Şıxlinski Hacı Məmmədtağı oğlu (1952, Qazax rayonu – 18 aprel 2020) — biologiya elmləri doktoru, alim.

Həyatı və elmi fəaliyyəti Hacı Məmmədtağı oğlu Şıxlinski 1952-ci ildə Qazax rayonunda anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra V. İ. Lenin adına (indiki N. Tusi adına) Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Biologiya fakültəsinə daxil olmuş və 1979-cu ildə oranı bitirmişdir.

1979–1982-ci illərdə təyinatla Quba rayonunun Çiçi kəndində biologiya-kimya fənlərindən dərs demişdir. 1983-cü ildə AMEA-nın Genetika və Seleksiya İnstitutunda əyani aspiranturaya daxil olmuşdur. 1990-cı ildə Tbilisi şəhərində “Azərbaycan SSR şəraitində üzümün rayonlaşdırılmış sortlarının və yeni seleksiya formalarının filloksera və göbələk xəstəliklərinə davamlılığı” mövzusunda dissertasiya müdafiə edərək biologiya elmləri namizədi alimlik dərəcəsi almışdır.

1992-ci ildən “Bitkilərin mühafizəsi” laboratoriyasına rəhbərlik etmişdir. 2007-ci ildə dosent vəzifəsinə seçilmişdir.

2001-ci ildə “Üzüm fillokserası və kökçürüdücü mikroorqanizmlər”, 2004-cü ildə “Üzümün xəstəlikləri, zərərvericiləri və onlarla mübarizə üsulları”, 2008-ci ildə isə “Meyvə-giləmeyvə bitkilərinin xəstəlikləri, zərərvericiləri və onlarla mübarizə üsulları” adlı monoqrafiyaları nəşr edilmişdir.

Şıxlinski 228 elmi əsərin müəllifi olmuşdur. Onun elmi əsərləri Azərbaycanla yanaşı Türkiyə, ABŞ, Yunanıstan, Hindistan, İran, İtaliya, Belçika, Polşa və digər ölkələrdə nəşr olunmuşdur. Bir sıra beynəlxalq konfrans, simpozium və konqreslərdə çıxış etmişdir.

2011-ci ildə “Filloksera ilə zədələnmiş müxtəlif üzüm sortlarının köklərində mikroorqanizmlərin öyrənilməsi və kompleksdavamlı formaların aşkar edilməsi” mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş və 2013-cü ildə “Mikrobiologiya” və “Genetika” ixtisasları üzrə biologiya elmləri doktoru elmi dərəcəsi almışdır.

Bir sıra monoqrafiyaların elmi redaktorlarından biri olmuşdur. Bunlar “Azərbaycanın aborigen və introduksiya olunmuş üzüm sortları” (2008), “Azərbaycanda üzümçülük” (2010), “Azərbaycanın üzüm sortları” (2012) və “Təcrübəvi mutagenez və hibridləşmə yolu ilə orta lifli pambıqların yeni formalarının yaradılması” (2012) adlı əsərlərdir. Bir nəfər biologiya elmləri namizədi hazırlamışdır.

AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun İmmunogenetika şöbəsinin müdiri vəzifəsində çalışmışdır.

18 aprel 2020-ci ildə vəfat etmişdir.

İstinadlar