Qalınçaq — Azərbaycan Respublikasının İsmayıllı rayonunun Qalınçaq kənd inzibati ərazi dairəsində kənd. Kənd bələdiyyəsi üç kəndi əhatə edir: Göytəpə, Xanagah və Qalınçaq kəndləri.
Rayon mərkəzindən 14 km şimal qərbdə İsmayıllı–Qəbələ yolu kənarında, Ax–ox çayın sol sahilində, dağ ətəyində yerləşir. Əhalisi bağçılıq, tütünçülük, baramaçılıq, taxılçılıq və heyvandarlıqla məşğuldur. Kənddə orta məktəb, kitabxana, mədəniyyət evi və tibb məntəqəsi mövcuddur.
Coğrafiyası Qalıncaq kəndi İsmayıllı rayonunun şimal-qərb hissəsində yerləşir.
Tarixi 2015-ci ildə kənd ərazisində illik 1000 ton ət istehsal gücü olan hind quşu fabriki tikilməsi planlaşdırılmışdır. Bu, 450-500 işçi işlə təmin edəcəkdi.
2018-ci ildə İsmayıllı rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Qalıncaq kənd tam orta məktəbinin akt zalında görüş-qəbul keçirmişdir. Görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin İsmayıllıya səfərindən və yeni açılan obyektlərdən danışmışdır. Kənddə içməli su, qaz və enerji təchizatı problemləri həll olunmuşdur. Qalıncaq kəndinə və inzibati ərazi dairəsinə daxil olan Göytəpə və Mücühəftaran kəndlərinə asfalt yol çəkilmişdir. Görüş-qəbul zamanı kənd sakinləri kəndin kənarında yeni tikilmiş evlərə qaz çəkilməsi, Qalıncaq-Xanagah yolunun işlək vəziyyətə gətirilməsi, şirə zavodunun işə salınması, yeni transformator qoyulması və istifadə müddəti başa çatmış elektrik dirəklərinin dəyişdirilməsi kimi xahişlər irəli sürmüşdülər. Bu məsələlərlə əlaqədar aid qurumlara müvafiq tapşırıqlar verilmişdir.
Kənddə "Qalıncaq şəhidləri" abidə kompleksi yerləşir. Bu abidə 1 oktyabr 2022-ci ildə, şəhid Fuad Nəcəfovun ad günündə inşa edilmişdir. Mərasimdə rayon İcra Hakimiyyəti başçı yardımçısı Nahid Bağırov, şəhid ailələri və kənd sakinləri iştirak ediblər. Şagirdlər şeirlər oxumuş, şəhidin ev muzeyi ziyarət olunmuşdur. Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilmiş, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, abidə kompleksinin önünə əklil və gül dəstələri düzülmüşdür.
25 may 2024-cü ildə Qalıncaq meşəbəyliyində (19 saylı dolayında, Sumağallı yaxınlığında) tullantı toplama aksiyası keçirilmişdir. İsmayıllı sakinləri, Ekologiya və Təbii Sərvətlər İdarəsi, Meşə Təsərrüfatı Mərkəzi, Şahdağ Milli Parkı və digər qurumların əməkdaşları burada iştirak etmiş, tullantılar poliqona daşınmışdır. 26 oktyabrda kənd ərazisində qanunsuz ov edən iki şəxs saxlanılmışdır. Onlardan ov tüfəngləri, patronlar və çöl quşları əldə olunmuşdur. Araşdırma aparılır.
Əhalisi Əhalisi 1965 nəfərdir ki, onun da 1004 nəfəri kişi, 961 nəfəri qadındır. Kənd sakinləri intensiv bağçılıqla məşğul olurlar.
Təhsil Qalıncaqda Z. Qarayev adına tam orta məktəb fəaliyyət göstərir. 2018-ci ildə məktəbin yeni binası tikilmişdir və bu, bina təlim və tərbiyənin yüksək nəticəli təşkili üçün optimal şərait yaradır.
İstinadlar
Kateqoriya:İsmayıllı rayonunun kəndləri