Qismət Qənimət oğlu İbrahimov () — Azərbaycan rabitəçisi, telekommunikasiya və informasiya-kommunikasiya texnologiyaları üzrə mühəndis, texnika üzrə fəlsəfə doktoru, dosent, rabitə ustası (2011).

Həyatı Qismət Qənimət oğlu İbrahimov 2 iyul 1966-cı ildə Füzuli rayonunun Gecəgözlü kəndində anadan olmuşdur. 1973–1983-cü illərdə Gecəgözlü kənd orta məktəbində təhsil almış, 1983–1988-ci illərdə isə Moskva Rabitə və İnformatika Texniki Universitetində "Rabitə müəssisələrinin avtomatlaşdırılması" ixtisası üzrə ali təhsil almış və universiteti fərqlənmə diplomu ilə bitirmişdir.

Əmək fəaliyyətinə 1988-ci ildə təyinatla göndərildiyi Azərbaycan SSR Rabitə Nazirliyinin "Bakı Poçtamtı" müəssisəsində 2-ci dərəcəli elektromontyor vəzifəsində başlamışdır. 1989-cu ildə Dövrü Mətbuatın Ekspedisiya Mərkəzində 6-cı dərəcəli çilingər, altı ay sonra isə mərkəzin böyük mühəndisi vəzifəsində çalışmışdır. Burada elektron hesablama avadanlıqları əsasında avtomatlaşdırılmış iş yerlərinin yaradılmasında iştirak etmişdir. Bu sahədə gördüyü işlər haqqında Moskvada dərc olunan "Vestnik Svyazi" jurnalında "Автоматизированное рабочее место для цеха экспедирования печати" adlı məqaləsi dərc edilmişdir. 1990–1993-cü illərdə Bakı Poçt Rabitəsi İstehsalat Birliyinin Avtomatlaşdırma və Mexanikləşdirmə İdarəsinin rəisi olmuşdur.

1993–1994-cü illərdə Pakistanın İslamabad şəhərində Milli Müasir Dillər Universitetində "İngilis dili və diplomatik münasibətlər" ixtisası üzrə birillik kurs keçmişdir. 1994-cü ildə Azərbaycan Respublikası Rabitə Nazirliyinin Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzinin direktor müavini, 1998-ci ildə isə həmin mərkəzin baş direktoru təyin edilmiş və 2004-cü ilədək bu vəzifədə çalışmışdır. Mərkəzdə çalışdığı 1994–2004-cü illərdə Azərbaycan Respublikasının beynəlxalq peyk telefon rabitəsi kanallarının yaradılmasında, "Trans-Asiya–Avropa" beynəlxalq fiber-optik kabel magistralının Azərbaycan seqmentlərinin layihələndirilməsində və 2000-ci ildə beynəlxalq fiber-optik kabel magistralının Azərbaycan seqmentlərinin çəkilərək istismara verilməsində yaxından iştirak etmişdir.

1998-ci ildə Qismət İbrahimov ABŞ-nin Minneapolis şəhərində keçirilmiş Beynəlxalq Telekommunikasiya İttifaqının Səlahiyyətli Konfransında Azərbaycan Respublikasını təmsil etmiş və konfransın Yekun Aktını Azərbaycan Respublikası adından imzalamışdır. Müxtəlif illərdə beynəlxalq telekommunikasiya tədbirlərində Azərbaycan Respublikasının rabitə administrasiyasını təmsil etmişdir.

1999–2000-ci illərdə Qismət İbrahimov Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasında "Strateji araşdırmalar və dövlət müdafiəsinin idarə olunması" ixtisası üzrə kurs keçmiş və ehtiyatda olan polkovnik rütbəsinə layiq görülmüşdür. 2004–2007-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasının dissertantı olmuş, Ali Attestasiya Komissiyasının 17 iyul 2007-ci il tarixli qərarı ilə texnika elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.

2004-cü ildə Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyində fəaliyyətə başlamış, həmin il "TransEvroKom" MMC telekommunikasiya şirkətinin yaradılmasında iştirak etmişdir. 15 iyun 2004-cü ildən şirkətin baş direktorudur. "TransEvroKom" MMC-nin baş direktoru kimi 2004-cü ildən bu günədək fəaliyyət göstərdiyi dövrdə Azərbaycan Dəmir Yollarının Bakı–Ağstafa dəmiryol magistralı boyunca yerləşən yaşayış məntəqələrində müasir telekommunikasiya xidmətlərinin (şəhər telefon rabitəsi, optik internet, rəqəmsal kanalların təşkili) göstərilməsi üzrə layihələrin həyata keçirilməsində yaxından iştirak etmişdir.

Qismət İbrahimov telekommunikasiya sahəsində iki ixtira patentinin, ali məktəblər üçün iki dərsliyin və Azərbaycanda, eləcə də xarici ölkələrdə dərc edilmiş 25-ə yaxın elmi əsərin müəllifidir. Onun telekommunikasiya şəbəkələri və beynəlxalq rabitə əlaqələri ilə bağlı elmi və publisistik məqalələri dərc edilmişdir.

21 yanvar 2011-ci ildə "Rabitə ustası" fəxri adına layiq görülmüşdür.

İngilis və rus dillərini sərbəst bilir. Ailəlidir, iki övladı var.

İstinadlar

Kateqoriya:Azərbaycan mühəndisləri Kateqoriya:Texnika elmləri üzrə fəlsəfə doktorları