəmməd Mirzəyə olan rəğbətinə görə onu kor etməmiş, o da özünü korluğa qoyaraq görmə qabiliyyətini davam etdirməyi bacarmışdır. O, bu aldatmanı atasının hakimiyyətinin sonuna qədər davam etdirmişdir. Bu aldatma onun on yaşında niyə hələ də savadsız olduğunu qismən izah edir.
15 may 1642-ci ildə 9 yaş yarımlıq olan azyaşlı şahzadə Səfinin ölümündən keçən 4 gündən və Sarı Tağı tərəfindən həyata keçirilən dövlət şurasından sonra taxta çıxdı. Özünün cülus mərasimində Məhəmməd Mirzə şahlıq adı olaraq Abbas adını götürdüyünü evə öz təbəələrinin 500.000 tümənlik vergi borcunu bağışladığını elan etdi. Həmçinin spirtli içkilərin qadağan edildiyi də elanlar arasında idi. Hakimiyyət dəyişikliyi zamanı güclü fiqur olan Sarı Tağı öz nüfuzunu qoruyub saxlamağı bacardı və Səfi dövründən qalmış güclü rəqiblərindən biri olan Rüstəm bəy kimi şəxsləri ortadan qaldırmağa nail oldu. Bu zamana qədər təhsil almaqdan məhrum olmuş Abbası təhsil alması üçün Qəzvinə göndərdilər. O, burada əldə etdiyi biliklər sayəsində tez bir zamanda dini mətnləri oxumağı bacardı. Yeni şahın teologiyaya olan marağı ömrünün sonuna qədər davam etdi. Bu marağın qaynağı əl-Kafinin yeni tərcüməsini oxumuş olması ola bilər. Bu təhsil yönləri yanaşı, yeni şah at sürmək, cövkən oynamaq, ox atmaq və digər süvari oyunlarını da öyrəndi.
II Şah Abbasın hakimiyyətə gəlişindən bir il keçikdən sonra o, paytaxt İsfahana doğru irəliləməyə başladı. Bu zaman Səfəvi ordusunun güclü generallarından olan gürcü əsilli Azərbaycan bəylərbəyi Rüstəm xan üsyan qaldırdı, lakin Sarı Tağı xanın təşkil etdiyi sui-qəsd nəticəsində Məşhəd şəhərində öldürüldü.