Nəcəf Şikar oğlu Şikarov () — Azərbaycan Müdafiə Nazirliyinin Quru Qoşunlarının kapitanı; 2020-ci ildə Qarabağ müharibəsi zamanı Füzulinin azad edilməsi uğrunda gedən döyüş əməliyyatları zamanı şəhid olub, ölümündən sonra "Qarabağ" ordeni ilə təltif edilib.

Tərcümeyi-halı Nəcəf Şikar oğlu Şikarov 1985-ci il, yanvarın 24-də Şamaxı şəhərində anadan olub.

1992–1999-cu illərdə Xətai rayonu 24 nömrəli tam orta məktəbdə təhsil alıb. 1999-cu ildə sənədlərini Cəmşid Naxçivanski adına hərbi liseyə verib və 2002-ci ildə oradan məzun olub. 2002–2006-cı illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Quru Qoşunları fakültəsində təhsil alıb. Azərbaycan Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin "Zabit ixtisas kursu"nu bitirib.

Azərbaycan müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin 20 iyun 2006-cı il tarixli əmri ilə "leytenant" hərbi rütbəsi verilib.

Azərbaycan Silahlı Qüvvələrində xidmət etdiyi 12 il ərzində motoatıcı taqımın komandirin, motoatıcı bölüyün komandiri, motoatıcı tabor komandirinin maddi-texniki təminat üzrə müavini vəzifələrində xidmət edib. 5 aprel 2018-ci ildə ehtiyata buraxılıb.

Müxtəlif illərdə müdafiə nazirinin əmrləri ilə 3-cü dərəcəli "Qüsursuz xidmətə görə" medalı, Azərbaycan Silahlı Qüvvələrinin 90 və 95 illiyi yubiley medalları, habelə fəxri fərmanlarla təltif edilib.

2020-ci il, sentyabrın 27-də başlanan Qarabağ müharibəsi zamanı Hadrutun və Füzulinin azad edilməsi uğrunda gedən döyüş əməliyyatlarına qatılıb. Noyabrın 9-da Füzuli rayonu ərazisində şəhid olub. 2 saylı Şəhidlər Xiyabanında dəfn olunub. Müharibə zamanı xüsusi xidmətləri nəzərə alınaraq "Qarabağ" ordeni ilə, həmçinin "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edilib.

Evli idi. Zinyət və Zəhra adında 2 qızı var.

İstinadlar

Kateqoriya:İkinci Qarabağ müharibəsində Azərbaycan tərəfdən həlak olanlar