Nadir xanın Qərbi İrana və Azərbaycana yürüşü — Nadirin komananlığı altındakı Səfəvi ordusunun əfqanlar üzərində qələbə qazanmasından sonra özünün ən güclü rəqibinə qarşı - Osmanlı imperiyasına qarşı ilk böyük yürüşüdür. Yürüş nəticəsində Nadir özünün fəth qabiliyyətini sübut etdi, onun uğuru altında öz nüfuzunu yüksəltməyə çalışan II Təhmasibin 1731-ci ildə məğlub olması Nadirin şərqdən qəzəblə geri dönməsinə və onu kiçik oğlu Abbas Mirzənin xeyrinə taxtdan imtina etməyə məcbur etməsinə yol açdı.
Osmanlı işğalı 1722-ci ildə əfqanların üsyan qaldıraraq Gülnabad döyüşündə qələbə qazanaraq Səfəvi imperiyasının paytaxtı İsfahanı 6 aylıq mühasirədən sonra ələ keçirməsi dövlətin daxilində böyük çaxnaçmalara səbəb oldu. Bundan istifadə edən Osmanlı imperiyası Səfəvi imperiyasının qərb torpaqlarına müdaxilə etdilər. Osmanlı imperiyası ilə birlikdə, Çar Rusiyası da Səfəvi imperiyasının şimal torpaqlarına hərbi müdaxiləyə başladılar. Nəticədə imperiyanın qərb torpaqlarını ələ keçirən Osmanlı imperiyası İstanbul müqaviləsi ilə Qafqazı Rusiya ilə öz arasında paylaşdırmağa razı oldu.
İsfahanda Səfəvi taxtına əyləşən Hotaki əfqanlarının hökmdarı Mir Mahmud Hotaki çevrilişlə öz əmisinin oğlu Əşrəflə əvəzləndi. Osmanlının qərbə doğru daha çox genişlənməsini dayandırmaq üçün Əşrəf onların üzərinə yürüşə çıxdı və bir çoxlarının təəccübünə səbəb olacaq şəkildə onları məğlub etməyi bacardı. Daha sonrakı diplomatik münasibətlər nəticəsində Osmanlı imperiyasının Əşrəfi yeni şah kimi tanıması müqabilində, Əşrəf də onların Qərbi İranda və Qafqazda ələ keçirdiyi bölgələrin Osmanlı mülkü kimi tanıdı.
Nadir və Əşrəf arasında qızışan mübarizənin sonunda ölkənin taleyinə aydınlıq gətiriləcəkdi. II Təhmasib hələ İsfahanın mühasirəsi zamanı qaçıb özünü şah elan etsə də, əsl hakimiyyət onun baş sərkərdəsi Nadir xanın əlində cəmləşmişdi. Nadirlə Əşrəf arasındakı mübarizədə Osmanlı imperiyası ağıllı taktika seçərək Əşrəfi dəstəkləyirdi. Çünki məlum idi ki, istedadlı sərkərdə olan Nadir qələbə qazanacağı halda dövlətin qərb torpaqlaının Osmanlı tərəfindən işğal edilməsi faktı ilə barışmayacaqdı. Osmanlının geniş dəstəyinə baxmayaraq Nadir əfqan qüvvələrini darmadağın etməyi bacardı və II Təhmasibin nominal hökmdarlığı altında İsfahanda Səfəvi taxt-tacı yenidən bərqərar edildi. İstanbulun qorxuları reallaşmağa başaldı və Nadir itirilmiş torpaqların azad edilməsinə başladı. Təxminən 10 ilə yaxındır ki imperiyanın qərb torpaqlarını ələ keçirmiş Osmanlı imperiyası bu bölgələrdə xeyli dərəcədə möhkəmlənmiş və yeni yaxınlaşan müharibəyə hazırlaşmışdı.
Nadirin Nəhavənd yürüşü Şiraz şəhəri əfqanların işğalından azad ediləndən sonra Nadir bir müddət orada qaldı və Novruz bayramını da orada qarşıladı. Bir tərəfdən havaların hələ soyuq olması, bir tərəfdən də qoşunların yorğunluğu Nadiri məcbur etdi ki, osmanlılara qarşı müharibəni təxirə salsın. Bu müddət ərzində isə o, qoşunların sıralarının bərpası, təchizat məsələlərinin həll edilməsi ilə məşğul oldu. Əşrəf üzərində əldə edilmiş qələbədən sonra yaranan fürsətdən Nadir istifadə etdi və qoşunlara da istirahət verdi. “Aləm Ara-ye Naderi”nin məlumatına görə, Nadir Şirazda olarkən Azərbaycan və Həmədan əhalisinin nümayəndələri onun yanına gəldilər və Osmanlı qoşunlarının nəzarəti altında olmalarından əziyyət çəkdiklərini söylədilər. Nümayəndələr bildirdilər ki, Nadirin zəfərlərindən xəbər tutan yerli əhali həsrətlə onun gəlməsini gözləyirlər. Mənbədə o da göstərilir ki, Nadir bu xəbəri eşidəndən sonra öz sərkərdələrinə, minbaşılarına hərbi yürüşə hazırlıq başlamaq haqqında göstəriş verdi.
9 mart 1730-cu ildə Səfəvi ordusu Şirazdan çıxaraq Novruz bayramını təmtəraqlı şəkildə qeyd etdilər. Bayram şənlikləri zamanı Nadir qərbdə işğal edilmiş torpaqları azad etmək üçün yürüşə başlayacağını elan etdi.
Yol boyunca Həmədandakı Osmanlı elçisi iıə yazışan Nadir onlardan geri çəkilmələrini və bölgəni qanuni hökmdara təhvil vermələrini tələb edir, əks halda əmudla Osmanlı ordusunu dız çökdürəcəyini bildirirdi. Onun təklifləri rədd edildi və Osman paşa Fərrux paşaya 14 minlik qoşunla Nəhavəndə getməsini əmr etdi. Verilən tapşırığa əsasən Fərrux paşa Nəhavəndə üz tutmalı və orada Nadirin qoşunlarının irəliləməsinin qarşısını saxlamalı idi. Nadirin qoşununun üstün olacağı təqdirdə Fərrux paşa müdafiəyə çəkilib Osmanlı qoşunlarının əlavə yardımını gözləməli idi. Mənbələrdə verilən məlumata görə Nadirin ordusu güclü olardısa geri çəkilmə əmri alan Fərrux paşa bunu özünə qarşı hörmətsizlik kimi qiymətləndirmişdi. Onun fikrincə, Nadirin ordusunu məğlub etmək onun üçün çox asan olacaqdı. “Aləm Ara-ye Naderi”yə görə, Osman paşa ilə Fərrux paşa arasında olan söhbətdən Nadir çox qəzəbləndi və böyük bir qətiyyətlə osmanlılarla döyüşməyə üz tutdu. Onun düşərgəsi Borucərddə qaldı və adlı-sanlı sərkərdələri olan Təhmasib xan Cəlayiri, Həsən xanı, Hacı Seyfəddin xan Bayatı və başqalarını düşərgənin mühafizəsinə təyin etdi. Osmanlı qoşunları yaxınlaşanda Nadir onu əhatə etməyi tapşırdı. Osmanlı qoşunları qısa zaman ərzində əhatəyə alındı. Cəzayirçilərin və tüfəngdarların atəşi osmanlılara ilk itkiləri yetirdi. Onların ardınca isə süvarilər sürətli hücuma qoşuldular və osmanlılara vurulan itkiləri daha da artırdılar. Mənbədə mövcud olan məlumata görə, osmanlıların laqeydliyi və sayıqlığı itirmələri onların məğlubiyyətinə gətirdi. Sonra bildirilir ki, bu sayıqlığı əldən vermiş Fərrux paşa isə əsir götürüldü. Amma Nadir onu öldürmədi. Bir neçə gündən sonra Osman paşaya yazdığı məktubla onu Həmədana yola saldı.
Beləliklə, Osmanlının əlində olan Nahavəndə Luristan bölgəsi vasitəsiylə çatan və Osmanlı ordusunu məğlub edən Nadirin qarşısından onlar Həmədana doğru geri çəkildi. Onların məqsədi burada yenidən qruplaşaraq Həmədanın Nadirin əlinə keçməsinə icazə verməmək idi. Buna görə də, onlar qızılbaş hücumunu durdurmaq ümidi ilə Malayer adlanan bölgədə döyüşə atıldılar.
Malayer döyüşü və nəticəsi Osman paşa daha bir döyüşə hazırlıq əmri verdi. Eyni zamanda ətrafdakı Osmanlı qarnizonlarına da əmr göndərdi ki, yaxın günlərdə öz qüvvələri ilə Həmədan ətrafında toplaşsınlar və Nadir üzərinə birgə hücumda iştirak etsinlər. Hücumun uğurla başa çatdırılması üçün Osman paşa çoxlu sayda topun da döyüşə hazırlaşdırılmasını tapşırdı. Çox tezliklə Osman paşaya kömək yetişdi. Teymur paşa və digərlərinin rəhbərliyi altında daha 30 min qoşunun Osman paşaya birləşdiyi göstərilir. Nadir də öz gücləndirilmiş qoşunları ilə Malayer düzünə gəldi və burada döyüşqabağı mövqe tutdu.
Orduların düzülüşü İndi Nadir həm say, həm də bölmələrin taktiki-texniki xüsusiyyətləri baxımından öz ordusuna bənzəyən bir rəqiblə qarşılaşmışdı.
Hər iki tərəfin qoşunu üç böyük dəstədə qruplaşdırıldı: Mərkəz, sağ və sol cinahlar. Osman paşa qoşunların cinahlarını təcrübəli sərkərdələrinə tapşırdı: Teymur paşa, Cəlal paşa və Həsənoğlu qoşun dəstələrinin rəhbərləri təyin edildilər. Onun özü isə mərkəzdə qərar tutdu. Toplar da mərkəzdə yerləşdirildi. Bundan başqa, Osman paşa əmr etdi ki, yük daşıyan bütün dəvələri qoşunların arxasına toplasınlar, onların hamısını kəndir və zəncirlərlə bir-birinə bağlasınlar ki, Osmanlı döyüşçüləri qorxub geri qaçmaq istəsə dəvələrin sırası ilə üzləşib yenidən döyüş meydanına qayıtsınlar. Nadir sağ və sol cinahları Təhmasib xan Cəlayirə, Rzaqulu bəy Çeşmgəzəkə və Hacı Seyfəddin xan Bayata tapşırdı, mərkəzə rəhbərliyi isə öz üzərinə götürdü.
Döyüş 30 minlik Osmanlı ordusu qarşısında 25 minlik qızılbaş ordusu var idi. Osmanlı ordusu bu vaxta qədər Nadirin ordusunun qarşılaşdığı bütün rəqiblərdən fərqli xüsusiyyətlrəə sahib idi. Nadirin bu zaman qədər qarşılaşdığı bütün rəqiblər piyada və artilleriya qüvvələrində yoxsun idi, bunun qarşılığında isə onlar əla dağ süvari döyüşçüləri idilər. Bircə Murçexort döyüşündə əfqanlarda bu qoşun növləri mövcud idi.
Osmanlılar özlərini vadi boyunca uzanan dərəyə paralel olaraq düzmüşdülər. Bir-birinə doğru irəliləyən iki ordu tüfəng atışı məsafəsi qədər yaxınlaşdıqda tüfənglərin və topların atışından hər tərəf tüstüyə qərq oldu. Tüstü tədricən Nadirin ordusunu görünməz etdiyi zaman o, risk alaraq öz sağ cinahını daha da gücləndirdi və təhlükəli bir planı həyata keçirməyə başladı. Həmçinin döyüş zaman ordusunda ruh düşkünlüyünün yarandığını hiss edən Nadir 3 minlik seçmə dəstəsi ilə əlində əmud döyüşün ən sərt keçdiyi yerə girmiş və döyüşçülərinin geri çəkilməsinin qarşısını ala bilmişdir.
Nadir anidən öz sağ cinahna Osmanlının sol cinahına doğru hücuma keçmə əmri verdi. Tüstü dumanın altından qəflətən Səfəvi ordusunun üstlərinə hücuma keçdiyini görən Osmanlı ordusunun sol cinahı arasında çaxnaşma yarandı. Osmanlının bir neçə saat ərzində öz sol cinahını qurtarmaq üçün etdiyi cəhdlər fayda vermədi. Bu əsnada Osmanlı ordusunun baş sancaqdarının öldürülməsi Osmanlı ordusunun döyüş əzminin daha da qırılmasına səbəb oldu.
Osman paşa, Teymur paşa və digər sərkərdələr nə qədər cəhd göstərsələr də irəliləməyin mümkünsüz olduğunu və getdikcə daha ciddi itkilərin verildiyinin şahidi oldular. Döyüşün məğlubiyyətə apardığını görən Osman paşa döyüşdən çıxmağı qərara aldı. Onun ardınca Teymur paşa da döyüş meydanından geri çəkildi. Sərkərdələrin bu qərarı qoşunlar arasında bir vahimə yaratdı. Az sonra Osmanlı qoşunları kütləvi şəkildə döyüş meydanını tərk etmək yolunu tutdu. Amma arxada bir-birinə zəncirlənmiş dəvələr sırasına ilişəndə onları təqib edən Nadir döyüşçüləri tərəfindən daha ağır zərbə aldılar. Bu da osmanlıların itkilərini xeyli artırdı.
Geri dönüb qaçmağa başlayan Osmanlı ordusunun bir çox döyüşçüsü onları təqib edən süvarilər tərəfindən ya qətlə yetirildi, ya da əsir götürüldülər. Bu böyük qələbə Nadirin ordusu üçün Həmədana gedən yolun açılmasına səbəb oldu.
Həmədanın azad edilməsi Həmədanı orada əsir olaraq saxlanılan 10 min qızılbaş döyüşçüylə birlikdə azad edildi.. 1730-cu il iyun ayının ortalarında Həmədana daxil olan Nadir Osmanlı ordusundan orada qalmış olan toplar, döyüş təchizatı və müxtəlif əşyalar qənimət olaraq ələ keçirdi.
Kirmanşahın azad edilməsi Nadirin qoşunları ilə Həmədana daxil olması xəbərini eşidən Sənəndəcdəki Osmanlı qarnizonunun rəhbəri də oranı tərk etməyi qərara aldı. Bununla, Sənəndəc də döyüşsüz və müqavimətsiz Osmanlı qüvvələri tərəfindən tərk edildi. Belə olanda, Nadir diqqətini Kirmanşaha çevirdi. Yaxınlıqdakı böyük məntəqələr arasında Kirmanşah hələ də Osmanlı qüvvələrinin nəzarəti altında qalmaqda idi. Bu şəhərin geri qaytarılması məqsədilə Nadir, Hüseynqulu xan Zəngənəyə müvafiq tapşırıq verdi. Hüseynqulu xan dəstəsi ilə Kirmanşaha yollandı. Kirmanşah hakimi təyin edilmiş Həsən paşa şəhərin iki fəsəngliyində, dağlıq ərazidə əlverişli müdafiə mövqeləri tutaraq Hüseynqulu xanın dəstəsinin qarşısını kəsdi. Hüseynqulu xan rastlaşdığı müqaviməti nəinki qıra bilmədi, hətta ağır zərbə alaraq geri çəkilmək məcburiyyətində qaldı. Xəbər Nadirə çatan kimi Kermanşaha doğru hərəkət etmək əmri verdi. O, qüvvələrinin bir hissəsini öncədən yola saldı, özü isə sonradan onların arxasınca hərəkətə başladı. Həsən paşa eşidəndə ki, Nadir qüvvələri ilə Hüseynqulu xanın köməyinə gəlir, bütün topları, hərbi təchizatı Kirmanşahda tərk edib Bağdada çəkildi. Bununla da, ikinci cəhddə Kirmanşah da Osmanlı qoşunlarından təmizləndi.
Cənubi Azərbaycanın azad edilməsi
Marağanın azad edilməsi